Qızılın qiyməti 100 dollara qədər bahalaşıb

Kənd təsərrüfatı məhsullarının qiymət artımı isə mövsümlə bağlıdır



"Xarici birjalarda qızılın qiymətinin tez-tez dəyişməsi müəyyən dərəcədə daxili bazarda qızıl-zinət əşyalarının qiymətinə təsir edir. Çünki Azərbaycandakı qızıl-zinət əşyalarının bir çoxu xaricdə istehsal edilir. Daxili istehsalda zərgərlərin əl işləri də həmin qiymətlərlə tənzimlənərək satışa çıxarılır”.

Bu fikirləri "Şərq”ə iqtisadçı-ekspert Natiq Cəfərli qızıl-zinət və kənd təsərrüfatı məhsullarının bahalaşmasına təsir edən amillərdən danışarkən söyləyib. Onun sözlərinə görə, son 1 ayda qızılın qiyməti 100 ABŞ dollarına qədər artıb: "Bu da daxili bazarda bu tipli məhsulların qiymətinin qalxmasına səbəb olub”.

N.Cəfərli kənd təsərrüfatı məhsullarının bahalaşmasına da münasibət bildirib: "Kənd təsərrüfatı məhsullarının bahalaşmasına ilk növbədə mövsümi faktorlar təsir edir. Ona görə ki, adətən qışın son aylarında, yazın əvvəllərində məhsullarda bahalaşma olur. Bu, yeni meyvə-tərəvəzin çıxması ilə bağlı olur. Əsasən də Novruz bayramından öncə qiymətlərdə artımlar müşahidə edilir.

Digər tərəfdən Rusiyanın Avropadan gətirilən məhsulların idxalına qadağa qoyması və bunun müqabilində MDB ölkələrindən, o cümlədən Azərbaycan kənd təsərrüfatı məhsullarının qonşu ölkəyə ixracatını artırır. Bu da öz növbəsində daxili bazardakı həmin məhsulların qiymətinə də təsirsiz ötüşmür”.

Ekspert maraqlı bir məqama da aydınlıq gətirib: "Rusiyadan Azərbaycana gətirilən məhsulların qiymətində də dəyişmələr olur. Bu da Rusiyada rublun kursunun tez-tez dəyişməsi ilə bağlıdır. Çünki iş adamları gətirdikləri malların qiymətini rublun dəyərinin artması ümidi ilə baha satmağa çalışırlar ki, sonradan həmin gəlirləri dollara çevirdikdə itirməsin”.

Məlumat üçün qeyd edək ki, hazırda dünya bazarında qızılın 1 ünsiyası (31 qram) 1295 ABŞ dollarıdır.

Vüqar Şahinoğlu