Rusiya silah satışında pariteti saxlayır?

“Ermənistana verilən silahlar birbaşa Azərbaycanın işğal olunmuş ərazilərinə daşınır”



Rusiyanın Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Aleksandr Fomin "İzvestiya” qəzetinə açıqlamasında Rusiyanın Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşdiyi bir dövrdə Ermənistan və Azərbaycana silah-sursat tədarükündə pariteti saxlamağa çalışdığını bildirib.

Fominin sözlərinə görə, hərbi-texniki əməkdaşlığın əsas məqsədi heç də qüvvələr balansını pozmağa yönəlməyib: "Paradoksal səslənsə də, əsas məqsəd konkret ölkə, region və bütövlükdə dünyada sülh və stabilliyin qorunub saxlanmasına yardım etməkdir. Rusiya tərəflərə silah sistemlərinin satışı zamanı həm keyfiyyət, həm də kəmiyyət olaraq paritetin saxlanmasına çalışacaq”.
Rusiyanın Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbərinin açıqlamasını şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun sözlərinə görə, Rusiya Ukraynadakı hadisələrindən sonra üzləşdiyi iqtisadi çətinliklərdən yaxa qurtarmaq üçün müxtəlif yollara əl atır. Həmin yollardan biri də silah-sursat satışından əldə olunan gəlirdir: "Bu yaxınlarda Rusiyanın müdafiə naziri Sergey Şoyqu də hazırda Rusiyanın silah satışı ilə bağlı 50 milyardlıq sənədi olduğunu deyib. Bu müqavilələr isə müxtəlif ölkələrlə bağlanıb. Həmin ölkələr arasında Azərbaycan və Ermənistan və digər postsovet ölkələri də var. Dediyim odur ki, Rusiya üçün regionun stabilliyi, münaqişələrin sülh və ya hərbi yolla həll olunması heç bir əhəmiyyət kəsb eləmir. Onlar üçün prioritet olan büdcələrini doldurmaqdır. Rusiyanın sülhyaratma missiyası da formal xarakterlidir. Əks halda Ermənistanı davamlı olaraq silahlandırmazdı. Faktiki olaraq, Rusiya Ermənistana qanuni yolla silah satmaqdan əlavə, qeyri-qanuni yolla da erməni ordusunu silahlandırır. Hələ 90-cı illərdə Rusiya 1 milyon dollarlıq silah-sursatın Ermənistana qeyri-qanuni yolla çatdırılması ilə bağlı məsələnin araşdırılması gündəmə gəlmişdi. Ancaq sonradan Rusiya Dövlət Dumasında yaradılan araşdırma komissiyasına sədrlik edən generalın öldürülməsi ilə məsələ unuduldu. Azərbaycan tərəfi isə məsələnin üzərinə getmədi. Ötən 25 il ərzində biz Rusiyanın Ermənistan ordusunu qeyri-qanuni şəkildə silahlandırmasının dəfələrlə şahidi olmuşuq. Amma Rusiyanın Hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Ermənistan və Azərbaycana silah-sursat tədarükündə pariteti saxlamağa çalışdıqlarını bəyan edir. Halbuki biz Rusiyadan aldığımız silahların artıqlaması ilə pulunu ödəyirik. Ermənistana isə güzəştli şərtlərlə hərbi texnika satırlar. Hətta Gümrüdəki 102-ci bazadan çıxarılan texnikalar Ermənistana verilir. Hətta deyərdim ki, regiondakı münaqişənin bu qədər uzanması və gərginliyin artmasında Rusiyanın da "pay”ı var. Ermənistana verilən silahlar birbaşa Azərbaycanın işğal olunmuş ərazilərinə daşınır. Beynəlxalq qurumlar isə bircə dəfə də olsa, hesabat tələb etmirlər ki, iqtisadi vəziyyəti çətin olan Ermənistan hökuməti bu qədər silah-sursatı necə əldə edib? Aprel döyüşlərində sarsıdıcı zərbə alan Ermənistan ordusu cəbhə bölgəsinə çoxlu hərbi texnika yığıb və hazırda təlimlər keçirirlər. Temperaturun 40-45 dərəcəyə çatdığı vaxtda ermənilərin təlim keçirməsinin özü də son dərəcə düşündürücüdür”.
Şəymən