“Rusiya müharibəyə hazırlaşır”

“Belə böyükmiqyaslı hərbi təlim Rusiyanın hərbi büdcəsindən milyardlarla vəsait aparacaq”




Rusiya Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşən hərbi bazasının təlimləri başlayıb. 400-dən çox artilleriyaçının iştirakı ilə keçirilən təlimlər dəniz səviyyəsindən 2 min metr yüksəklikdə keçirilir və martın sonunadək davam edəcək.

Məşğələlər döyüş atışı ilə birlikdə artilleriyaçıların taktiki təlimləri ilə başa çatacaq. Bu zaman dağlıq ərazidə şərti düşmənin obyekt və canlı qüvvəsinin məhv edilməsi tapşırığı yerinə yetiriləcək.

İndiki situasiyada Rusiya Cənub Hərbi Dairəsinin təlimlərə başlamasını dəyərləndirən politoloq Qabil Hüseynli hesab edir ki, təlimlər Rusiyanın, nədənsə, ehtiyat edərək hansısa müharibəyə hazırlaşması təəssüratını yaradır: "Ordunun hərbi hazırlıq səviyyəsini yüksəltmək, əsgərlərin hərbi vərdişlərini inkişaf etdirmək üçün təlimlərin keçirilməsi vacibdir. Rusiyanın keçirdiyi hərbi təlim, miqyasına və coğrafi əhatəsinə görə, sıravi, qrafik üzrə olan təlimlərdən fərqlənir. Bu, fövqəladə təlimlər sırasına daxildir və daha çox əzələ nümayişinə bənzəyir. Rusiyanın keçirdiyi hərbi təlimlərə Qara dəniz və Xəzər donanmalarının da qoşulması o deməkdir ki, Rusiya nədənsə ehtiyat edərək hansısa müharibəyə hazırlaşır.

Bu çox təhlükəli bir tendensiyadır. Həm də qarşı tərəfi təhrik etmək, psixoloji təzyiq altında saxlamaq məqsədi güdür. Rusiyanın maliyyə imkanları azaldıqca, iqtisadi inkişafı zəiflədikcə, hərbi xərclərini artırır. Belə təəssürat yaranır ki, ölkənin rəhbərliyi şüurlu şəkildə ölkəni iqtisadi iflasa doğru aparır. Belə böyükmiqyaslı hərbi təlim Rusiyanın hərbi büdcəsindən milyardlarla vəsait aparacaq. Bu, eyni zamanda, Rusiyanın güclənməsinə deyil, zəifləməsinə gətirib çıxaracaq. Zənnimcə, Rusiya Qərbin, xüsusən NATO-nun hansısa təhdidlərindən qorxur və buna qarşı hazırlaşır”.

Şəymən