Qoçular azğınlaşır...

Onlar dərhal həbs edilməlidir



"Qoçular” yenə bir sürücünü döydü. Nəqliyyat Departamentinin əməkdaşları Şuşa rayonundan məcburi köçkün Şaiq Fərman oğlu Salahzadəni fevralın 26-sı axşam saatlarında "Koroğlu” metrostansiyasının yaxınlığında döyüblər. Bu barədə Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsi məlumat yayıb. Zərərçəkmiş döyülməsi ilə bağlı polisə şikayət edib. Sürücü qeyd edib ki, metrostansiyasının yaxınlığında qohumunu gözləyərkən 3 nəfər ona yaxınlaşıb və sifariş vermək istəyiblər.
O isə taksi fəaliyyəti ilə məşğul olmadığını deyib. Buna baxmayaraq 3 nəfər ona fiziki güc tətbiq ediblər.

Nəqliyyat müfəttişlərinin "qoçuluğu” onsuz da, dillərdə dastandır. Sözün əsl mənasında qoçuluq edən müfəttişlər harda gəldi, kimi gəldi, döyürlər, söyürlər, avtomobilin açarlarını götürürlər, bəzən avtomobillərin hətta nömrə nişanlarını da söküb çıxarırlar. Nəqliyyat müfəttişləri heç bir hədd-hüdud tanımır. Hər dəfə nəqliyyat müfəttişlərinin sürücülərə zor tətbiq etməsi xəbərləri yayılanda, "Məşədi İbad” filmində Qoçu Əsgərin keçisinin qulağını buran kişinin üzünə şillə vurması epizodu yada düşür. Bu film Azərbaycan kinosunun incilərindən olduğundan böyükdən-kiçiyə hamı onu sevir və demək olar ki, əzbər bilir. Və tamaşaçı qoçuluq edən Əsgərin sonra həqiqi bir kişi qarşısında necə qorxağa çevrilməsini də yaxşı xatırlayır. Deyəsən, nəqliyyat nazirinin qoçularının da qarşısına kişi çıxarmağın vaxtıdır. Onda görünəcək, müfəttişlər yenə "qoçuluq” edəcək, ya yox.

Amma bundan öncə ölkədə qanunlar olduğunu və bu qanunların nəqliyyat müfəttişlərinə sürücüləri təqib etmək hüququ vermədiyini də xatırlatmalıyıq. Nəqliyyat problemləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov "Şərq”ə açıqlamasında qeyd etdi ki, nəqliyyat müfəttişlərinin vətəndaşın avtomobilinin açarlarını çıxarmağa, əsl kimliyini gizlədərək hər hansı bir şəxsin avtomobilinə əyləşməyə hüququ çatmır. Qanunvericiliklə bu, qadağandır:

- Nəqliyyat müfəttişləri MTN əməkdaşlarıdır, MTN zabitləridir, polisdir, əməliyyat-axtarış işçiləridir ki, gizlincə vətəndaşların avtomobilinə əyləşir, özlərini müştəri kimi qələmə verir, sürücüləri təqib edirlər? Onlara bu "hüququ” kim verir? Əməliyyat-axtarış fəaliyyəti haqqında qanun var və orada aydın göstərilib ki, yalnız MTN və DİN orqanları bu fəaliyyətlə məşğul ola bilər. Digər orqanlarsa öz sahələri üzrə bu fəaliyyətlə məşğul ola bilər. Məsələn, korrupsiya faktı üzrə prokurorluq, gömrüklə bağlı Gömrük İdarəsi və s. Hətta sizə deyim ki, Avropa Məhkəməsinin vətəndaşın aldadılaraq ifşa edilməsinə görə, cinayətkara bəraət tələb etdiyi hal da olub. Rusiyanın FXB əməkdaşları kimliklərini gizlədərək özlərini narkotik alverçisi kimi təqdim edib bir şəxsdən narkotik maddə alıblar və nəticədə narkotik alverçilərini ələ keçiriblər. Təsəvvür edin ki, bu iş Avropa Məhkəməsinə qədər gedib çıxdı və AM vətəndaşın təxribata cəlb olunduğunu əsas gətirərək ona bəraət tələb etdi. Bu nümunəni ona görə çəkdim ki, əgər əlaqədar qurumların xüsusi qaydada əməliyyat-axtarış tədbirləri həyata keçirməsi xaricində, digər strukturların əməkdaşlarının vətəndaşları aldadaraq "ifşa etməsi” qanunla qadağandır. Amma nəqliyyat müfəttişləri bu cür hərəkətlər etməyə alışıb artıq. Şaiq Salahzadənin başına gətirilənlər nə birinci, nə də sonuncudur. Dəfələrlə belə hadisələrin şahidi olmuşuq ki, nəqliyyat müfəttişləri avtomobilləri yolda saxlayır, guya harasa səfər edirlər deyə, avtomobilə əyləşir, sonra isə sürücüyə zor tətbiq edirlər. Avtomobilin açarlarını götürürlər, sürücüləri təqib edirlər, fiziki zor tətbiq edirlər. Nəqliyyat müfəttişləri kimdir ki, otursun maşına, sonra vəsiqə çıxarsın ki, mən müfəttişəm?! Onlara belə bir səlahiyyət tanınmır. Bu adamlar dərhal həbs edilməlidir. Çünki ölkə qanunvericiliyini pozublar. Heç bir qanun onlara bu ixtiyarı vermir. Lap tutalım mən Ərşad Hüseynov öz avtomobilimdə adam daşıyıram. Bəlkə bu adamlar mənim dostlarımdı, qohumumdu. Nəqliyyat müfəttişinin mənə yaxınlaşmağa ixtiyarı yoxdur. Nəqliyyat müfəttişi məgər adam ovlayandı?! Ona bu səlahiyyəti hansı qanun verir? "Yol hərəkəti haqqında” qanunda heç bir yerdə yazılmayıb ki, nəqliyyat müfəttişləri sürücünü saxlayıb sənədləri tələb edə bilər. Belə maddə yoxdur. Nəqliyyat müfəttişinin sürücünü saxlayıb ondan hər hansı sənəd tələb etmək, avtomobili cərimə meydançasına aparmaq hüququ da yoxdur. Sadəcə, Nəqliyyat Nazirliyinin tabeliyində yükdaşıma və sərnişindaşımaya nəzarət edən qurum var. Bu qurum kommersiya məqsədli yükdaşımalarla bağlı qanunun hər hansı tələbi pozulduğu halda müdaxilə edə bilər və yaxud da sərnişindaşımada qaydalar pozulubsa. Yəni, Nəqliyyat Müfəttişliyinin nəzarət obyekti kommersiya xarakterli yükdaşıma və sərnişindaşımada iştirak edən nəqliyyat vasitələridir. O nəqliyyat vasitələridir ki, onların fərqlənmə nişanları var. Yəni, ictimai nəqliyyat, avtobuslar, taksilər, yük maşınları.

Amma burada da qanun müfəttişlərə avtomobil hərəkətdə ikən onu saxlatdırmağa, sürücüdən sənədləri tələb etməyə hüquq vermir. Nəqliyyat müfəttişi qanun pozuntusu ilə bağlı sənədləşməni sonuncu dayanacaqda icra etməlidir. Müfəttişin sərnişin avtobusunu yolun ortasında saxlayıb, sürücü ilə "çənə-boğaz” olmaq hüququ yoxdur. Nəqliyyat müfəttişi sürücüyə yalnız ondan müvafiq sənədinin - sərnişindaşıma üçün müvafiq lisenziyasının olub-olmadığını yoxlamaq məqsədilə yaxınlaşa bilər. Bu halda müfəttiş ilk növbədə özünü təqdim etməli, sənədini göstərməlidir. Sonra sürücüdən sənəd göstərməsini xahiş etməlidir. Sürücü sənəd göstərməkdən imtina edirsə, nəqliyyat müfəttişi bu haqda sadəcə protokol tərtib edib post-patrul xidmətinə məlumat verməlidir. Avtomobili dayandırmaq artıq post-patrul xidməti əməkdaşının vəzifəsidir. Sürücü yol polisinin əmrinə tabe olmursa, bunun ayrıca cəriməsi var. Bunların heç biri nəqliyyat müfəttişinin işinə aid deyil.

Vətəndaşa hücum etmək, ona fiziki zor tətbiq etmək cinayət əməlidir. Təəssüf ki, nəqliyyat müfəttişləri özləri qanunun tələblərini pozduqları, cinayət əməli törətdikləri halda, sürücüləri günahkar çıxarırlar. Kimə arxayındırlar, kimə güvənirlər, bunu da hamı bilir. Hətta dövlət televiziyası, özəl telekanallar da nəqliyyat müfəttişlərinin özbaşınalığından dəfələrlə süjetlər hazırlayıb efirə veriblər. Amma bu müfəttişlər yenə öz bildiklərini edir. Belə olduğu halda onları himayə edənlər məsuliyyətə cəlb edilməlidir. İnsanlarla bu cür zor dili ilə rəftar etmək qəbuledilməzdir. Hesab edirəm ki, polis orqanları da, məhkəmə də vətəndaşın hüquqlarını qorumalıdır. Həmin şəxsin polisə şikayət etməsi düzgün addımdır. Bəlkə bu yolla harın müfəttişlərin qanunsuz əməllərinin qarşısı alınar.

Məlahət Rzayeva