Rusiyanın təlatümlü “SPİD”i Azərbaycanı başına götürə bilər
“Rusiyada uzun müddət yaşayan kişilərin qadınları həyat yoldaşlarının yoxlamadan keçməsi təşəbbüsünü göstərməlidirlər”
BMT Rusiyanı SPİD xəstəliyinin episentri elan edib. Bu ölkədə SPİD-ə yoluxanların sayı yüksək həddə çatıb. Azərbaycanın 2 milyona yaxın vətəndaşının Rusiyada yaşadığını nəzərə aldıqda, problemin bir ucu da bizi tutur. QİÇS-in yayılma təhlükəsinin ölkəmiz üçün də nə qədər təhlükəli olduğu aydınlaşır. Nikah öncəsi müayinənin statistikasına istinadən, Azərbaycanda kifayət qədər SPİD daşıyıcılarının olduğunu deyə bilərik.
Belə ki, iyun ayı ərzində ailə qurmaq istəyən 12 min 959 nəfərin icbari tibbi müayinəsi həyata keçirilib və onlardan 12 nəfərdə SPİD xəstəliyi, 49 nəfərdə isə sifilis aşkarlanıb. Bu hələ qeydə alınan və müayinədən keçənlərin statistikasıdır. Rusiyada yaşayan, gediş-gəliş edən xeyli vətəndaşlarımız var ki, onların bu xəstəliyin daşıyıcısı olub-olmadığı sual doğurur. Görəsən, ekspertlər bu barədə nə düşünür? Rusiyada geniş vüsət alan SPİD-in ölkəmizə yayılmasının qarşısını necə almaq olar?
"Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi”nin sədri Zülfiyyə Mustafayevanın sözlərinə görə, SPİD-in episentri o demək deyil ki, bu xəstəlik daha çox orda yayılıb, digər bölgələrdə nisbətən az yazılıb. Burada söhbət həmin ölkənin daha həssas olması ilə bağlıdır: "Amma biz Rusiyanın ərazisi və əhalisini də nəzərə almalıyıq. Hesab edirəm ki, bütün bunlar nisbətində SPİD Rusiyada epidemiya səviyyəsində ölçülmür. Urbanizasiya prosesi çoxdur, miqrasiya axınları var deyə, Rusiya episentr adlandırıla bilər. Amma Rusiyanın epidemiya səviyyəsində olduğuna dair heç bir statistik göstərici yoxdur. SPİD o halda epidemiya sayılır ki, ölkə əhalisinin ən azı 1 faizi HİV-ə yoluxmuş olsun. 10 faizi keçəndə isə artıq pandemiya sayılır. Bu statistika isə Afrika ölkələri üçün xarakterikdir. Əhali və ərazi baxımından Rusiyadan qat-qat kiçik olan Ukrayna HİV epidemiyasının yayıldığı ölkə sayılır. Faktiki olaraq ölkə əhalisinin 2 faizi HİV diaqnozu ilə qeydiyyata alınıb. Hesab edirəm ki, biz Rusiya ilə bağlı keçirdiyimiz narahatlıqdan daha artığını Ukraynadakı təhlükə ilə bağlı da keçirməliyik. Axı Ukraynada da kifayət qədər həmyerlimiz yaşayır”.
SPİD-in region ölkələrindən Azərbaycana keçməsinin qarşısını almaq üçün atılan addımlara gəldikdə isə Z.Mustafayeva Azərbaycanda HİV-ə qarşı qabaqlayıcı tədbirlərin 10 ildi keçirildiyini deyib: "Bu tədbirlər arasına zərərlərin aradan qaldırılması, maarifləndirmə və müalicənin gücləndirilməsi daxildir. Qabaqlayıcı tədbirlər arasında miqrantlar və immiqrantlara nəzarət xüsusi əhəmiyyət kəsb edir. "Miqrasiyya haqqında qanuna görə, bu xəstəliyə qarşı məcburi yoxlama olmasa da, 6 aydan artıq ölkədə qalması nəzərdə tutulan miqrantlar mütləq HİV yoxlamasından keçməlidirlər. Ölkəyə gəlib-gedən insanlar arasında müayinələrin aparılmasının zəruri olduğunu vurğulayan ekspertin sözlərinə görə, xaricə, əsasən də Rusiyaya gedən bizim kişilər orada sağlam cinsi əlaqəyə girmədikləri və qoruyucu vasitələrdən istifadə etmədikləri üçün bu virusun daşıyıcısına çevrilir. O kişilər vətənə dönəndən sonra bu virusun öz həyat yoldaşlarına da yoluxmasına səbəb olurlar: "Bizdə yalnız donorlar və nikaha daxil olan şəxslər üçün HİV yoxlaması məcburidir. Qalan hallarda bu proses könüllülük əsasında aparılır. Bir çox hallarda isə bizim insanlar bu yoxlamadan qaçır. Amma miqrantların ölkəyə geri qayıtması zamanı da onların bədənlərində HİV statusunu yoxlayan testlərdən keçmələrinin zəruri olduğunu düşünürəm. Bu testlərdən boyun qaçıran hər bir miqrant özü ilə bərabər onlarla insanı bu xəstəliyə düçar olmasına səbəb olur. Bunun üçün də maarifləndirmənin əsas şərt olduğunu düşünürəm. Hesab edirəm ki, tez-tez xaricə gedib-gələn vətəndaşlarımız arasında aparılan maarifləndirmə işlərində daha çox onların ailələrinə yönəlik fəaliyyətlər daha da gücləndirilməlidir. Rusiyada uzun müddət yaşayan kişilərin qadınları həyat yoldaşlarının yoxlamadan keçməsi təşəbbüsünü göstərməlidirlər. Sağlamlıqlarının qorunması baxımından bu çox vacibdir. Hesab edirəm ki, ailələrlə iş üzrə ən böyük məsuliyyət bu sahə ilə məşğul olan QHT-lərin üzərinə düşür. Bu istiqamətdə ölkənin ən ucqar bölgələrində belə olsa, maarifləndirmə tədbirləri keçirmək, əhalinin diqqətini problemə cəlb etmək lazımdır. Bələdiyyələr, tibb müəssisələri ilə əməkdaşlıqlar vacibdir. Sahə həkimləri olmalı və bu sahədə təkmilləşdirmə işləri aparılmalıdır ki, bu kimi yoluxucu xəstəliklərlə bağlı məlumatlar vaxtında ailələrə çatdırılsın”.