Qəzetlərdə reklam “qeybə” çəkilib

Niyaz Niftiyev: “Reklam şirkətləri, xüsusən də bu işlə məşğul olan müvafiq qurumlar reklamın yerləşdirilməsi və qiymət məsələlərində milli brendlərə güzəştə getməlidirlər”



Ölkə mətbuatının ən böyük problemlərindən biri də onun reklam bazarının tam formalaşmamasıdır. Bu məsələ dəfələrlə media ekspertləri, qəzet rəhbərləri və hətta dövlət rəsmiləri səviyyəsində müzakirə olunsa da, konkret nəticənin şahidi olmuruq. İndiyə qədər səslənən təkliflər bu problemin aradan qaldırılmasına müsbət təsir göstərə bilmir. Bu səbəbdən ölkə mediasında reklam bazarının durumu qənaətbəxş sayılmır. Çünki dünyanın əksər ölkələrində reklam şirkətləri elektron və çap mətbuatı ilə əməkdaşlıqda maraqlı olduğu halda Azərbaycanda bu iş çox zəif qurulub.

Faktiki olaraq qəzetlər və saytlar reklam bazarında televiziyalara uduzur. Belə olan təqdirdə maraqlı bir sual ortaya çıxır ki, şirkət məhsullarının reklamı üçün qəzet və portallar niyə uyğun sahə sayılmır? Təbii ki, bunu şirkətlərin öz məhsullarının reklama ehtiyacının olmaması və ya şirkətlərin reklam strategiyasının zəifliyi ilə izah etmək sadəlövhlük olardı. Hətta reklam bazarında canlanma yaratmaq məqsədilə xüsusi fondun yaradılması və bu qurum vasitəsilə qəzetlər arasında ədalətli reklam təminatını əks etdirən təkliflər verilsə də, irəliyə doğru addım gözə dəymir. Elə isə, hazırkı KİV bolluğunda qəzet və saytlar reklamlara çıxışı necə əldə etməlidirlər? Sualımızı cavablandıran "Azadinform” İnformasiya Agentliyinin Baş redaktoru Niyaz Niftiyev "Şərq”ə müsahibəsində bildirdi ki, Azərbaycan mediasının reklamdan başqa problemi yoxdur. Onun sözlərinə görə, milli şirkətlər çoxaldıqca, iqtisadiyyat daha da inkişaf etdikcə, medianın da reklam problemləri həllini tapacaq: "Əlbəttə, problemin bizdən asılı olan və olmayan tərəfləri var. Əvvəla, şirkətlər reklam büdcələrindən düzgün istifadə etmirlər. Həmçinin kreativlikdən çəkinirlər. Düşünürəm ki, bu da ölkəmizdə reklam və PR-ın ayrıca ixtisas olaraq tədris edilməməsi ilə əlaqədardır. Dövlət qurumları və şirkətlərin ictimai əlaqələr şöbələrində çalışanların əksəriyyəti başqa sahədə təhsil alanlardır ki, bu da mövcud çatışmazlıqlara yol açır. Bu sahəyə yiyələnmək istəyənlər xaricdə təhsil almaq məcburiyyətində qalırlar. Problemdən çıxış yolu kimi, ölkəmizdə PR ayrıca ixtisas olaraq tədris olunmalıdır. Bu sahədə böyük boşluqlar olduğu üçün gənclərin şansı çox böyükdür. Onlar üçün böyük və geniş meydan mövcuddur. Sadəcə fürsəti yaxalamaq lazımdır. Digər problem düzgün media planlamasının aparılmamasıdır. Yəni reklamçının mesajını hədəf qruplara çatdırmaq fürsətidir. Amma gəlin monitorinq aparaq və görək media planlaması aparan neçə şirkətimiz var? Onu da bildirim ki, tanınmış media qurumuna reklam vermək heç də reklamın nəticəsinin müsbət olacağından xəbər vermir. Çünki həmin media orqanı nə qədər tanınmış olsa belə, onun oxucuları sənin hədəf bildiyin şəxslər olmaya da bilərlər.

- Ekspertlər hesab edir ki, daha çox çap mətbuatı bu problemi yaşayır.

- Əlbəttə, hazırda klassik medianın durumunu izləyəndə ekspertlərin haqsız olmadığını görürük. Etiraf edək ki, televiziyalarda reklamlar kifayət qədərdir. Baxmayaraq ki, reklamların səviyyəsi ürəkaçan olmasa da, yenə də var. Qəzetlər isə çox geri qalıblar. Bu da daha çox bazarla bağlı olan məsələdir. Reklam bazarının zəif inkişafı KİV-də reklam məsələsinə bu və ya digər mənada təsir göstərir. Əvvəllər qəzetlər üçün xarakterik olan "mövsümi reklam”lar - xarici və yerli universitetlərə qəbulla bağlı reklamlar, şirkətlərin bayramlarda təbrikləri olurdu, indi onlar da "qeybə” çəkilib. İndi daha çox şadlıq evləri, özəl tibbi klinikalar, dərman preparatları reklam olunur, bu reklamvericiləri də yollarını qəzetlərdən salmır, görüntüyə meyl edirlər.

- Niyə qəzetlərə reklam verilmir və yaxud da qəzetlər reklam siyasətini necə qurmalıdır?

- Mütəmadi olaraq bir çox böyük şirkətlərlə əlaqə yaradır, reklam olunmalarını təklif edirik. Buna rəğmən onlar küçə və TV reklamlarına daha çox üstünlük verdiklərini bildirirlər. Qeyd edirlər ki, qəzet və yaxud da internet mediada reklam məhsulların satışına güclü impuls vermir. Əlbəttə, bu onların yanaşmasıdır. Amma biz dünya təcrübəsindən çıxış edərək belə düşünmürük. Qonşu Türkiyə təcrübəsinə müraciət etsək görərik ki, reklamların böyük əksəriyyəti yazılı və elektron mediada yerləşdirilir. Qəzetlərin səhifəsi çoxdur, rəngli və keyfiyyətlidir, qiyməti də bizdən ucuz. Birinci səhifədən başlamış sonuncu səhifəyə qədər reklamlar var. Bundan başqa təəssüf ki, şirkətlər mallarını tanıtmaq məqsədi ilə reklam verməkdənsə, çox vaxt KİV-ə şirkətləri haqqında mənfi yazıların getməsinin qarşısını almaq üçün müraciət edirlər. Reklamlarında istifadə etdikləri şüarları özlərinin belə başa düşmədiyi şirkətlər mövcuddur. Bəzən PR və reklam qarışdırılır. Şirkətlər PR kampaniyalarla KİV-də xəbər olmağa, reklam ehtiyaclarını bununla doldurmağa çalışırlar. Redaktorlar isə bunu ayırd etməyi bacarmalıdırlar. Məsələnin bizdən asılı olan tərəfi var. İlk növbədə reklam verən qurumların arzu və təkliflərini dinləməliyik. Məhsulların hansı formatda, rəngli, yoxsa ağ-qara və yaxud da kağızın keyfiyyətinə qədər olacaq tələblərini yerinə yetirməliyik. Eyni zamanda qəzetlər texniki cəhətdən inkişaf etməlidir. Redaksiyanın reklam işi ilə məşğul olacaq işçilər - reklam menecerləri olmalıdır. Tiraj məsələsi də reklamverici üçün önəmlidir. O bilməlidir ki, onun reklam verdiyi qəzet neçə oxucunun əlinə keçəcək. Və yaxud da onun reklam etdirdiyi məhsulu neçə min oxucu görəcək və onlardan nə qədəri onun müştərisinə çevriləcək. Qəzetlər daha yaxşı pul gətirən reklam naminə regionlarda pulsuz da paylanıla bilər. Yəni normal reklam olsa, bu "riskə” də getmək olar. Əgər o qəzetin kifayət qədər abunəsi yoxdursa və reklam fürsəti yaranırsa, yayım firmalarının anbarlarına geri "dönüncə” əllərdə gəzsə daha münasibdir.

- İnternet mediada reklam bazarının vəziyyəti necədir?

- Qəzetlərə nisbətən ürəkaçandır. Daha doğrusu, qəzetlər bu məsələdə də yeni mediaya uduzdular. Oturuşmuş və kifayət qədər oxucu toplamış saytlar az-çox reklam əldə edə bilirlər. Bunu biz gündəlik izlədiyimiz saytlarda da müşahidə edirik. Amma bu sektorda da sağlam rəqabət yoxdur. Bir saytın daha baha qiymətə əldə etmək istədiyi reklamı başqa bir sayt ondan xeyli aşağı qiymətə alır və çox asanlıqla yerləşdirir. Reklam verənlər də internet mediaya maraqlıdırlar. Onlar məsələyə biznes maraqları kontekstindən yanaşırlar, dərk edirlər ki, bu gün həm də dünya reklam bazarı internet reklamları üzərində qurulub. Çünki internet bütün maneələri aradan qaldırır. Bir ölkədə hazırlanan reklam, məsafə - sərhəd tanımır. Artıq xarici brendlər mal və məhsullarını dükanlarda deyil, internet, xüsusən də sosial şəbəkələr üzərindən satırlar. Bunu biz Azərbaycanda da görürük. Əlavə vəsait sərf edib dükan kirayələyib, kommunal xərclər ödəməkdənsə, internet üzərində məhsullarını nümayiş etdirib satırlar. Bundan başqa, internet reklamın TV və qəzetdən daha çox müsbət tərəfləri var. Məsələn, qəzetdə rəngdən çox istifadə edə, reklamı vizuallaşdıra bilmirsən. İnternet reklamı isə bu baxımdan sərhəd tanımır. TV-də isə vaxt problemin olduğu halda internet reklamında bu problemlə qarşılaşmırsan.

- Etiraf edək ki, TV reklamlarının da bir çoxu xarici brendlərlə "zəngindir”...

- Bəli, təəssüf doğuran məqam ondan ibarətdir ki, TV-lərdə və xüsusən də küçələrdə yerli məhsullardan daha çox, xarici brendlərin reklamını görürük. Əlbəttə, bu da perspektivdə ölkə iqtisadiyyatının inkişafına mənfi təsir göstərir. Reklam şirkətləri, xüsusən də bu işlə məşğul olan müvafiq qurumlar reklamın yerləşdirilməsi və qiymət məsələlərində milli brendlərə güzəştə getməlidirlər. Amma bizdə bəzən pul digər dəyərlərdən üstün olduğu üçün burda da problemlər yaşayırıq. Televiziyanın reklam baxımından əhəmiyyəti çox olsa da, mənfi tərəfləri də var. Məsələn, TV-də verdiyin reklamın faydalılığını, yəni insanların düşüncələrini dərhal müəyyən edə bilmirsən. Eləcə də qəzetdə gedən reklamda da. Amma internet mediada gedən reklamda bu belə deyil. Bunu interaktiv reklam da adlandırmaq olar. Yəni insanlar anında düşüncələrini paylaşa bilər ki, bu da reklamvericiyə daha çox qazandırar. Eləcə də daha az büdcə ilə nəticə əldə etmək olar.

- Bizdə sanki sosial reklamlar da zəifdir...

- Sosial reklamları daha çox ictimai və yerli özünüidarə qurumları verməyə çalışırlar. Bununla bağlı qanunvericilikdə də müvafiq tələblər var. Məsələn, "Reklam haqqında” yeni qanun layihəsində göstərilirdi ki, mülkiyyət formasından asılı olmayaraq, reklam yayıcısı reklam verilməsi üçün nəzərdə tutulan illik efir vaxtının, nəşrlərdəki reklam yerlərinin və reklam qurğularının ümumi sahəsinin ən azı beş faizini sosial reklam üçün ayırmağa borcludur. Bu məhdudiyyət biznes maraqlarına və sağlam rəqabət prinsiplərinə ziddir. Sosial reklam sifarişçiləri ödənişləri bazar qiymətləri ilə ödəmək gücündə olmalıdır. Və yaxud da digər reklamlardan bir az aşağı qiymətə. Əks halda, bu bənd də müəyyən mənada "alverə” yol açacaq.

(davamı var)

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb