Natiq Miri: “Məncə, Rusiya bununla NATO-nu parçalamaq istəyir”
Türkiyədəki hərbi qiyam yeni və maraqlı situasiya yaradıb. Bir çox siyasi şərhçilərə görə, hərbi çevrilişdə "Amerika izi”nin üzə çıxması Ankara və Moskvanın sürətlə yaxınlaşması, hətta yeni hərbi müttəfiqlik yaratması üçün əlavə imkan açıb. Onların fikrincə, bu imkan Bakının da xeyrinə işləyə bilər. Rusiyalı tanınmış analitik Oleq Kuznetsov məhz bu qənaətdədir. Onun 15 iyul olayı ilə bağlı maraqlı təhlili var.
Politoloq xatırladıb ki, qiyamdan sonra özünün ilk mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan maraqlı məqama toxunub: "Prezident bəyan edib ki, hərbi çevriliş cəhdi ABŞ-ın geosiyasi maraqları çərçivəsində hərəkət edən türkiyəli hərbçilərin kiçik bir hissəsi həyata keçirib. Məncə, bu bəyanat Vaşinqton-Ankara münasibətlərinə mənfi təsir edəcək”. Ekspertin əminliyinə görə, qiyam cəhdinin Ankara-Moskva münasibətlərinin istiləşməyə başladığı dövrə düşməsi də təsadüfi deyil və Qərbin Rusiya-Türkiyə yaxınlaşmasına cavabdır. Analitikin fikrincə, Türkiyə-Rusiya yaxınlaşması və ya Moskva-Ankara-Bakı təhlükəsizlik üçbucağının yaradılması sözsüz ki, Qarabağ məsələsinə də birbaşa təsir edən amildir. Bu birlik münaqişə ətrafında yeni, unikal bir situasiyanın formalaşmasına gətirə bilər. Kuznetsovun iddiası ilə bağlı "Şərq”ə açıqlama verən Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri nəzəri cəhətdən bu iddiaları mümkün sayıb: "Praktik olaraq Rusiya bütün zamanlarda imperiya fəlsəfəsinə və düşüncəsinə malik bir ölkə olub. Məhz bu baxımdan Moskvanın qlobal səviyyədə öz geosiyasi maraqları var. Kreml öz maraqlarını Ankara və Bakı ilə bölüşmək fikrindən uzaqdır. Bu baxımdan çox da irəli gedən nəticələr çıxartmağa tələsməməliyik”. Ekspertə görə, Rusiyanın geosiyasi maraqları kontekstində Türkiyə ilə yaxınlaşma prosesi baş verir: "Rusiya dünyada təklənmiş durumdadır. İqtisadi cəhətdən sıxışdırılır və NATO tərəfindən "mühasirəyə” alınır. Belə bir məqamda hərbi alyansın ən əhəmiyyətli üzvünü öz yanına çəkmək təbii ki, Rusiyanın maraqları kontekstindədir. Məncə, Rusiya bununla NATO-nu parçalamaq istəyir. Məncə, bir qədər ehtiyatlı davranmaq lazımdır. Unutmayaq ki, Rusiya ilə yanaşı, Türkiyə və Azərbaycanın da bölgə ilə bağlı öz maraqları var. Ankara və Bakının Moskva ilə strateji əməkdaşlıq qurması asan və əlverişli deyil. Ona görə də "çomağı” yerə qoymamalı, imperiya təfəkkürlü Rusiyanın təhlükəli mövqeyini yaddan çıxartmamalıyıq. Gürcüstanı və Ukraynanı gözümüzün önünə gətirməliyik. Türkiyə və Azərbaycanla qonşu olan Ermənistanda rus qoşunlarının yerləşdirilməsinə, erməni-rus birliklərinin yaradılmasına ciddi yanaşmaq lazımdır. Yaxın keçmişdə baş verənləri gözardı etmək doğru olmaz. Məncə, Rusiya etibar ediləsi, güvəniləsi ölkə deyil. Fikrimcə, Dağlıq Qarabağ münaqişəsini həqiqətən çözmək niyyətində olan başqa güc mərkəzlərinə üz tutmalıyıq. Məsələn, NATO-ya. Çünki bu alyansın son sammitində münaqişənin həlli məsələsi ciddi müzakirə obyektinə çevrildi”.