Rusiya Qarabağla bağlı cəlbedici təkliflər ortaya atır

Sergey Şoyqunun Azərbaycana səfəri təkcə silah alveri ilə bağlı deyil



Dünən Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycana gəlib. Müdafiə Nazirliyindən verilən məlumata görə, səfərin məqsədi iki ölkənin nazirlikləri arasında 2015-ci il üçün Əməkdaşlıq Planının imzalanmasıdır. İkitərəfli görüşdə bir sıra regional məsələlərin də müzakirə olunacağı bildirilib.

Ekspertlər səfəri bir neçə aspektdən şərh ediblər. Aydın məsələdir ki, Rusiyanın Cənubi Qafqazda ən yaxın müttəfiqi Ermənistandır. Ancaq Rusiya Azərbaycanı varlı silah alıcısı kimi görür və Bakının son dövrlərdə Türkiyə ilə birgə təlimlər keçirməsindən, hərbi sahədə Türkiyə ilə əməkdaşlığından narahatlıq duyur. Çünki bu əməkdaşlıq gələcəkdə Rusiya silahlarından imtinaya gətirə bilər. Bu mənada Kremlin Bakı ilə təmasları artırması anlaşılandır. Lakin politoloqların fikrincə, son dövrlər Rusiyanın dövlət və siyasi xadimlərinin Azərbaycana artan səfərləri fonunda Sergey Şoyqunun gəlişinin başqa səbəbləri də ola bilər.

"Xəzər” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vəfa Quluzadənin sözlərinə görə, Rusiyanın müdafiə naziri Bakıya silah satmağa gəlir: "Şoyqu elə də ciddi səlahiyyətlərə malik, əhəmiyyətli məsələləri həll edə biləcək bir şəxs deyil. Onun Bakıya səfərinin məqsədi Rusiyanı düşdüyü ağır iqtisadi durumdan çıxarmaqdır. Məlumata görə, Şoyqunun gəlişi silah satışı ilə bağlı Azərbaycanla müqavilə imzalamağa hesablanıb. Putin Azərbaycana səfər etdikdən və Soçi görüşündən sonra Azərbaycan Gömrük İttifaqına getdimi? Getmədi. Çünki Kremlin şərtlərinə razılıq vermək Azərbaycan üçün ölüm hökmü olar”.

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Aydın Mirzəzadə isə deyib ki, Şoyqunun Azərbaycana səfəri zamanı keçiriləcək görüşlərdə Qarabağ problemi və Rusiyadan bu məsələnin həllində öz yardımını göstərməsi müzakirə ediləcək. Deputat bildirib ki, Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrində olduğu kimi, hərbi və hərbi-texniki sahədə də əməkdaşlığa çox böyük diqqət yetirilməlidir: "Hər iki ölkə qonşu olmaqla yanaşı, həm də strateji müttəfiqdirlər. Hesab edirəm ki, səfərin əsas məqsədi hərbi sahədə ikitərəfli münasibətləri müzakirə etmək və aparılan müzakirələrin yekunu olaraq əməkdaşlıq planı ilə bağlı protokolu təsdiqləməkdir”. Millət vəkili onu da əlavə etdi ki, görüşdə təbii olaraq Qarabağ probleminin həlli də müzakirə mövzusu olacaq: "Rusiya Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Həmçinin münaqişə edən tərəflərin ikisi ilə də yaxşı münasibəti var. Bu baxımdan Dağlıq Qarabağ məsələsinin ciddi müzakirə olunacağını düşünürəm. Rusiyadan bu məsələdə Ermənistana təsir edib münaqişənin həllinə yardımçı olması istəniləcək”.

Politoloq Natiq Miri bəyan edib ki, son günlər intensivləşən səfərlər Azərbaycan üçün gözəl gələcək vəd etmir. Ekspertin fikrincə, Rusiya rəsmilərinin ardıcıl olaraq Bakıya səfər etməsi onu göstərir ki, Moskva Azərbaycanı əldən vermək istəmir: "Üzləşdiyi sanksiyalara görə Rusiya ilə silah alverinə ciddi məhdudiyyətlər qoyulub. Kreml indiki vəziyyətdə maraqlıdır ki, Azərbaycan daimi silah alıcısı kimi bütün texnikasını Rusiyadan alsın. Yəni Moskvanın silah alıcısı kimi rəsmi Bakıya ciddi ehtiyacı var. Amma Şoyqu ilə görüşlərdə təkcə silah məsələsi müzakirə olunmayacaq. Çox güman ki, Rusiya Azərbaycanı öz orbitində saxlamaq üçün Qarabağla bağlı cəlbedici təkliflər ortaya atacaq. Münaqişənin həlli çərçivəsində rus qoşunlarının Dağlıq Qarabağda yerləşdirilməsi də müzakirə obyekti ola bilər”.

İsmayıl