Qubad İbadoğlunun dəstəsi parçalandı

Arif Hacılının komandasında toy-bayramdır




Qubad İbadoğlunun təşəbbüsü ilə yaradılan Azərbaycan Demokratiya və Rifah Hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun sədri və üzvləri hərəkatdan istefa veriblər. Gənclər bunu ADR-in milli mövqe tutmaması və qərbyönümlü olması ilə əlaqələndirib. İstefa verənlər deyiblər ki, hərəkatda gedən proseslər onların milli-ictimai baxışları ilə üst-üstə düşmür:

"Biz gizli maraqlar güdməyən, ancaq milli-mənəvi iradəyə söykənən bir təşkilatda təmsil olunmaq üçün ADR-i seçdik. Amma bunun əksinə olaraq hərəkatın açıq qərbmeylli mövqeyi bizi bir daha düşünməyə vadar etdi. Bu səbəbdən də ayrılmaq qərarına gəldik”.

Gənclərin istefasına münasibət bildirən ADR-in Təşkilat Komitəsinin üzvü Vurğun Əyyub hərəkatın qərbyönümlü siyasət apardığını, lakin milli maraqları qoruyub saxladığını vurğulayıb: "Biz siyasətimizdə Avropaya inteqrasiyanın tərəfdarıyıq. Qərbyönümlü siyasət milli maraqların tapdanması demək deyil. Bunu hər kəs bilir. Azərbaycan hökuməti, bir çox siyasi partiya da

Avropaya inteqrasiyanı əsas götürür. Yəni, bu xətt heç də milli-mənəvi dəyərlərin əleyhinə deyil”.

Hərəkatın Təşkilat Komitəsinin üzvü Səxavət Əlisoy bir neçə gəncin istefasının Müsavat rəhbərliyi tərəfindən həyata keçirilən təxribat ola biləcəyini istisna etməyib: "Düşünürəm ki, kimlərsə bu gənclərə təsir edib və bunun fonunda ajiotaj və şou yaratmağa cəhd göstərib. Həmin bir neçə gəncin başında dayanan Xəyyam adlı şəxsdə psixoloji problemlər var. Xəyyamı tanıyırdım, bir neçə dəfə onunla ayaqüstü söhbətlərim də olub. O insanda hansısa psixoloji problemin olduğu açıq-aydın görünürdü. Hərəkatda Gənclər qolu yaratmağı digərlərinə həvalə etsək də, Xəyyam bunu daha tez edəcəyini bildirdi və öz öhdəsinə götürdü. Burdan bir nəticəyə gəlmək mümkündür ki, bu adam kiminsə diktəsi və tapşırığı ilə hərəkət edir”. ADR təmsilçisi sözügedən istefanın hərəkat üçün problem olmadığını vurğulayıb və hazırda gənclər qolunun yaradılması istiqamətində daha real işlər aparıldığını deyib: "Bizim üçün bu, problem deyil. Gənclik təşkilatını yaratmaq daha dolğun şəxslərə tapşırılıb. Bizi öz aləmlərində qəbul etməyənlər aramızdan sanballı adamları qoparmağa çalışdılar. Çox oyunlar oynanılsa da, vədlər verilsə də, heç kim qəbul etmədi. Cılız işə əl atmaqla, bir sıra bəyanatlar yaymaqla heç nəyə nail olmaq mümkün deyil”.

Gənclərin ADR-dən getməsinə Müsavat Partiyasının funksioneri də münasibət bildirib. Partiyanın Məclis üzvü Mustafa Hacıbəyli deyib ki, Qubad İbadoğlu Müsavatda bölücülük etdi, insanları itaətsizliyə çağırdı, partiyanı parçalamaq istiqamətində fəaliyyət göstərdi. İndi özü bunlarla qarşılaşıb: "Həmin gənclərə Müsavat tərəfdən heç nə vəd olunmayıb. Biz onlarla görüşməmişik. Gənclər Təşkilatının sədrini üzvlər seçki yolu ilə seçirlər. Müsavat demokratik prinsiplərlə idarə olunan partiyadır. Burda seçkili orqanlara kimisə təyin etmək mümkün deyil. Sadəcə olaraq, atalar sözündə deyildiyi kimi, "nə tökərsən aşına, o da çıxar qaşığına”. Qubad İbadoğlu Müsavatı parçalamaq üçün əlindən gələni etdi. İndi də özü bununla üz-üzə qalıb. Etdikləri öz başında çatlayıb”.

M.Hacıbəyli Müsavatda kadr təyinatına onun nəzarət etdiyi haqda iddialara da münasibət bildirib: "Kadr təyinatına mən baxsaydım, özümü də bir vəzifəyə təyin edərdim. Bağıra-bağıra qaldım, amma mənə heç bir vəzifə vermədilər”.

İsmayıl