Rusiya anlayır ki, NATO Gürcüstana gəlməyə can atır

Kreml rəsmi Tbilisinin Qərbə inteqrasiyasının qarşısını almağa çalışır


Rusiya prezidenti Vladimir Putin "Rusiya Federasiyası ilə Abxaziya Respublikası arasında müttəfiqlik və strateji tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası haqqında” federal qanunu təsdiq edib.

Məlumata görə, sazişdə müdafiə və təhlükəsizlik məsələləri də nəzərdə tutulub. Həmçinin sazişin 13 bəndinə əsasən Kreml Abxaziya vətəndaşlarının Rusiya vətəndaşlığına keçirilməsi üçün prosedurları sadələşdirməlidir. Məhz bu səbəbdən Putinin tanınmamış respublika ilə müttəfiqlik sazişinə imza atması Rusiyanın Krımdan sonra yeni ərazi ilhaqına hazırlığı kimi dəyərləndirilir. Məlumat üçün qeyd edək ki, bu federal qanun Dövlət Duması tərəfindən 23 yanvar 2015-ci il tarixdə qəbul edilib və Federasiya Şurası tərəfindən 28 yanvar 2015-ci ildə bəyənilib.

Sazişi şərh edən Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri "Şərq”ə bildirib ki, bunu Moskvanın Gürcüstana ola biləcək siyasi təzyiqi kimi dəyərləndirir. Onun sözlərinə görə, Kreml rəsmi Tiflisin Qərbə, xüsusilə NATO-ya inteqrasiyasının qarşısını almaq istəyir: "Gürcüstanda bu ilin sonuna yaxın təlim mərkəzləri yaradılacaq. Bu, NATO-nun Cənubi Qafqaza gəlməsi anlamına gəlir. Sözügedən təşkilatın Cənubi Qafqaza ayaq açması Kremli narahat etməyə bilməz. Gürcüstan həmin qurumun bölgəyə gəlişi üçün bir qapıdır. Rusiya narahatdır ki, NATO gəlsə, bekar dayanmayacaq. Cənubi Qafqazın ən strateji ölkəsi olan Azərbaycana da nüfuz edəcək. Hətta bu yöndə konkret işlər görülür. Təşkilatın rəsmiləri ölkəmizə tez-tez səfər edirlər. Rusiyanı narahat edən məsələ budur”.

Ekspertin fikrincə, Gürcüstan iddiasından dönməzsə, Avroatlantik məkana inteqrasiyanı dayandırmazsa, NATO-nun üzvlüyünə dair qərarından vaz keçməzsə, Avropa Birliyinə inteqrasiyanı inkişaf etdirirsə, çox yaxın gələcəkdə Abxaziya və Osetiya ərazilərinin Rusiyaya birləşdirilməsinin rəsmiləşdirilməsini görəcəyik: "İndiki vəziyyət həmin ərazilərin rəsmiləşdirilməsinin başlanğıcıdır. Şimal qonşumuzun köhnə təzyiq metodudur. Bunu həm Gürcüstan, həm də Qərb dövlətləri anlayırlar”.

Ayyət Əhməd