Qəzetin işi çətindir, yoxsa yeni vəzifə?

Elçin Hüseynbəyli “Ədəbiyyat”dan istefaya getdi, hərə bir şey danışdı



"Ədəbiyyat” qəzetinin baş redaktoru Elçin Hüseynbəyli tutduğu vəzifədən istefa verib. Elçin Hüseynbəyli istefasını qəzetdə işlərin çoxluğu və yaradıcılıq işlərinə vaxtının az qalması ilə əlaqələndirib.

Lakin E.Hüseynbəylinin istefa xəbəri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəziləri Hüseynbəylinin "Ədəbiyyat” qəzetindən istefasını onun daha yüksək vəzifəyə göndərilməsi ilə əlaqələndirib. Bəzisi isə "Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi ilə Elçin Hüseynbəyli arasında narazılıq olmasa, o istefa verməzdi” deyir.

Qeyd edək ki, Elçin Hüseynbəyli AYB-nin son qurultayından sonra bu vəzifəyə təyin olunmuşdu. Həmin vaxtadək isə "Ulduz” jurnalına rəhbərlik edirdi. Onun istefasından sonra uzun illər qəzetdə baş redaktor müavini vəzifəsində çalışmış Azər Turan "Ədəbiyyat” qəzetinə baş redaktor əvəzi təyin edilib. O, oktyabrın 1-dən etibarən bu vəzifəni icra edir.

Elçin Hüseynbəylinin istefası ilə bağlı rəy aldığımız yazarlar da sadəcə ona uğurlar arzulamaqla kifayətlənib.

Gənc yazar Qan Turalı: "Elçin Hüseynbəyliyə yaradıcılığında uğurlar arzulayıram. Tanrı nə muradı varsa, versin. "AYB ilə aralarında narazılıq olub, sadəcə yaradıcılıq məsələsi deyil” kimi iddialarla bağlı isə heç nə deyə bilmərəm. O iddialara AYB üzvləri cavab verə bilər”.

Digər gənc yazar Cəlil Cavanşir isə bildirib ki, əgər Elçin Hüseynbəyli yaradıcılıqla məşğul olmaq üçün vəzifədən istefa veribsə, bu addımı alqışlayıram: "Məncə, yazıçı vəzifə adamı olmağa can atmamalıdır. Yaradıcılıq üçün azadlıq, rahatlıq lazımdır. Əgər Elçin buna görə istefa veribsə, əhsən! Ancaq bir incə məqam var. Elçin illərlə yaradıcılıqla paralel "Ulduz” jurnalına da

rəhbərlik edib. Mənim üçün bu məqam çox maraqlıdır. Düşünürəm ki, istefanın səbəblərində yaradıcılıq qayğısı dayanmır. Çünki Elçin rəhbər olduğu dövrdə də yazıb-yaradıb. Yaradıcılığını bu illər ərzində düşünməyibsə, deməli indi də səbəb başqadır. Səbəb nə olur olsun, Elçin Hüseynbəyliyə yaradıcılıq uğurları arzulayıram. Yolu açıq olsun!”

Elçin Hüseynbəylinin AYB rəhbərliyi ilə hər hansı bir narazılığını eşitmədiyini vurğulayan C.Cavanşirin sözlərinə görə, AYB rəhbərliyi nə deyibsə, Elçin Hüseynbəyli də "ləbbeyk” deyənlərdən olub: "Hər zaman olduğu təşkilatı, təmsil etdiyi birliyi müdafiə edib. Yəni illərlə AYB-də baş verən haqsızlıqlara, pozuntulara göz yumub, səs çıxarmayıb. İndi hər hansı bir narazılığı varsa, ya şəxsi zəmindədir, ya da hansısa resursların əlindən alınmasıyla bağlıdır. Ümumiyyətlə isə istənilən halda onun "Ədəbiyyat” qəzetinin baş redaktorluğundan imtinası alqışa layiqdir”.

Qəşəm Nəcəfzadə də Elçin Hüseynbəyli ilə AYB rəhbərliyi arasında hər hansı narazılıq faktorunun reallığa uyğun olmadığını deyib: "Düzdür, AYB rəhbərliyində təmsil olunmuram. Sadəcə İdarə Heyətinin üzvüyəm. Ona görə də konkret nəsə deyə bilmərəm. Amma bütün bunları doğru hesab etmirəm. Elçin izahatında da yazıb ki, yaradıcılıqla məşğul olmaq üçün baş redaktorluqdan imtina edib. Onun yüksək vəzifəyə getməsi ilə bağlı yayılan iddialar da həqiqətə uyğun deyil”.

Yazar Şərif Ağayar isə Elçin Hüseynbəylinin sadəcə yaradıcılıqla məşğul olmaq üçün istefa verməsini absurd hesab edir: "Ona çox ehtimal ki, başqa vəzifə veriləcək. Mən tanıdığım Elçin pulu və komfortu sadəcə yaradıcılığa dəyişməz. O, timsah kimi tamahkardır”.

"Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs isə Elçin Hüseynbəylinin AYB ilə heç bir problemi olmadığını deyib: "Əksinə, Elçin həmişə təşkilatın tərəfdarı kimi çıxış edib. Onun "Ədəbiyyat” qəzetindən istefa etməsinin arxasında gizli məqamlar axtarmağa ehtiyac yoxdu. Şəxsən özü mənə deyib ki, redaktorluq yaradıcılığına əngəl törədir”.

Haqqında yayılan məlumatların sadəcə şayiələrdən ibarət olduğunu vurğulayan Elçin Hüseynbəyli nə yüksək vəzifəyə getdiyini, nə də AYB rəhbərliyi ilə arasında ziddiyət olduğunu deyib: "Hansı vəzifəyə? Onu da yazardılar heç olmasa. Qaldı ki Yazıçılar Birliyi ilə münasibətlərimə, heç bir problem yoxdur. Hər şey normaldır. İzahatımda da dediyim kimi sırf yaradıcılıqla məşğul olmaq üçün "Ədəbiyyat” qəzetindən istefa vermək qərarı aldım. "Ulduz” jurnalında baş redaktor olduğum müddətdə paralel olaraq, yaradıcılıqla məşğul olmaq mənim üçün rahat idi. Hər iki işin öhdəsindən gələ bilirdim. Amma qəzetin işi jurnaldakı kimi asan deyil, çox çətindir”.

Şəymən