Terrorçu Avaqyanın büstü tez zamanda sökülməlidir
"Gürcüstanda yaşayan azərbaycanlıların keçirdiyi aksiya fonunda qonşu ölkə rəhbərliyi adekvat reaksiya verməli idi ki, proseslər bu qədər uzanmasın"
Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki dinc azərbaycanlıların qətlində birbaşa iştirak etmiş erməni hərbçinin büstünün qoyulması məsələsi ətrafında polemika davam edir.
Buqaşendə heykəli ucaldılan separatçı, terrorist Mixail Avaqyan Azərbaycanın Xocalı şəhərində minlərlə dinc sakinə qarşı törədilmiş soyrırımında iştirak edənlərdən biri olub. O, Horadizdəki körpü uğrunda döyüşlərdə snayperdən yaralanır və xəstəxanaya aparılarkən yolda vəfat edib.
Azərbaycanın strateji müttəfiqi olan Gürcüstan isə bizimlə olan dostluq münasibətlərinə məhəl qoymadan ermənilərin əli günahsız insanların qanına bulaşmış qatilinə heykəl ucaldılmasına göz yumur.
Üstəlik də Azərbaycan Xarici İşlər Nazirliyinin etiraz notasına, heykəlin sökülməsi ilə bağlı müraciətinə rəğmən susqunluq nümayiş etdirir.
Politoloq İlqar Vəlizadə rəsmi Bakının heykəlin sökülməsilə bağlı reaksiyasını haqlı hesab edir:
"Dinc azərbaycanlıları qətlə yetirmiş erməni cəllada Gürcüstanda büst qoyulması Azərbaycan və gürcü xalqlarını qarşı-qarşıya qoyur. Heykəl nə qədər tez bir zamanda sökülərsə, bu xoşagəlməz insident də tez unudular. İndiki halda isə bu məsələ diqqət mərkəzində qalmalıdır. Həm rəsmi dairələr, həm də ictimaiyyət üzvləri daimi olaraq münasibət bildirməlidirlər. Bu məsələ adi proses deyil. Sadəcə sizin qəzetiniz deyil, digər media orqanları, ictimaiyyət üzvləri də bu mövzunu nəzarətdə saxlamalıdır. Əgər biz bu hadisəyə göz yumsaq, növbəti mərhələdə arxadan daha axır zərbələr ala bilərik”.
Politoloqun fikrincə, Avaqyan ictimai-siyasi xadim olsaydı, fərqli yanaşma nümayiş etdirmək olardı, lakin burada söhbət erməni cəlladına qoyulan heykəldən gedir: "Əli azərbaycanlıların qanına batan bir cəlladın büstünün ucaldılması rəmzi xarakter daşıyır. Deməli, Gürcüstanda hansısa qüvvələr bu cür şəxslərə qarşı rəğbət bəsləyir.
Bu isə bizim üçün qəbulolunmaz haldır. Gürcüstan rəsmilərinin Bakıya, Azərbaycan rəsmilərinin də Tiflisə səfərləri zamanı bu məsələ əsas müzakirə predmetinə çevrilməlidir. Mixail Avaqyanın heykəli oradan sökülənə qədər etirazlar davam etməlidir. Gürcüstanda yaşayan azərbaycanlıların keçirdiyi aksiya fonunda qonşu ölkə rəhbərliyi adekvat reaksiya verməli idi ki, proseslər bu qədər uzanmasın. Bundan sonrakı mərhələdə də həmyerlilərimiz öz fəallıqlarını artırmalıdırlar.
Gürcü hökuməti anlamalıdır ki, bu proses geridönüşsüz xarakter ala bilər və Gürcüstan strateji tərəfdaşı Azərbaycanı itirə bilər. Azərbaycanlıları qətlə yetirən bir şəxsə büst qoyulması ya yerli icra orqanlarının biganəliyidir, ya da bu, Azərbaycan-Gürcüstan münasibətinə zərbə vurmağa çalışan ermənilərin növbəti təxribatıdır. İstənilən halda bu yanlışlığın məsuliyyəti gürcü hökumətinin üzərinə düşür. Gürcü hökuməti anlamalıdır ki, bu proses geridönüşsüz xarakter ala bilər. Ermənilər Gürcüstan ərazilərində ikinci Dağlıq Qarabağ hadisələrini törətmək üçün zəmin hazırlayırlar. Təəssüflər olsun ki, gürcü hökuməti hələlik bunun fərqində deyil”.
Şəymən