...Dağlıq Qarabağ probleminin həllinə də kömək edə bilər
"Avropa rəsmi Ankaranı Rusiyaya qarşı tətbiq edilən sanksiyalara sövq etməyi planlaşdırır. O, buna nail olmaq üçün Türkiyəyə təzyiqlər də göstərə bilər”. Bu barədə "Reuters” informasiya agentliyi məlumat yayıb.
İddialara görə, 8-9 dekabr tarixlərində Türkiyəyə edəcəkləri səfər çərçivəsində Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, Aİ-nin Avropa və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han və Aİ-nin humanitar kömək və böhranın idarə edilməsi üzrə komissarı Xristos Stilianidis Türkiyə rəhbərliyini Rusiya əleyhinə sanksiyalara qoşulmağa inandırmağa çalışacaqlar. Bundan başqa, Ərdoğan hökumətindən Moskvaya əlavə məhsul ixracından imtina etməsini istəyəcəklər.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov "Şərq”ə açıqlamasında Aİ-nin narahatlıqlarını Rusiya-Avropa münasibətlərinin gərginliyi ilə izah edib. Onun sözlərinə görə, Kreml rəhbəri Vladimir Putinin Türkiyəyə səfəri Avropanı ciddi əndişəyə salıb: "Türkiyə NATO ölkəsidir. Regionun lider ölkələrindən biridir. Avropa-Rusiya münasibətlərinin kəskinləşdiyi bir dönəmdə Ankara ilə Moskva arasındakı yaxınlaşma Avropanı narahat etməyə bilməzdi”.
Fransa prezidenti Fransua Ollandın Moskva səfərinin təsadüfi olmadığını deyən ekspert hesab edir ki, avropalı analitiklərin Rusiyanın qısa zamanda çökəcəyi barədə proqnozları özünü doğrultmadı: "Avropa artıq dərk edir ki, Kreml heç də zəifləmir. Nəhəng ölkədir. Enerji
resursları böyükdür. Onun çökməsi mümkünsüzdür. Qonşuları ilə intensiv görüşlər keçirməsi, ikitərəfli və çoxtərəfli sazişləri dərinləşdirməsi bir daha onu göstərdi ki, Rusiya manevr imkanlarına malikdir. Türkiyə kimi qüdrətli bir ölkənin Rusiya ilə yaxınlaşması şimal qonşumuzun qüdrətini yüksəldə bilər. Bu da Avropanın maraqlarına tamamən ziddir”.
Türkiyəyə təzyiqlərində Avropanın haqlı olub-olmamasına gəlincə, mərkəz sədri qeyd edib ki, hər bir ölkənin öz maraqları var: "Ankara ilə Moskva arasındakı münasibətlər həmişə isti olub”.
R.Qonaqovun qənaətincə, Türkiyə-Rusiya yaxınlaşması Azərbaycan üçün çox əlverişlidir: "Bu, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə müsbət impuls verə bilər”.
Ayyət Əhməd