Zəfər Quliyev: “Şimal qonşumuzun Ukrayna və digər postsovet ölkələrinə qarşı siyasəti çox təhlükəlidir”
Qərbin, ələlxüsus da Amerikanın sanksiyalarına rəğmən Rusiya Ukrayna ilə bağlı siyasətində geriyə çəkilmir. Əksinə, irəliyə doğru addımlarını daha da qətiləşdirir. Çünki Ukraynanı öz çətiri altında birləşdirmək istəyi fiaskoya uğrayıb.
Kiyev Qərbə inteqrasiya prosesini dəstəkləyərək Avropa Birliyi ilə assosiativ saziş imzalayıb. Bu uğursuzluqdan sonra Kreml Kiyevə təsir gücünü saxlamaq üçün başqa yola əl atıb. Ukraynada separatçı qruplaşmalar yaradaraq, onlara dəstək verməklə ölkəni parçalama siyasətini yürüdüb. Hazırda isə həmin diplomatiyasının "bəhrəsini” görməkdədir. Belə ki, ölkənin Cənub-Şərqində, Luqansk və Donetsk vilayətlərində qondarma respublika elan edən Rusiyameyilli separatçılar bu günlərdə parlament seçkiləri keçiriblər. Səsvermə zamanı "Donetsk Xalq Respublikası”nda yaşı 16-ya, "Luqansk Xalq Respublikası”nda isə yaşı 18-ə çatanlar səs vermək hüququna malikdir. Donetsk vilayətində ümumilikdə 3,2 milyon, Luqanskda isə 1 milyon nəfərin səsvermə hüququ var. "DXP”də seçkilərdə səsvermə 364 seçki məntəqəsində keçirilir, daha 3 məntəqə isə Rusiya ərazisində - Voronej, Rostov və Belqorod vilayətlərindəki qaçqın düşərgələrində açılıb. "LXP” də isə 102 səsvermə məntəqəsi açılıb. Daha 3 məntəqə isə Rusiya ərazisindəki qaçqın düşərgələrindədir. Moskvanın marafon haqda münasibətinə gəlincə, Kremlin seçkilərin legitimliyini tanıdığı bildirilir.
Bu işlərin başında Rusiyanın dayandığını deyən tanınmış politoloq Zəfər Quliyev "Şərq”ə açıqlamasında qeyd edib ki, Moskva iki yolla dayandırıla bilər: "Birincisi odur ki, gərək beynəlxalq strukturlar, ABŞ və bir sıra Avropa ölkələri Kremlə təzyiqlərini gücləndirsinlər. Putinin qanunsuz davranışlarını BMT və başqa təsisatlarda müzakirəyə çıxarsınlar. İkinci yol isə birbaşa hərbi qarşıdurmadır. Məlumdur ki, ABŞ və Avropa ölkələri Rusiyanın nüvə dövləti olduğunu nəzərə alıb, müharibəyə getmirlər. Bu III dünya savaşının başlaması deməkdir. Hesab edirəm ki, birinci yolu davam etdirib, Kremli çəkindirmək mümkündür. Sanksiyalar Rusiyanı cana yığıb. Ölkə daxilində narazılıqlar güclənir. Getdikcə iqtisadiyyatı da zəifləyir”.
Ekspertin sözlərinə görə, şimal qonşumuzun Ukrayna və digər postsovet ölkələrinə qarşı siyasəti çox təhlükəlidir: "Qondarma respublikalarda gerçəkləşən seçkilərdən sonra Moskva həmin respublikalarla əməkdaşlıq edəcək. Və iki ssenaridən birini həyata keçirməyə çalışacaq. Ya Dağlıq Qarabağda olduğu kimi Ukrayna daxilində də separatçı rejimi uzunmüddətli bir münaqişə vasitəsi olaraq saxlayıb, onların əli ilə rəsmi Kiyevə təzyiqlər göstərəcək, ya da seçkilərdən sonra Donetsk və Luqansk vilayətlərində təxminən Krım ssenarisinə oxşar bir ssenarini həyata keçirəcək. Qondarma respublikaların parlamenti və hakimiyyəti referendum keçirib, Rusiyanın tərkibinə qatılmaları üçün Kremlə müraciət edəcəklər. Ola bilər ki, imperiya həvəsinə düşən Moskva sözügedən vilayətləri qoruyacaq və öz tərkibinə qatacaq. Bu da Qərblə Rusiya arasındakı qarşıdurmanı daha gərgin fazaya gətirəcək”.
Ayyət Əhməd