Rusiya Ermənistanda güclənir

Bu, proseslər Qərbdən gələ biləcək təzyiqlərə qarşı yönəlib




"Rusiya Ermənistandakı hərbi bazasını gücləndirmək niyyətindədir”. Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib. Nazir bildirib ki, Qırğızıstan və Tacikistandakı bazalarını da inkişaf etdirməyi planlaşdırırlar:

"Ümumiyyətlə, bu bazaları aktiv şəkildə gücləndiririk”. S.Şoyqu xatırladıb ki, bu yaxınlarda Rusiya eskadrilyası Belarusda döyüş növbəsinə başlayıb: "Bizim ümumi planlarımızla əlaqədar olaraq Belarusda hərbi eskadrilyamız yerləşdirildi”.

Nazirin açıqlamasını şərh edən politoloq Elşən Manafov "Şərq”ə söyləyib ki, bu, Rusiyanın cənubi Qafqazla bağlı geopolotik maraqlarından irəli gəlir. Onun sözlərinə görə, proseslər Qərbdən gələ biləcək təzyiqlərə qarşı yönəlib: "Gümrüdəki bazanın gücləndirilməsi Rusiyanın Azərbaycana təzyiqi kimi qəbul edilməməlidir. Düzdü, Dağlıq Qarabağ münaqişəsinin çözülməsində Kremlin özünəməxsus rolu var. Amma eyni zamanda şimal qonşumuz Azərbaycanın strateji tərəfdaşlarından biridir. Bu ölkələr arasındakı ticarət dövriyyəsi durmadan artır. Son 4 ildə ölkəmiz Rusiyadan 4 milyard dollarlıq silah alıb. Azərbaycan güclü orduya malik dövlətdir. Moskvanın müxtəlif ölkələrdəki hərbi bazalarını gücləndirməsi bir mesaj kimi qəbul oluna bilər. Amma heç bir qüvvə Azərbaycana ərazi bütövlüyünün bərpası baxımından maneə ola bilməz. Sadəcə, Dağlıq Qarabağ probleminin həlli üçün hələ sülh danışıqlarına ehtiyac var”.

Ayyət Əhməd