Rusiyada yeni dönəm başlayır

"Görünür Nemtsovun qətlinə ehtiyac yarandı"Hakimiyyət demək istəyirdi ki, o, qətiyyətlidir və özünü qorumaq üçün hər bir şeyə gedəcək
Rusiya müxalifətinin lideri, prezident Vladimir Putinin əsas rəqiblərindən sayılan Boris Nemtsovun Kreml divarları yaxınlığında naməlum şəxslər tərəfindən qətlə yetirilməsi, dünyanın əsas müzakirə mövzularından birinə çevrilib. Əksər şərhçilər Nemtsovun qətlinin sifarişçisi kimi Putini göstərsələr də, qətlə ilk reaksiya verən Kreml rəhbəri birmənalı şəkildə bunu pisləyən bəyanat verdi. Öz versiyasını səsləndirən rəsmi Moskva, bu qətlin Rusiyada təxribatın baş verməsi üçün xarici qüvvələrin əli ilə reallaşdırıla biləcəyini irəli sürdü. Amma əksər analitiklər bu qətldə Rusiya hakimiyyətini günahkar kimi görürlər. Ekspertlər bildirir ki, Rusiyada ən yaxşı mühafizə olunan Kreml sarayı yaxınlığında, qətlin törədilməsini xarici qüvvələrin kəşfiyyat orqanları törədə bilməzdilər.
Putinin əsas rəqiblərindən birinin qətli ilə bağlı versiyaların irəli sürüldüyü bir vaxtda, Rusiya hüquq-mühafizə orqanları araşdırmalarını davam etdirirlər. Hətta qətl törədilən zaman Nemtsovun yanında olmuş modelyer də dindirilib, lazımi ifadələr alınıb. Azərbaycanlı siyasi şərhçilərin isə müxalif liderin öldürülməsi ilə bağlı öz fikirləri var.
"Rusiyada əvvəlcə başı kəsib, sonra müzakirə edirlər”
Milli Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyir ki, Nemtsovun qətlə yetirilməsi Ukraynada qohum slavyan xalqlarının bir-birini ölüb, öldürməsi hadisəsi də daxil ən üzücü olaylardandır. Onun sözlərinə görə, bu hadisə təkcə siyasi deyil, həm də insanların gözlərini qorxudan, sərbəst iradələrini zorlayan mənəvi terror sayılır: "Amma daha acı olan bir hadisə bu olaya korporativ şəbəkə maraqlarından dolayı qiymətin verilməsidir. Bəziləri Putin hakimiyyətinin iddia etdiyi kimi, bu hadisəni Qərb dünyasının ayağına yazır və heç cür Kremlə toz qondurmaq istəmirlər. Belə bir siyasi qətlin Rusiya üçün indiki həssas məqamda lazım olmadığını əsas gətirirlər və hadisəni Qərbin aranı qarışdırmaq niyyətiylə əsaslandırırlar. Təbii ki, Qərb də mələk deyil. Amma bu cür versiyalar Rusiyadakı Putin rejiminin üzünü yumaq kimi bir şeydir. Sual olunur, görəsən, Putin rejimini daim ifşa edən Staravoytovanı, Serqey Yuşenkovu, Anna Politkovskayanı və onlarla demokratiya tərəfdarlarının qətlini də Qərb sifariş vermişdi? Ola bilsin ki, bu qətli birbaşa Putin sifariş etməyib. Amma Putinin yaratdığı ifrat şovinist-millətçi mühit bu insanları məhv edirsə, burada sifarişçinin kim olmasının nə dəxli var?
İndiki həssas məqamda bu siyasi qətlin Kremlə lazım olmadığını iddia edənlər yanılırlar. Krımın işğalından sonra məgər Rusiya üçün dünya gücləri qarşısında həssas məqam yaranmamışdı ki, əlavə olaraq Donbası da işğal etdilər? Donbas azmış kimi, Rusiya bu gün Gürcüstanı, Moldovanı, Qazaxıstanı, NATO üzvü olan Baltikyanı ölkələri, Şərqi Avropa ölkələrini təhdid edirsə, Moskva üçün heç bir həssas məqamın olmadığını göstərmirmi? Rusiya Krımı işğal edəndən sonra Donbasda ruslar da daxil bütün əhalini ən müasir reaktiv silahlarla kütləvi məhv edərək, üstəlik, dünyanın gözünün içinə "Ukraynada rus qoşunları yoxdur” - deyə bilirsə, hansı həssas məqamdan danışmaq mümkündür? Rusiyanın reaktiv raket sistemiylə vurulan mülki təyyarə və orada tələf olan yüzlərlə günahsız insanlar həssas məqam deyilsə, bəs həssas məqam nədir rəsmi Moskva üçün? Bütün bu sadalananlar göstərir ki, Rusiya üçün həssas məqam deyilən anlayış yoxdur. Rusiyada əvvəlcə başı kəsib, sonra müzakirə edirlər. Mənə elə gəlir ki, Nemtsovun qətli Putin rejiminin sifarişidir”.
"Rusiya - millətlər zindanıdır”
"Real” Hərəkatının üzvü Azər Qasımlı isə bildirib ki, siyasi rəqibin aradan götürülməsi faktı Rusiya tarixində ilk hadisə olmasa da, Nemtsovun qətli ruslar üçün yeni dönəmin başlanğıcıdır: "Ruslar 28 fevral gecəsi cini bir daha şüşədən buraxmış oldular. Artıq siyasi repressiyalar mərhələsi siyasi qətllər mərhələsinə keçmiş oldu. Nemtsovu öldürənlərin və ya bu qətli sifariş edənlərin kimliyindən asılı olmayaraq, 21-ci əsrdə, Moskvanın göbəyində, Kremlin beş addımlığında müxalifət liderinin öldürülməsi - mövcud siyasi sistemin sifarişidir. Bu gün açıq demək lazımdır, Nemtsovu qətlə yetirən bugünkü Putin siyasi rejimidir. Mən demirəm ki, Nemtsovu qətlə yetirməyi bilavasitə Putin sifariş edib. İndiki mərhələdə, müxalifətin mitinqinə bir gün qalmış Nemtsov kimi müxalif liderin aradan götürülməsi Putinin siyasi maraqlarına hətta daxil olmaya da bilər. Amma məsələ bu qədər sadə və primitiv deyil. Putinin yaratdığı "siyasi əjdaha” kimliyindən asılı olmayaraq istənilən insanın həyatına, istənilən zaman son verə bilər. Proseslər bizə onu deməyə əsas verir ki, belə getsə, Putin özü də bu "əjdaha”nın qurbanı olacaq. Çünki onların yaratdığı və bəslədiyi oliqarxik sistem hər zaman nəzarətdən çıxa bilər. Düşünün, 2014-cü ildə 10 milyardı olan bir rus oliqarxının Ukrayna hadisələrinə görə, Qərbin sanksiyalarına görə bu gün 2 milyardı qalıb! Bugünkü Rusiyada onlarla belə oliqarx var”. Analitikin qənaətincə, Nemtsovun qətlindən sonra bir daha aydın olur ki, ölkəni belə idarə etmək olmaz: "Hakimiyyət deyir ki, Rusiyada Maydan hərəkatı olmamalıdır və olmayacaq. Lakin vətəndaşlar birdəfəlik anlamalıdırlar ki, Maydanı yetişdirən Nemtsovlar deyil, sistemin özüdür. Rusiyanın əsl patriotu olan Nemtsov kimi insanlar isə bu sistemin qurbanı olur. Lenin vaxtilə tarixi bir fikir söyləmişdi ki, "Rusiya - millətlər zindanıdır”. Hakimiyyətdə kimliyindən asılı olmayaraq rus iqtidarları qonşu xalqlara qarşı hər zaman aşağılayıcı, şovinist mövqedə olub. Lakin rus tarixində hər zaman kiçik və həssas bir zümrə, liberal intellektualların təbəqəsi olub ki, ümumi tarixi qaydaya uyğun gəlməyərək, yalnız rus xalqının deyil, digərlərin də dostu olmağı bacarıb. Boris Nemtsov, son illər böyük çaba göstərərək ayaqda durmağa nail olan bu təbəqənin ən parlaq nümayəndəsi idi. O, ən azı Ukrayna xalqının dostu idi. Ruslar ukraynalılara bunu da çox gördülər. Hesab edirəm ki, Nemtsovun qətli rus cəmiyyəti üçün "ya dəyiş, ya məhv ol” tezisinin tarixi aktuallığını bir daha canlandırdı”.
"Rusiya tipli dövlətdə belə bir siyasətçi birmənalı olaraq daimi nəzarətdədir”
"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə hesab edir ki, görünür, Rusiyada müxalifət liderinin qətlinə ehtiyac yarandı: "Çünki hakimiyyət demək istəyirdi ki, o, qətiyyətlidir və özünü qorumaq üçün hər bir şeyə gedəcək. Mən bunu belə qəbul etdim. Təbii ki, ilk növbədə ciddi opponentin sıradan çıxarılması məsələsi var idi, bu hədəfə çatıldı. Digər tərəfdən, müxalifət, hakimiyyət opponentləri sıralarında qorxu, xof yaratmaq lazım idi ki, qarşıdakı rəqib qətiyyətli rəqibdir, o, hər şeyə getməyə hazırdır. Həm də beynəlxalq aləmə mesaj var idi ki, biz hətta daxildə repressiyalara, qətllərə belə getməyə hazırıq, amma hakimiyyəti qoruyacağıq. Qətlin üstündən bircə saat keçmiş Rusiya prezidentinin verdiyi açıqlama, məncə, hər şeydən xəbər verirdi. Məsələ burasındadır ki, hər hansı bir cinayətin və ya siyasi terrorun araşdırılması məhkəmənin, istintaqın səlahiyyətinə aid məsələdir. Yalnız onlar cinayətin, qətlin motivlərini müəyyənləşdirə, ictimaiyyətə açıqlamalar verə bilər. Təsəvvür edin ki, Nemtsovun qətlindən sonra hadisə yerindən canlı yayım gedir, Rusiyanın nə istintaq qrupunun, nə Daxili İşlər Nazirliyinin nümayəndələri heç bir açıqlama vermir. İlkin açıqlama isə Rusiya prezidentindən gəlir. Prezidentin mətbuat katibinin açıqlamasında konkret deyildi ki, bu, sifarişli qətldir və təxribatdır. Bununla da artıq istiqamət verilmiş oldu”. Politoloq qeyd edib ki, nə qədər ki, cinayət açılmayıb, ortada sübutlar, faktlar yoxdur, təbii ki, irəli sürülən bütün iddiaların hər birinin ancaq versiya olmaq haqqı var: "Amma gəlin situasiyaya konkret istintaq-əməliyyat şəraiti nöqteyi-nəzərindən baxaq. Nemtsov Rusiyanın Ukrayna siyasətini, ümumiyyətlə, Moskvanın daxili-xarici siyasətini, Putini çox kəskin şəkildə hədəfə alan bir siyasətçi idi. Rusiya tipli dövlətdə belə bir siyasətçi birmənalı olaraq daimi nəzarətdədir. İndi konkret situasiyaya baxaq. Rusiya müxalifəti martın 1-nə aksiya təyin edir. Müxalifət liderlərindən biri Nemtsov həmin gün Ukraynadan qayıdıb gəlib. Hansı ki, Ukrayna siyasətinə görə, çox kəskin şəkildə Putini tənqid edirdi. Onun həmin dövrdə xüsusi xidmət orqanlarının çox güclü, total nəzarətində olması aksiomdur. Əgər Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altında olan müxalifət lideri belə bir şəraitdə, Kremlin iki addımlığında, Putinin iqamətgahının yanında qətlə yetirilirsə və bunu xarici qüvvələr törədirsə, onda sual olunur ki, Rusiya hakimiyyəti nə dərəcədə özünü qorumaq iqtidarındadır? Yaxud hansı qabiliyyətlə dünyaya meydan oxuyur? Amma biz bilirik ki, bu, belə deyil. Heç bir xüsusi xidmət orqanı, kəşfiyyat, xarici terrorçu təşkilatın o potensialı yoxdur ki, dediyim şəraitdə belə bir cinayəti törədə bilsin. Deməli, müəyyən qədər kələfin ucu görünür. Bu baxımdan hesab edirəm ki, Nemtsovun qətlini Putin sifariş verməyibsə belə, onun hakimiyyətinin başının altından çıxıb. Bunun məsuliyyəti Kreml hakimiyyətinin üzərinə düşür”.
Anar Bayramoğlu