Kreml Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutsa, Azərbaycan Ermənistanın mənasız müqavimətini qıra bilər
"Dağlıq Qarabağın statusunu vaxtilə orada yaşamış Azərbaycan icmasının iştirakı olmadan müəyyənləşdirmək yanlışdır”.
Bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov deyib. Münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlarda ciddi dəyişiklik baş vermədiyini deyən politoloq yaxın gələcək haqqında ümidli olduğunu deyib: "Rusiyanın bu məsələdə mövqeyi bəllidir. Moskva münaqişənin sülh yolu ilə həllini istəyir. Hər halda Ermənistanla Azərbaycan həmişə düşmən olmayıblar. Regionda münbit siyasi və iqtisadi mühit yaratmaqla, dəyişikliklərə nail olmaq mümkündür. İlk növbədə Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu qaytarmalıdır”. Rus politoloqun açıqlamasını şərh edən siyasi ekspert Qabil Hüseynli bildirib ki, Kreml Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutsa, Azərbaycan Ermənistanın mənasız müqavimətini qıra bilər. Ancaq problem ondadır ki, rəsmi Moskva heç vaxt vahid mövqe sərgiləmir. Ona görə də Rusiyanın səmimiyyətinə inam yoxdur: "Azərbaycan və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində zaman-zaman ciddi anlaşmaya yaxın olub. Bu ilin iyun ayına qədər olan danışıqlar da ümidverici idi. O zaman Qarabağ probleminin həllində kəskin dönüş yarana biləcəyi ilə bağlı nikbin fikirlər var idi. Ancaq təəssüf ki, ermənilərin hay-küyü nəticəsində sonradan bu proses dayandı və problemin həllində yenidən durğunluq dövrü başladı”. Q.Hüseynli bildirir ki, dünyada baş verən müəyyən məsələlər Rusiyanı məcbur edir ki, Qarabağ münaqişəsinin həlli prosesini yenidən canlandırsın. Ancaq Rusiyanın postsovet məkanındakı davranışları və istəkləri hələ ki, pozitiv düşünməyə imkan vermir: "Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin son dövrdə nisbətən yaxşılaşması və bir sıra müqavilələrin imzalanması problemin Rusiya səviyyəsində müzakirəsini yenidən gündəmə gətirə bilər. Amma bu, o qədər də asan olmayacaq. Çünki ermənilərin ciddi müqaviməti var. Rusiya Ermənistanı konstruktiv mövqeyə gətirmək üçün daha ciddi, səmimi və qətiyyətli addımlar atmalıdır. Çünki heç kimə sirr deyil ki, Rusiyanın yaxından dəstəyi və müdaxiləsi olmadan Qarabağ probleminin həlli mümkün deyil”.
İsmayıl