Rusiya 7 rayonu Azərbaycana qaytarır...

Vəfa Quluzadə: “Biz bu cür Rusiya- Azərbaycan əlaqələrinin tam əleyhinəyik”
Ərəstun Oruclu: “Bu açıqlamanın arxasında Rusiyanın Ermənistanda hakimiyyəti dəyişmək planına start verməsi dayanır”



Rusiya Qarabağ məsələsini ABŞ-ın iştirakı olmadan həll etmək istəyir. Bunu Rusiya prezidentinin etibarlı şəxsi, İctimai Palatanın üzvü Sergey Markov deyib. Moskvanın Ermənistanla Azərbaycan arasında "mühüm rol oynadığını” xatırladan Markov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Minsk Qrupu çərçivəsində həll edilə bilməz. Çünki həmin qrupda Amerika kimi ikiüzlü dövlət var. Rusiyalı analitikin danışıqlarından aydın olub ki, Moskva Qarabağ məsələsində Azərbaycana indiyə kimi heç zaman edilməmiş güzəştə getməyə hazırdır:

"Azərbaycan-Rusiya münasibətləri hazırda ən yaxşı dövrünü yaşayır. Qarabağ münaqişəsinin həlli üçün tarixi şərait yetişib. Azərbaycan ordusu güclüdür, erməni cəmiyyəti isə Qarabağ münaqişəsinin yaratdığı blokadadan yorulub. Ona görə də Ermənistan Qarabağ ətrafında yeddi rayonu azad etməklə blokadadan çıxır. Nəticədə cəbhə xəttində gərginlik aşağı düşür. Əminəm ki, artıq bu istiqamətdə danışıqlar gedir”. Ekspertlərin fikrincə, Rusiyanın Qarabağ məsələsində Azərbaycana böyük güzəştlər vəd etməsi Minsk Qrupunun çərçivəsində Moskvanın ən böyük rəqibi olan Ağ Evi də hərəkətə keçirib. ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Bakıya səfəri də məhz bu məqsədlə həyata keçirilib. Postsovet məkanını çox yaxşı tanıyan xanım siyasətçi, böyük ehtimalla, münaqişənin həlli məsələsində Rusiyanı arxa plana atmaq üçün Azərbaycana daha güzəştli təkliflər edib.

Rusiyalı analitikin açıqlamasını şərh edən sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Moskvanın 20 ildir Azərbaycanı aldatdığını deyib: "Hər dəfə Ermənistanla sülhə imkan yarananda, Kreml bunu pozur. Mən Rusiyanın indiki strategiyasının dəyişəcəyinə ehtimal vermirəm. İnanmıram ki, Rusiya Azərbaycana yeddi rayonu qaytarsın. Yeddi rayonun qaytarılması Azərbaycan tərəfindən səslənən fikirlərin əks-sədasıdır. Moskva Bakıya yeddi rayonu yalnız Azərbaycanın Qarabağdan imtina edib onu Ermənistana vermək qərarına gələndən sonra hansısa don geyindirib qaytara bilər. Bu isə Azərbaycanın öz müstəqilliyindən imtina etməsi olar. Əlbəttə, biz bu cür Rusiya-Azərbaycan əlaqələrinin tam əleyhinəyik”. V.Quluzadə hesab edir ki, ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrlərinin aktivləşməsi Rusiyanın fəaliyyətinə bir cavabdır: "Qərbin aktivləşməsi ona hesablanıb ki, Rusiya Azərbaycanda özbaşınalıq etməsin. Fikrimcə, Azərbaycanla Amerika arasında münasibətlərin gələcəyi parlaqdır. Nulandın Azərbaycana gəlməsi də olduqca müsbət haldır. ABŞ dünyanın lideridir. Vaşinqton Azərbaycanı özünə strateji partnyor sayır və Azərbaycanla əlaqələri inkişaf etdirir. Bu da son zamanlar Azərbaycanın ABŞ-la əlaqələrinin soyuması ilə bağlı yayılmış şayiələrə son qoyur. Məncə, Bakı ilə Vaşinqtonun əlaqələrinin gələcəyi əladır”.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu da Rusiya İctimai Palatasının üzvü Sergey Markovun söylədiklərini politoloq yanaşması hesab etmir. Onun fikrincə, Markovun dediklərində qeyri-səmimilik var: "Markovun fikirləri ideoloji təmayüllü və Rusiya hökumətinin mövqeyinin ifadəsidir. Əgər onun dediyi kimi, Moskva Vaşinqtonun 2013-cü ildən müharibəyə qərar verdiyini bilirdisə, niyə Ukraynada dalana düşürdü? Nə idi bu dalana düşməyin səbəbi? Nə üçün Moskva bu dərəcədə kortəbii şəkildə Yanukoviçin siyasi meyitini müdafiə edirdi? Sadaladıqlarım Markovun qeyri-səmimi olduğunu və yalan danışdığını göstərir”.

Politoloq hesab edir ki, Markov Azərbaycanın işğal olunmuş 7 rayonunun qaytarılmasını çox ehtiyatla deyir: "Bu açıqlamanın arxasında Rusiyanın Ermənistanda hakimiyyəti dəyişmək planına start verməsi dayanır. Ermənistan hakimiyyətinin müxalifətə aqressiyası da təhlükənin yaxınlaşdığını göstərir. Əgər əvvəllər müxalifətin mitinqlərinə yox deyilmirdisə, bu gün vəziyyət fərqlidir. Çünki Sarkisyan Moskvanın dəyişikliyə start verdiyini bilir. Sadəcə, Rusiya Ermənistanla, erməni xalqı ilə düşmənçilik etməməsi üçün 7 rayonun qaytarılması söhbətini gündəmə gətirməklə baş verəcək dövlət çevrilişinə Azərbaycanı bulaşdırmaq istəyir”. Markovun Qərbi ittiham etməsinə münasibət bildirən Ə.Oruclu Rusiyadan fərqli olaraq ABŞ və Fransanın münaqişənin həllinə çalışdığını deyib: "Sadə bir misal çəkim, Putin əvvəlki 8 illik prezidentlik dövründə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü keçirməyə təşəbbüs göstərmədi. Niyə? Məgər Putinə mane olan var idi? Bəlkə amerikalılardan qorxub təşəbbüs göstərmirdi?”. Politoloq hesab edir ki, Rusiya 7 rayonu qaytaracaqsa, bu, Azərbaycanın güzəştləri hesabına mümkün olacaq: "Moskva Azərbaycanın "qara gözünə” vurulmayıb ki, belə güzəştə getsin. Rusiyanın istəyi Azərbaycanı Avrasiya İttifaqına və Gömrük Sazişinə qoşmaqdır. Qarabağ münaqişəsinin tarixinə baxsaq, start vəziyyətə qayıdırıq. Biz Rusiyanın dəstəyi ilə işğal olunmuş 7 rayonu qaytarsaq da, Dağlıq Qarabağı və suverenliyimizi itiririk. Çünki Avrasiya İttifaqına və Gömrük Sazişinə qoşulmaq suverenliyin təhvil verilməsidir”.

İsmayıl