"Rusiya Şimali Koreyaya əl altından silahlar göndərir" - ABŞ-a ZİDD




"Rusiyanın yeritdiyi xarici siyasət xətti dünyada gərginlik yaratmağın əsas mənbəyi olacaq”.

Bunu Sherg.az-a Rusiya prezidenti Vladimir Putin və Amerika prezidenti Donald Tramp arasındakı telefon danışığına müzakirə olunacaq məsələləri izah edərkən politoloq Qabil Hüseynli deyib. 

O bildirib ki, bu gün təkcə telefon danışığı olmayacaq. Həm də Alyaskada Amerikanın dövlət katibi ilə Rusiyanın xarici işlər naziri görüşəcək:

"Gündəmdə olan əsas məsələ Şimali Koreyanın taleyidir. Məlum olduğu kimi, həmin ölkə dünyanı öz silahı ilə təhdid edir. Həqiqətən, Şimali Koreyada acınacaqlı vəziyyət yaranıb. Ölkənin gəlirlərinin təxminən 60 faizi hərbi xərclərə qoyulub. Əhalisi isə çox acınacaqlı durumda yaşayır. Üstəlik, qonşu dövlətlərin təhdidi Şimali Koreyanı bir az da çətin vəziyyətə salır. Amerika da bu əraziyə özünün böyük gəmilərdən ibarət hərbi qüvvələrin gətirib. Yaponiya və Cənubi Koreya da bu prosesdə iştirak etməyə başlayıb. Hazırda ciddi müharibə riski əmələ gəlib. Çin isə bu məsələdə hələlik neytrallıq nümayiş etdirir. Həmçinin Amerikanın bu məsələdə siyasətini tənqid edir. Münasibətlər müharibəyə doğru gedir. Bəzi məlumatlara görə, isə Rusiya bu qarşıdurmada Şimali Koreyanı müdafiə edir. Hətta əl altından ona silahlar göndərir. 

Zənnimcə, Rusiya kimi dünyaya meydan oxuyan, ağlı yerində olmayan ölkənin buna getməsi əcaib səslənir. Rusiya bütün beynəlxalq aləmə meydan oxuyur. Müharibə başlanarsa, bu, çox böyük fəlakətlərə səbəb ola bilər. Çünki Şimali Koreyanın uzaq məsafəyə uçan ballistik raketləri var. Nüvə silahı üzərində də işlərin başa çatdığı bildirilsə də, düşünürəm ki. bu ölkənin tamamlanmış nüvə silahı proqramı yoxdur. Bu nöqteyi-nəzərdən indiki vəziyyətdə həmin dövləti ram edərək, xüsusilə onun başında duran şəxsin hakimiyyətdən uzaqlaşdırılması, Şimali və Cənubi Koreyanın birləşdirilməsi dünyaya daha yaxşı töhfə verə bilər. Suriyada olduğu kimi, əzələ nümayişi, dövlət maraqlarının müdafiəsi üçün fərqli fikirlər səsləndirilməsi, Amerikanın qarşısında dayanmaq hiss olunur. Buna görə Amerika da Rusiyaya müəyyən xəbərdarlıq edir. 

Bu gün həm xarici işlər nazirlərinin görüşləri, həm də prezidentlərin telefon danışığı bir çox məsələlərə aydınlıq gətirməlidir. Onsuz da Amerika Şimali Koreya ilə bağlı niyyətlərini həyata keçirməyə çalışacaq. Rusiya istəsə də, buna mane olmaq imkanlarına malik deyil. Rusiya bunun əvəzində Amerikadan güzəştlər qoparmağa cəhd edə bilər. İstənilən halda hazırkı gərgin vəziyyət Amerika siyasətində, prezidentin ətrafında toplaşan bəzi qrupları ciddi narahat edir”.

Qeyd edək ki, bu, D.Tramp və V. Putin arasında baş tutan üçüncü telefon danışığı olacaq.