Rusiya mediası separatçılara yer verdi, bizə yox

“Rusiyada ermənilərlə sıx münasibətdə olan tərəflərin mövcudluğu heç kimə sirr deyil”



Rusiyanın "lenta.ru” saytında işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanla müsahibə dərc edilib. Azərbaycanın Rusiyadakı səfirliyinin məlumatında bildirilir ki, diplomatik nümayəndəlik bununla əlaqədar "lenta.ru”nun redaksiyasına müraciət edərək səfirliyin mövqeyinin dərc olunmasını xahiş edib.

Buna cavab olaraq sözügedən media qurumu Rusiyanın KİV haqqında qanununu kobud şəkildə pozaraq səfirliyin mövqeyini işıqlandırmayacağını bildirib. Bundan başqa, redaksiya Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə müsahibə üçün şərt irəli sürüb. Səfir Bülbüloğlu isə hazırda Rusiyanın da üzvü olduğu və tərkibində müstəsna rol oynadığı ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə münaqişənin dinc yolla nizamlanması üzrə intensiv danışıqların aparıldığı bir zamanda həmin müsahibənin təxribat olduğunu və saytın suallarına cavab verməyin məqsədəuyğun olmadığını hesab edib. Yaranmış vəziyyəti nəzərə alan səfirlik müsahibə ilə bağlı Azərbaycan tərəfinin münasibətini yayıb: "Beynəlxalq ictimaiyyətin səyləri çərçivəsində münaqişənin nizamlanması üzrə ciddi iş görülür və Rusiya bu prosesdə müstəsna rol oynayır. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri də daxil olmaqla, BMT-yə üzv olan bütün dövlətlər Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, qondarma DQR-i qəbul etmir. Belə bir şəraitdə Saakyanın böhtanlarını yaymaq nəyə gərəkdir? Ən əsası isə odur ki, həmin böhtan xarakterli iddialar Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması ilə bağlı Rusiyanın mövqeyinə ziddir və yaranmış vəziyyətdən çıxış yolunun tapılması istiqamətindəki səyləri heçə endirir”. Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən politoloq İlqar Vəlizadə deyib ki, hazırda danışıqlar prosesi ilə bağlı Rusiyada müxtəlif fikirlər var: "Siyasi rəhbərliyin bir hissəsi danışıqların nəticə verməyini istəyir. Həmin qüvvələr Rusiyanın gücünü və maraqlarını ön plana çəkərək münaqişə tərəflərinə nüfuz etməyə səy göstərirlər. Amma ölkə daxilində bu işə müsbət yanaşmayan, Azərbaycanın deyil, ermənilərin mövqeyini açıq və ya gizli şəkildə müdafiə edən güclər var. Bunlar siyasi partiyalardan, QHT-lərdən və media qurumlarından ibarətdir. Eyni zamanda Rusiyada ermənilərlə sıx münasibətdə olan tərəflərin mövcudluğu heç kimə sirr deyil. Həmin dairələr danışıqların müsbət nəticə verəcəyindən çox narahat olurlar. Ona görə də bu cür təxribatçı addımlar atırlar. Qondarma rejimin təmsilçisinə mediada yer verilməsi də sırf bu məqsədə xidmət edir. Cəmiyyəti inandırmağa çalışırlar ki, guya, Rusiyanın məqsədi indiki status-kvonu saxlamaqdan ibarətdir”.