Rəsmi Ankaranın ucuz təbliğatı xəstəlik halını alıb

Ərəstun Oruclu: “Gah Ərdoğanın özünə, gah da qızına qarşı sui-qəsd barədə mütəmadi məlumatlar verirlər”




Ərdoğanı zəhərləyə bilərlər. Türkiyə xüsusi xidmət orqanları prezident Rəcəb Tayyib Ərdoğanın zəhərlənməsindən ehtiyat edir. Məlumata görə, bu səbəbdən mütəxəssislər prezident üçün hazırlanan yeməkləri xüsusi nəzarətdən keçirir.

Ankarada yerləşən prezident iqamətgahında qida məhsullarında analiz yolu ilə radiokativ materiallar, zəhər və təhlükəli bakteriyalar olduğunu müəyyən edən laboratoriya inşa ediblər. Ərdoğanın şəxsi həkimi Sevdat Erol müasir dünyada insanların birbaşa deyil, gizli yollarla öldürüldüyünü bildirir. O əlavə edir ki, 5 ekspert hər gün prezident sarayında 14 saat keşik çəkir və prezidentə veriləcək bütün qida məhsullarını test edir.

Açıqlamanın gizlinlərini şərh edən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri, politoloq Ərəstun Oruclu "Şərq”ə deyib ki, rəsmi Ankaranın belə ucuz təbliğatları xəstəlik həddinə çatıb: "Gah Ərdoğanın özünə, gah da qızına qarşı sui-qəsd barədə mütəmadi məlumatlar verirlər. Bu sadəcə Türkiyədə yaşanan siyasi isteriyadır. Tutalım, dövlət başçısını zəhərləmək istəyirlər və xüsusi xidmət orqanları da bundan narahatlıq keçirir. Bu haqda açıqlama verməyin nə mənası var ki? Guya məlumat verəndə hadisənin qarşısı alınır? Bunların hamısı piara hesablanmış ucuz təbliğatdan başqa bir şey deyil”.

Ekspertin sözlərinə görə, son dövlər rəsmi Ankara siyasətində səviyyəsiz təbliğat meyarları ortaya çıxıb: "Hər şeyi o dərəcədə təbliğata yönəldiblər ki, ağlamalı vəziyyət yaranıb. Türkiyədə belə oyunlar biabırçı həddə çatıb”.

Ayyət Əhməd