“Referendum aktında mühüm dəyişikliklər gözlənilir”

Tahir Kərimli: “Təklifi dövlət rəhbərliyi irəli sürübsə, bu, Azərbaycanda keyfiyyətcə yeni konstitusion quruluşun qurulması deməkdir”



Ötən günlərdə, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Layihəyə rəy verilməsi üçün sənəd artıq Konstitusiya Məhkəməsinə təqdim edilib. Və göstərilib ki, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi dərc edilsin.

Təklif olunan dəyişikliklərin mahiyyətini açmaq məqsədilə hüquqşünas, millət vəkili Tahir Kərimlinin fikirlərini öyrəndik. Referendumu müsbət qiymətləndirən deputat "Şərq”ə müsahibəsində bildirib ki, konstitusiyaya təklif olunan dəyişikliklər ölkəmizə yeni əhval-ruhiyyə gətirəcək: "Yeni bir sistem yaradılır. Bu, Amerika sisteminin kollajıdır. Vitse-prezidentlik institutu Qərbdən götürülüb. Prezidentlik müddətinin artması, parlamentin buraxılması isə Rusiya və Qazaxıstan modelini xatırladır. Məlum təkliflərdə bütün komponentlər iştirak edir.
- Təkliflərdə ordumuzla bağlı da dəyişikliklər yer alıb. Bu yeniliklər nə vəd edir?
- Bəli, belə bir təklif var. Məsələn, əvvəllər konstitusiyada ordunun adı çəkilmirdi. Ancaq indi 9-cu maddəyə olan düzəlişə əsasən ordunun silahlı qüvvələrin daxilində olması və digər silahlı birləşmələrlə birgə Azərbaycan Silahlı Qüvvələrini təşkil etməsi qeyd olunur. Bu da müsbət addımdır. Çünki artıq ordunun və silahlı qüvvələrin konstitusion rolu daha da konkretləşib. Bundan başqa dəyişikliklərdə hərbi qulluqçuların kütləvi deyil, yalnız fərdi qaydada müraciət etmək hüquqları nəzərdə tutulur. Bu, sovet dövründə də belə idi. Artıq konstitusion qaydalara uyğun olaraq hərbiçilər etirazlarını kütləvi halda bildirə bilməzlər. Bu da hərbi intizamın möhkəmləndirilməsinə xidmət göstərən təklifdir. Bir məsələni də deyim ki, 58-ci maddəyə olan düzəlişlər isə dövlət hakimiyyətinin zorla devrilməsinə qarşı yönəlib. Yəni cinayətkar üsullarla legitim hakimiyyəti devirmək cəhdi cinayət sayılır. Çox zəruri düzəlişdir.
- Təkliflər sırasında insanların hüquq və azadlıqlarının qorunmasına dair də məsələlər var. Bunun əhəmiyyəti nədən ibarət olacaq?
- 24-cü maddənin 1-ci bəndinə edilən əlavə insan haqları baxımından mühümdür. Burada xüsusilə "İnsan ləyaqəti qorunur və ona hörmət edilir” bəndi artırılır ki, bu da vətəndaşın ləyaqətli yaşamaq haqqının tanınmasıdır. Bu, beynəlxalq hüquqa tamamilə müvafiqdir. İnsan haqlarına dair ən mühüm düzəlişlərdən biri də vətəndaşların sosial hüquqlarının müdafiəsi ilə bağlıdır. Bu yenilik 47-ci maddədə öz əksini tapır.
- İnsanlarda çaşqınlıq yaradan ifadələrlə bağlı da dəyişikliklər önə çəkilib. Bunu necə dəyərləndirirsiz?
- Əlbəttə, müsbət qiymətləndirirəm. Məsələn, təklif olunan 25-ci maddədə "milliyyət” sözü vardı. Demək olar ki, ərəb sözü olan "milliyyət”, latın sözü "etnik”lə əvəzlənir. Çünki etnik kökənlilik daha aydın ifadə olunur. Bəzən milliyyət sözü millət sözü ilə qarışdırılır. Deyək ki, Birləşmiş Millətlər Təşkilatı sözündə dövlətlər birləşir. Bəzən millət deyəndə dövlət assosiasiyası yaranır. Düşünürəm ki, bu da müsbət düzəlişdir.
- Fiziki qüsurlu insanlarla bağlı işlədilən kobud ifadələrin aradan qaldırılmasına dair də təkliflər irəli sürülüb. Sizcə, buna ehtiyac vardımı?
- Təbii ki, ehtiyac vardı. Baxın, Avropa ölkələrində, konkret olaraq Fransada gözləri görməyən insanlara "mal voyant” (pis görən) deyirlər. Bizdə isə "kor” deyirlər. Təbii ki, "kor” sözü müəyyən mənada mənfi assosiasiya yaradır. Hesab edirəm ki, bu düzəliş çox normaldır. Buna zərurət vardı.
- Şəxsi mülkiyyətə dövlət nəzarəti məsələsinin mahiyyəti nədən ibarətdir?
- 29-cu maddədə olan dəyişiklik torpaqlardan səmərəli istifadəni nəzərdə tutur. Doğrudan da görürük ki, Azərbaycanda çoxlu miqdarda torpaq sahələri tutulub. Onlardan faydalı istifadə olunmur. Azərbaycanda qeyri-neft sektoru və kənd təsərrüfatı sistemi zəif inkişaf edir. Hər şeyin mənbəyi torpaqdır. Bu torpaqdan səmərəli istifadə etmək lazımdır. Bunun hüquqi əsasları var. O da qanunla məhdudlaşdırıla bilər. Dövlətin təsərrüfat sisteminə müdaxiləsi arzuolunan nəticələr verə bilər. 59-cu maddədə etatizm prinsipi var. Burda birbaşa sahibkarlıq sahəsində dövlət maraqlarının və insan həyatının müdafiəsilə bağlı dövlət tənzimetməsindən söhbət gedir. Bu, dövlət mənafeyinin üstünlüyünü ortaya qoyur. O da inkişaf etməkdə olan Azərbaycan dövlətinin əsaslarını təşkil edir. Konstitusiya qanunları tələb edir ki, dövlətin mənafeyi daha üstün olsun. Dövlətin təsərrüfat sisteminə müdaxilə etmək ixtiyarı yaranır.
- Fərdi məsələlərlə bağlı informasiyaların yayılmasının qarşısının alınması istiqamətində də addımlar atılacaq. Bunu nəylə izah edərdiniz?
- 32-ci maddəyə olan bu düzəlişlər də önəmlidir. Artıq elektron formada informasiyalar yayılır. İKT geniş tətbiq olunur. Konstitusiyada göstərilir ki, qanunla nəzərdə tutulan xüsusi hallar istisna olmaqla şəxsi həyatın açıqlanması yolverilməzdi. Həqiqətən də bəzən informasiya vasitələri və sosial mediada belə hallara rast gəlinir.
- Məhkəmə sistemi ilə bağlı təklifləri necə qiymətləndirirsiz?
- Əvvəllər, 60-cı maddədə məhkəmə təminatı vardı. İndi bütövlükdə inzibati qaydada da hüquqlar yaranır. İnsanlar inzibati qaydada da problemin həllinə nail ola bilərlər. Qabaqlar qanunlar belə idi ki, inzibati qaydada tənzimlənməyən məsələlər məhkəmədə yoluna qoyulurdu. Məsələyə məhkəmə təminat verirdi. İndi görünür, layihə müəllifləri inzibati icraatı da mühüm hesab edirlər. İnsanlar məhkəməyə çatmamış inzibati icraat vasitəsilə öz problemlərini həll edə biləcəklər.
- Prezident və deputatlar üçün müəyyən olunan yeni yaş senzi haqda nə düşünürsüz?
- Bu da ciddi məsələdir. Əvvəllər parlament seçkilərinə 25 yaşdan yuxarı, Prezident seçkilərinə isə 35 yaşdan yuxarı olanlar qatıla bilərdilər. Amma indi bu hədd dəyişəcək. Təklif olunan dəyişikliklər gənclərin seçkilərdə iştirakına meydan açır. Elə ölkələr olub ki, orda 27 yaşlı gənc Prezident seçilib. 85 maddədə birmənalı şəkildə 25 yaş aradan qaldırılır. 89 maddəyə əsasən isə Prezidentin yeni hüquqları yaranır. 107 maddəyə əsasən Milli Məclisin Prezidenti kənarlaşdırmaq hüququ vardı. Amma Prezidentin parlamentlə bağlı belə səlahiyyəti yox idi. Amma indi dövlət başçısının parlamenti buraxmaq hüququ olacaq. 100-cü maddədə Prezidentin 35 yaş senzini aradan qaldırması təklif olunur. 101-ci maddəyə edilən düzəliş də çox mühümdür. Prezidentlik müddəti 5-dən 7 ilə qaldırılır. Həmin düzəliş bizi Rusiya və Qazaxıstan variantlarına daha da yaxınlaşdırır.
- Birinci vitse-prezident və vitse-prezident statuslarının mahiyyəti nədən ibarətdir?
- Bu dəyişikliklər 103.1-ci maddədə öz əksini tapacaq. Yəni əvvəllər Prezident ölkədə olmayanda onun səlahiyyətlərini Baş nazir və Milli Məclisin sədri əvəz edirdi. Amma indi bu məsələlər birmənalı şəkildə dəyişib. Prezident olmayanda onun vəzifəsini birinci vitse-prezident icra edəcək. O da olmayanda Baş nazir icra edəcək. Baş nazir də olmasa, Milli Məclisin sədri, Milli Məclisin sədri də olmasa, Prezidentin səlahiyyətlərini kimin icra etməsini parlamentin özü seçəcək. Bundan başqa, bələdiyyələrlə bağlı da texniki xarakterli dəyişikliklər gözlənilir. Bir daha qeyd edirəm ki, çox müsbət və mühüm dəyişikliklərdir. Məsələni Konstitusiya Məhkəməsi də müzakirə edəcək. Hər halda təklifi dövlət rəhbərliyi irəli sürübsə, bu, Azərbaycanda keyfiyyətcə yeni konstitusion quruluşun qurulması deməkdir.