“Reket jurnalistika”nın kökü kəsiləcək

Müşfiq Ələsgərli: “Dövlət qurumlarının nümayəndələrinin komissiyaya dəvət edilməsi müsbət haldır”
Vüqar Rəhimzadə: “Mübarizəni daha geniş və əhatəli şəkildə həyata keçirmək günün tələbidir”

Elçin Mirzəbəyli: "Media qurumları ilə dövlət orqanlarının "reket jurnalistika”ya qarşı birgə əməkdaşlığı problemlərin aradan qaldırılmasına yol aça bilər”

(əvvəli ötən sayda)

Mətbuat Şurasının Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının səlahiyyətləri artırılıb və tərkibi genişləndirilib. Bu barədə MŞ sədri, millət vəkili Əflatun Amaşov məlumat verib. Sədrin sözlərinə görə, bundan sonra komissiyanın işinə dövlət qurumları da cəlb olunacaq: "Sözügedən komissiyanın tərkibinə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri də daxil edilib. Artıq qərar qəbul olunub, hansısa şikayət daxil olarsa komissiya hərəkətə keçəcək”.

Ə.Amaşov bildirib ki, komissiyanın məqsədi reketçiliklə bağlı şikayəti tam araşdırmaq və jurnalistikanın bu məsələdə birtərəfli ittihamının qarşısını almaqdır: "Həmişə şikayət olur ki, jurnalist və yaxud mətbuat orqanı reketçilik edir. Amma bunun qarşı tərəfi də var axı... Yəni şantaj olunan məmur, təşkilat, yaxud dövlət qurumu. Məmurun nə marağı var ki, jurnalistə pul verir? Elə məqam ola bilər ki, hansısa qurum, təşkilat mətbuat orqanını, jurnalisti ittiham edər. Əgər Mətbuat Şurasına bu sayaq şikayətlər daxil olarsa, komissiyaya qeyd olunan qurumların da nümayəndələri dəvət olunacaq və geniş şəkildə araşdırılacaq. İddiaların nə dərəcədə doğru olub-olmadığı, təşkilat rəhbərinin kimliyi, həmin jurnalistlə bağlılığı, müxbirlərə pul verib-vermədiyi gün işığına çıxarılacaq”. Sədr bildirib ki, komissiyanın tərkibinin genişləndirilməsi, ora dövlət qurumlarının da cəlb edilməsində məqsəd jurnalistikanın birtərəfli ittiham olunmasının qarşısını almaqdır.

Ə.Amaşov bildirib ki, internet belə bir sahədir ki, onun qarşısını almaq mümkün deyil. Burada vacib şərt klassik media vasitələri kimi internet mediasının da etik normalara əməl etməsidir: 

"Hazırda Azərbaycan mediasında rəngarənglik mövcuddur. Bəzi məqamlarda adam düşünür ki, hər media orqanının arxasında kimlərsə dayanır. "Reket jurnalistikası” deyilən bir "jurnalistika” var. Bu jurnalistika əvvəllər də olub, bu gün də mövcuddur. Yazılı mətbuatdan internet jurnalistikaya transfer edib. Ancaq "reket jurnalistikası”na qarşı mübarizə yalnız Mətbuat Şurasının işi deyil. Ümumiyyətlə, reketlik yalnız jurnalistikanın bəlası deyil. Bunun qarşı tərəfi, məmur-jurnalist məsələsi var. Məsələn, məmur nəyə görə jurnalistə rüşvət verir? Niyə məmur jurnalistə rüşvət verərkən məsuliyyət daşımır? Biz bunlara aydınlıq gətirməliyik. Eyni zamanda bu sahədə fəaliyyət göstərənləri də özümüz üçün müəyyənləşdirməliyik ki, kimlərdir, nəyə görə fəaliyyət göstərirlər, nəyə görə bunlar bu qədər aktivdirlər. Mətbuat Şurası bu məsələlərlə məşğuldur. Görünür, kimlərinsə "quyruğunu” möhkəm basanda müqavimətlə rastlaşırıq. Guya mənim "mülkümün” olması ilə bağlı məsələ də onların işi idi. Əlbəttə, müəyyən insanların mülkü var, ola da bilər. Əgər insan qazanırsa, təbii ki, həyat tərzi yaxşı olmalıdır. Ancaq bir şey ki, yalan və qərəzli olur, əlbəttə, insanı incidir”.

Əksər ekspertlərə görə, Mətbuat Şurasının "reket jurnalistika”ya qarşı mübarizə komissiyasının səlahiyyətlərinin artırılması faydalı nəticələr verəcək. Onların fikrincə, bu qərarla təkcə jurnalistlərin deyil, həm də, mətbu orqanı ittiham edən tərəfin də məsuliyyəti artmış olur. 

Bu tərkibin formalaşdırılması reket jurnalistika ilə mübarizədə həqiqətin ortaya çıxarılmasıdır. Birgə fəaliyyət konkret şikayət üzrə fəaliyyətin araşdırılmasına imkan yaradacaq. Eyni zamanda, jurnalistlərin və medianın qərəzli günahlandırılmasının qarşısı alınacaq. Faktlar araşdırılarkən medianın həqiqəti yazdığı sübut olunacaqsa, o halda, şikayətçi tərəf cavabdeh qismində tanınacaq və iddiası rədd ediləcək. Bu, eyni zamanda, faktları əldə edən, yaxud dəqiq informasiya əsasında yazı hazırlayan jurnalist və yaxud mətbuat orqanının müdafiəsidir. Reketçiliklə məşğul olanlar isə risk edib bu fəaliyyəti davam etdirə bilməyəcəklər. Hər halda formalaşacaq komissiyanın üzərinə böyük yük düşəcək.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli "Şərq”ə açıqlamasında deyib ki, dövlət qurumları ilə müştərək iş qurmaq, əməkdaşlıq etmək praktikası əvvəllər də olub: 

"Kütləvi aksiyalar keçirilən zaman Daxili İşlər Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının yaratdığı birgə komissiya aksiyalarda müşahidəçi qismində iştirak edirlər. Məqsəd jurnalistlərə qarşı hansısa neqativ halların baş verib-vermədiyini müəyyən etmək, digər problemləri aşkarlamaqdır. Mətbuat Şurasının Şikayətlər Komissiyanın tərkibində bugünədək ictimaiyyət nümayəndələri fəaliyyət göstərirdilər. Məsələn, şikayətlər üzrə hər dəfə komissiya toplananda biz prosesə ayrı-ayrı qəzetlərdən müşahidəçiləri, tanınmış jurnalistləri cəlb edirdik. İmkan yaradırdıq ki, onlar da öz fikirlərini bölüşsünlər. Ola bilər, komissiya üzvlərinin hamısı eyni istiqamətdə düşünsünlər, amma kənardan hansısa peşəkar jurnalist məsələyə fərqli rəy bildirə, öz tövsiyəsini verə bilər. Bunların hamısı ümumi işin xeyrinədir. Yəni demək istəyirəm ki, kənar qurumlarla Mətbuat Şurasının əməkdaşlıq sahəsində kifayət qədər təcrübəsi var. Bu təcrübə hər zaman effektli alınıb və prosesə yalnız fayda gətirib”. 

M.Ələsgərlinin sözlərinə görə, Mətbuat Şurasında müzakirə olunan "reket jurnalistlərə” qarşı mübarizə komissiyasının tərkibinin genişləndirilməsi hələlik yekun qərar deyil: 

"Bu, sadəcə layihədir. Yəni Əflatun müəllimin ortaya atdığı fikir, ideyadır. Ancaq düşünürəm ki, dövlət qurumlarının nümayəndələrinin komissiyaya dəvət edilməsi müsbət haldır. Çünki hüquq-mühafizə orqanlarının əməkdaşları eyni zamanda öz peşələrini yaxşı bilən mütəxəssislər olacaq. Öz sahəsini bilən ekspertlər dəqiq və hüquqi aktlar baxımından daha konkret fikir bəyan edə bilərlər. Bu da daxil olan şikayətlər barədə düzgün qərar qəbul edilməsinə səbəb olar. Bəzən şikayətlərlə bağlı müəyyən çətinliklər yaşayırıq. Bilirsiz ki, Mətbuat Şurasına daxil olan şikayətlərin dəyərləndirilməsi jurnalistlərin etik kodeksi əsasında aparılır. Yəni şikayət edilən məqalələrdə etik kodeksin pozulması halları varsa, ona uyğun olaraq ölçü götürülür. Amma bəzən elə şikayətlər, elə müraciətlər olur ki, onlar Mətbuat Şurasının səlahiyyətlərindən kənarda qalır. Tutaq ki, hansısa jurnalistin rüşvət alması faktı ilə rastlaşırıq. Mətbuat Şurasının kimisə iş üstündə, hadisə anında tutması mümkün deyil. Ancaq vətəndaş MŞ-yə müraciət edərək şikayətinə baxılmasını tələb edir. Bu yerdə necə davranmaq lazımdırsa, onu hüquq-mühafizə orqanlarının nümayəndələri daha yaxşı bilirlər. Biz o cür hallarla üzləşəndə vətəndaşlara tövsiyə edirik ki, onlar gedib müvafiq qurumlara müraciət etsinlər. Hesab edirəm ki, komissiyada dövlət orqanları ilə əməkdaşlığın edilməsi işin ancaq faydasına olar. Onsuz da MŞ-nin qərarları tövsiyə xarakterlidir. Komissiyada kimin təmsil olunmasından asılı olmayaraq, həbs və ya fəaliyyəti məhdudlaşdırma nəzərdə tutulmur. Sadəcə istəyirik ki, çıxardığımız rəylər qanuna müvafiq olsun”.

Ekspert deyib ki, əgər şikayət daxil olubsa, mütləq mənada o anlama gəlmir ki, şikayət edən tərəf haqlı, şikayət olunan isə haqsızdır: 

"Bəzən şikayət edən tərəfə başa salırıq ki, o, haqlı deyil. Konkret hansısa qanun pozuntusuna gəldikdə isə, hər bir hal üzrə səlahiyyətli dövlət qurumu var. MŞ sadəcə şikayətlərə baxır və onları etik kodeks ətrafında dəyərləndirir. "İnformasiya almaq hüququmuz pozulur” və ya "rüşvət tələb olunur” kimi məsələlərə Mətbuat Şurası baxmır. Görünür, adamlarda bir güman var ki, hər şeyə Mətbuat Şurası nəzarət edir. Bu da əslində MŞ-nin nüfuzunu, imicini göstərir”.

Mətbuat Şurasının "reket” jurnalistikaya qarşı mübarizə komissiyasının sədri, "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, dövlət qurumlarının bu işə cəlb edilməsini mətbuata təzyiq kimi dəyərləndirənlər ciddi yanlışlığa yol verirlər: 

"Burada heç bir təzyiqdən, məhdudiyyətdən söhbət gedə bilməz. Mətbuat Şurası problemlə bağlı effektiv mübarizə aparıb, bundan sonra da aparacaq. Bu mübarizəni daha geniş və əhatəli şəkildə həyata keçirmək isə günün tələbidir. Mətbuat Şurasında bununla bağlı fikir çoxdan var. Hesab edirəm ki, bəzi dövlət qurumlarının burada təmsil olunması komissiyanın daha səmərəli fəaliyyət göstərməsinə təkan verəcək. Burada söhbət mətbuata ziyan vuran naşı insanların bu sahədən təmizlənməsindən gedir. Mətbuatın demokratik prinsiplərə söykənən fəaliyyətini təmin etməklə yanaşı, vətəndaşların hüquqlarını qorumaq da bizim üçün prioritet məsələdir. Ona görə də komissiyanın tərkibinin genişlənməsi çox zəruri addımdır. Xatırladım ki, burada dövlət qurumları ilə yanaşı, bir sıra elektron media nümayəndələri də təmsil olunacaq, peşəkar jurnalistlər öz fikirlərini deyəcəklər”.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, o, komissiyanın genişlənməsinə etiraz edənləri başa düşmür. Baş redaktorun fikrincə, etiraz edənlərin arqumentləri əsassızdır: 

"Media qurumları ilə dövlət orqanlarının "reket jurnalistika”ya qarşı birgə əməkdaşlığı problemlərin aradan qaldırılmasına yol aça bilər. "Reketçilik” ağır cinayətdir. Burada birmənalı olaraq jurnalistika fəaliyyətindən yox, konkret şəxslərin törətdiyi cinayətdən söhbət gedir. Həmin şəxslərlə bağlı məsələ Prokurorluq və Daxili İşlər Nazirliyində müzakirəyə çıxarılmalıdır. Yalnız bu cür üsullarla mövcud problemlərin qarşısını almaq mümkündür. Mətbuat Şurası ictimai qınaq metodundan istifadə etməklə sadəcə yola gətirilməsi mümkün olan şəxslər üzərində işləyir, onlara öz tövsiyələrini verir. Məncə, nəzərdə tutulan format çox uğurludur. Həm də Mətbuat Şurası bu qənaətə uzun müzakirələrdən sonra gəlib. Hüquq-mühafizə orqanlarında çalışan şəxslər bəhs edilən problemlərin mahiyyətini daha yaxşı bilirlər. O baxımdan mən bu təşəbbüsü dəstəkləyirəm, hesab edirəm ki, tamamilə doğru yanaşmadır”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb