Rusiya küncə sıxılır
Avropa Birliyinin “qara siyahısı”na daha 24 ad əlavə edildi
Avropa Birliyi (AB) NATO-nun Uels sammitində elan etdiyi kimi dünəndən etibarən Rusiyaya qarşı əlavə sanksiya paketi tətbiq edib. Yeni sanksiya siyahısına "Rosneft”, "Transneft” və "Qazprom neft” daxil edilib. Bundan başqa, Rusiyanın ən böyük hərbi müəssisələri "Uralvaqonzavod”, "Oboronprom” və "Birləşmiş Aviainşaatçı Korporasiya”nın borclarının maliyyələşdirilməsi qadağan olunub.
AB-nin "qara siyahı”sına isə 24 yeni ad əlavə olunub. Siyahıda "Rostex” korporasiyasının baş direktoru Sergey Çemezov, "Donetsk Xalq Respublikası”nın baş naziri Miroslav Rudenko, "Luqansk Xalq Respublikası”nın baş naziri Qennadi Çıpkalov, Rusiya prezidentinin Krımdakı şəxsi nümayəndəsi Georgi Muradov, Krım Respublikasının vitse-spikeri Mixail Şeremet, Dövlət Dumasının 3 deputatı, o cümlədən qalmaqallı Vladimir Jirinovski daxildir. Bundan əlavə, siyahıda 76-cı Pskov diviziyasının komandiri, general-mayor Aleksey Maumets də təşkilatın sanksiyaları ilə üzləşib.
Rusiyaya qarşı əlavə sanksiyalara ABŞ da qoşuldu
Aİ-nin ardınca rəsmi Vaşinqton da Kremlə qarşı əlavə sanksiyalara başlayıb. Bu barədə ABŞ prezidenti Barak Obama bəyan edib. O vurğulayıb ki, Rusiyanın Ukraynadakı qanunsuz hərəkətlərinə cavab olaraq ABŞ bu ölkəyə qarşı sanksiyaların intensivləşdirilməsi məsələsində Aİ-yə qoşulur: "Bu tədbirlər Rusiyanın siyasi təcridinin miqyasını genişləndirəcək və prezident Putinə və onun yaxın ətrafına mühüm olan sahələrdə Rusiya üçün iqtisadi dəyəri artıracaq. Sanksiyaların genişləndirilməsi Rusiya qoşunlarının və ağır silahlarının Ukrayna ərazisində olmasına cavabdır. Amma Moskva öz öhdəliklərini tam şəkildə icra edərsə, sanksiyalar dayandırıla bilər”.
Rusiya şirkətləri Avropadan qovulur
Rəsmi Brüssel üç Rusiya müdafiə müəssisəsinin və üç enerji şirkətinin Avropa kapital bazarına çıxışını məhdudlaşdırmaq niyyətindədir. Sanksiyalar qaz sektoruna şamil edilməyəcək. Məlumata əsasən, sanksiyalar aktivlərinin sayı 3 trilyon rubldan çox və gəlirlərinin yarısı neft və neft məhsullarının satışından əldə olunan şirkətlərə tətbiq ediləcək. Artıq Rusiya tərəfi də Aİ tərəfindən qəbul edilən sanksiyaların qeyri-konstruktiv olduğunu bildirib. Rusiya prezidenti Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, sanksiyalar Rusiya ilə yanaşı, Avropa iqtisadiyyatına da mənfi təsir edəcək.
Rusiya ABŞ-ı pislədi, İŞİD-i təriflədi
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksandr Lukaşeviç ABŞ-ın İŞİD planına görə Vaşinqtona xəbərdarlıq edib. O vurğulayıb ki, ABŞ, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından icazə almadan İŞİD-lə mübarizə məqsədilə Suriyada əməliyyatlar keçirə bilməz. Belə olacağı təqdirdə bu əməliyyatlar hücum və beynəlxalq hüquq normalarının pozulması kimi qəbul olunacaq: "ABŞ-ın Suriyada keçirəcəyi əməliyyatlar hökumət qüvvələrini də hücuma məruz qoya və ölkədəki böhranı daha da artıra bilər”.
Krım Rusiyadan alınacaq
Ukrayna prezidenti Pyotr Poroşenko Krımla bağlı bəyanat verib. Dövlət başçısı Krımı Moskvadan geri alacağına dair Ukrayna vətəndaşlarına vəd verib. Kiyev rəhbəri bu barədə Rusiya və AB-yə mesajlar çatdırıb.
Poroşenko 57 hərbçini geri alıb
Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk vilayətində əsir düşən daha 57 hərbçinin azad olunduğunu bildirib. Bu barədə Ukrayna lideri "Facebook” səhifəsində yazıb. "Separatçılarla danışıqlar nəticəsində daha 57 nəfər azad olunub”.
Prezident hərbçilərin hansı şərtlə azad olunması barədə məlumat verməyib.
Separatçılar 21 ukraynalı əsiri azad edib
Separatçılar əsir götürdükləri daha 21 ukraynalı hərbçini azad ediblər. Bunu Dnepropetrovsk vilayət dövlət administrasiyasının sədrinin müavini Boris Filatov deyib. Onun söylədiklərinə görə, beşi zabit olmaqla, daha 21 hərbçi azad edilib.
Poroşenko Krımdakı zavodlarını satır
Ukrayna prezidenti Sevastopolda yerləşən gəmi təmiri zavodunu satışa çıxarıb.
Sevastopol şəhərində üç gəmi təmiri zavodu - Müdafiə Nazirliyinin 13, 92-ci və Orcanikidze adına sabiq Sevastopol dəniz zavodu var. Bütün bu zavodlar Poroşenkoya məxsusdur. Hazırda zavodda siyahıyaalma prosesi gedir.
873 hərbçi öldürülüb
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəsmisi Andrey Lısenko bəyan edib ki, Ukraynanın şərqində hərbi əməliyyatlar başladığı gündən etibarən 873 hərbçi öldürülüb. Bu barədə "RİA Novosti” xəbər verib. Məlumata görə, antiterror əməliyyatları başlayandan bəri 873 Ukrayna hərbçisi öldürülüb, 3275 nəfər isə yaralanıb”.
Ukrayna 6 təyyarəsini itirib
Separatçılar beş idman-məşq təyyarəsini ələ keçiriblər. Bunu Ukraynanın şərqində xalq qoşununun liderlərindən birinə istinadən "VKontakte” sosial şəbəkəsində Qorlovkada "Donetsk Xalq qoşunu” komandiri İqor Bezlera qeyd edib. O söyləyib ki, separatçılar beş idman-məşq təyyarəsi - YAK-52 və bir A-29 təyyarəsini tutublar: "Bizim bölməmiz tərəfindən tutulmuş 5 YAK-52 və A-29 bir reaktiv təyyarəsi var”.
Vəziyyət gərginləşəcək
Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi Ukraynada yeni başlayan sülh prosesinin pozulması yolunu seçmək anlamına gəlir. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "Rossiya 1” telekanalına müsahibəsində vurğulayıb. Onun sözlərinə görə, sülh prosesinin möhkəmləndiyi dövrdə belə bir qərarın qəbul edilməsi düzgün deyil: "Rəsmi Moskva bu sanksiyalara "ehtiyatlı, adekvat və öncə öz maraqlarını nəzərə alaraq cavab verəcək”.
Putinlə Poroşenko yenidən görüşə bilər
Fransa, Moskva və Kiyev liderləri arasında yeni görüş təşkil etməyə hazırdır.
Bunu Fransa prezidenti Fransua Olland deyib. O əlavə edib ki, Paris ATƏT-in Ukrayna ilə bağlı təkliflərini dəstəkləməyə hazırdır.
Xatırladaq ki, Putinlə Poroşenkonun ilk təkbətək görüşü ötən ay Minskdə baş tutub.
Ukrayna böhranını şərh edən "Xəzər” Araşdırmalar Mərkəzinin rəhbəri, sabiq dövlət müşaviri Vəfa Quluzadə "Şərq”ə bildirib ki, Ukrayna münasibətləri Putin tərəfindən uzun müddətə pozulub: "Rusiya Ukraynada öz agenturasını hakimiyyətə gətirib ölkəni bütövlükdə ələ almaq istəyirdi. Baş tutmadı. Putin gücdən istifadə etmək istədi. Bütün qərb dövlətləri bunun əleyhinə qalxdı. Putin Rusiyada hakimiyyətdə qaldığı müddətdə iki dövlət arasında münasibətlər düzəlməyəcək. Ukraynada qərbin köməyi ilə demokratik dövlət qurulacaq, yeni prezident seçiləcək. Putin də bunun əleyhinə olacaq. Ona görə Rusiya-Ukrayna müsahibələri gərginlikdə olacaq. Amma hərb olmayacaq. O səbəbdən ki, Putin Ukraynanın əleyhinə silahdan istifadə
etməyə cəsarət etməz. Moskva lideri silahdan istifadə etsə, bu, Hitlerin təcavüzünə bənzər bir əməliyyat olacaq. Hitler necə ki, Polşanın əleyhinə əməliyyata başladı və sonra dünya müharibəsi yaratdı, bu, Ukraynada da baş verə bilər. NATO belə təcavüzü cavabsız qoymaz. Putin bunu bilir. Hesab edirəm ki, müharibə olmayacaq”.
Ekspertin qənaətincə, Rusiya legitimliyini itirən bir dövlətə çevrilib: "Qərb olduqca düzgün mövqedədir. Qərb Rusiyanın müstəqil dövlətin daxili işlərinə qarışmasını pisləyir. Açıq şəkildə bildirir ki, Putin və Lavrovun dedikləri həqiqəti əks etdirmir. Onlar Ukraynaya əsgər göndərməzdən əvvəl bəyanat vermişdilər ki, Ukraynaya əsgər göndərilməyəcək. Amma göndərdilər. İndi rus əsgəri Ukraynadadır. İnkar edirlər ki, rus əsgəri yoxdur, özünü müdafiə dəstələridir. Amma rus əsgərlərini daşıyan hərbi avtomobillərin nömrə nişanları və sairə televiziyalarda nümayiş etdirilir. Bununla Rusiya özünün legitimliyini itirən bir dövlətə çevrilib. Bu cür legitimliyini itirən dövlətə də qərbin münasibəti tamamilə açıq və düzgündür. Qərb Rusiya ilə siyasi, iqtisadi, diplomatik əlaqələri məhdudlaşdırır”.
V.Quluzadə hesab edir ki, Rusiyanın Ukrayna siyasəti iflasa uğrayacaq: "Bu böhranı yaradan Rusiyadır. Ukraynada yaşayan ruslar arasında Putin iqtidarı uzunmüddətli iş apardı. İndi də onun agenturası orada problemlər yaratmaq istəyir. Rəsmi Kiyev hakimiyyəti Ukraynadakı rusların təhlükəsizliyini təmin edəcək və təmin etmək iqtidarındadır. Həm də Krımda yalnız ruslar yaşamır. Krım tatarların vətəni olub. Orada 300 min tatar yaşayır. Onlar Ukraynanın daxilində olmaq istəyir və Krımın Rusiyaya birləşdirilməsini istəmirlər”.
Politoloq diqqətə çatdırıb ki, Rusiyaya regional təsirlər getdikcə güclənəcək, çünki Ukrayna böhranı bütün demokratik dünya ilə Rusiyanın qarşıdurmasına çevrilib: "Nəticə etibarı ilə Rusiya bu mübarizəni uduzacaq. Rusiyanın mübarizəni uduzması öz növbəsində bu ölkədə hakimiyyət dəyişikliyinə, Putin iqtidarının siyasi səhnədən getməsinə gətirib çıxara bilər. Bu isə bütün regiona çox böyük müsbət təsir edə bilər. Məsələn, Qarabağ məsələsi Rus imperiyasının siyasəti nəticəsində həll oluna bilmir. Ermənistana Azərbaycanla sülh müqaviləsi imzalamağa və Türkiyə ilə sərhədlərini açmağa imkan vermirlər. Ona görə də biz Ukraynanın və qərbin qələbəsində maraqlıyıq. Hipotetik şəkildə düşünsək ki, Rusiya burada qələbə qazana bilər. Rusiyanın qələbəsi Sovet imperiyasının bərpa olunması deməkdir. Bütün yeni demokratik dövlətlərdə Polşa, Macarıstan, Baltik respublikalarında, MDB dövlətlərində ruslar yaşayır. Rusiyanın rusları qorumaqla bağlı yeni doktrinası faşist ideologiyasıdır. Necə ki, Hitler bütün dünyada yəhudilərin məhv edilməsini elan etmişdi. İndi Putin də elan edib ki, hansı ölkədə ruslara qarşı hərəkət olsa, əsgər göndərəcək. Bu, çürük ideologiyadır. Bu ideologiyaya demokratik aləm cavab verməlidir. Buna yol vermək olmaz ki, nəticə əldə etsin”.
Ayyət Əhməd