Rusiyadakı azərbaycanlıların sayı azalır
Azər Allahverənov: “Rusiyada yaşayan azərbaycanlıların geri qayıtmasının əsas səbəblərindən biri rus rublunun ucuzlaşmasıdır”
Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalar ölkə iqtisadiyyatına mənfi təsirini göstərməkdə davam edir. Rus rublunun dəyərdən düşməsi və iqtisadi böhran Rusiyada məskunlaşmış milyonlarla miqrant üçün çox ciddi problemlər yaradıb.
Rusiyada vəziyyətin çətinləşməsi ilə əlaqədar aralarında çoxsaylı azərbaycanlıların da yer aldığı miqrantlar qazanc əldə etmək imkanlarını itirdiyinə görə şimal qonşumuzu tərk etmək məcburiyyətində qalıblar. Rusiyanı tərk edərək Vətənə qayıdan azərbaycanlıların sayı hər gün artmaqdadır.
Rusiyanın Federal Miqrasiya Xidməti rublun ucuzlaşmasının və miqrantlara dair yeni qanunların qəbulunun nəticəsi olaraq ötən ilin ikinci yarısında ölkəni 1 milyondan çox miqrantın tərk etdiyini açıqlayıb.
Dolanışıq dalınca soyuq ölkəyə üz tutan soydaşlarımızın geriyə qayıtma səbəblərindən danışan ekspert Azər Allahverənovun sözlərinə görə, Rusiyanın rəsmi mənbələrində son 3-4 ayda azərbaycanlıların 6 faiz azaldığı bildirilib: "Federal Miqrasiya Xidmətinin statistikasında da yer aldığı kimi, ümumilikdə son 3 ayda Rusiya ərazisini 1 milyona qədər insan tərk edib. Bu, həm iqtisadi amillə, həm də ənənəvi səbəblərlə bağlıdır. Rusiyada ötən il dekabr ayının əvvəlində təxminən 598 min azərbaycanlı fəaliyyət göstərirdi. Halbuki oktyabr ayında onların sayı 615 mindən artıq idi. 2015-ci ilin yanvar ayının 20-nə olan göstəricilərdə isə bu rəqəm 580 min olub. Göründüyü kimi, son 4 ayda Rusiyada fəaliyyət göstərən azərbaycanlıların sayı 36 minə qədər azalıb. Hazırda da azərbaycanlıların oranı tərk etməsi davam edir”.
A.Allahverənov bildirib ki, ənənəvi olaraq, Rusiyada yaşayan azərbaycanlılar hər ilin sonunda dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni ili öz vətənində, ailəsi ilə birlikdə qeyd etmək üçün müəyyən müddətə Azərbaycana qayıdırlar. Bu proses artıq müntəzəm xarakter aldığı üçün hər il bu zamanlar Rusiyada azərbaycanlıların müəyyən sayda azaldığı bildirilir: "Amma bir məsələ də var ki, ötən illər ərzində Rusiyada yaşayan azərbaycanlıların sayında 6 faiz azalma müşahidə olunmurdu. Deməli, burada ənənəvi səbəblərdən əlavə digər səbəblər də var. Rusiyada yaşayan azərbaycanlıların geri qayıtmasının əsas səbəblərindən biri rus rublunun ucuzlaşmasıdır. Çünki rublun dəyərdən düşməsi Rusiyadakı müəyyən layihələrin dayandırılmasına zəmin yaradıb. Rusiyadakı miqrantlar da işsiz qaldıqları halda ya tikintidən başqa sahələrdə çalışmalı, ya da öz vətənlərinə qayıtmalıdırlar. Azərbaycanlıların Rusiyanı tərk etməsinin digər səbəbi də qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdikləri sanksiyaların tikinti sahələrinə və ticari dövriyyələrə təsirsiz ötüşməməsi ilə bağlıdır. Miqrantların Rusiyanı tərk etməsinin bir səbəbi də rəsmi Moskvanın miqrasiya ilə bağlı qanunları müntəzəm olaraq təkmilləşdirməsi və bu şüar adı altında Moskva hökumətinin miqrantlara qarşı sərtləşdirilmiş siyasət həyata keçirməsidir. Rusiyada qüvvəyə minən yeni qaydalara görə, Rusiya ərazisində qeyri-qanuni miqrant qismində aşkar olunan şəxs ölkə ərazisindən deportasiya olunur. Əgər Rusiyada yaşayan miqrantlar hansısa formada qanunu pozarlarsa, bir neçə il Rusiyaya daxil olması qadağan edilir. Bu da əmək qabiliyyətli insanın potensial iş yerini itirməsi deməkdir. Ona görə də həmin qanun qüvvəyə minənə qədər miqrantların böyük bir qismi könüllü şəkildə Rusiya ərazisini tərk etmək qərarına gəliblər. Bunların arasında azərbaycanlılar da var”.
Sözügedən problemlər fonunda isə ekspert hesab edir ki, Rusiyadan kütləvi axın başlamasa da, indiki kimi geriyə dönüş halları olacaq: "2014-cü ilin yanvar ayında Rusiyada 650 minə qədər azərbaycanlının yaşadığı bildirilirdi. Bu ilin göstəricilərində isə onların sayının 590 mindən bir qədər artıq olduğu əks olunub. Yəni bir il ərzində Rusiyada yaşayan azərbaycanlıların sayı təxminən 70 minə qədər azalıb. Özbəkistan və Tacikistandan olan miqrantlarla müqayisədə Rusiyada yaşayan azərbaycanlıların sayı o qədər də çox olmadığı üçün onların ölkəyə qayıtmasını kütləvi axın kimi dəyərləndirmək olmaz. Rusiyanı tərk edən Özbəkistan vətəndaşlarının sayı 364 min nəfərdir. Rusiyanı say çoxluğuna görə ikinci tərk edən ölkə isə Tacikistandır. 2014-cü ilin ikinci yarımilində 174 min nəfər Tacikistan vətəndaşı Rusiyadan gedib. Bunlar artıq kütləvi haldır. Amma kütləvi hal olmasa da, Rusiyada yaşayan azərbaycanlıların geriyə dönüş tendensiyasının artdığını söyləmək olar. Rusiyada vəziyyətin daha da ağırlaşması isə oranı tərk edən azərbaycanlıların sayının daha da artmasına gətirib çıxara bilər”.
Şəymən