Saakaşvili dilemma qarşısında -Siyasi mübarizə, yoxsa ali məktəbdə tədris

Elxan Şahinoğlu: " Saakaşvili mübarizənin davamını seçsə də, bu, reallığa uyğun deyil. Çünki sərhədi keçə bilməyəcək. Böyük ehtimal qərb ölkələrində qalmağı seçəcək. Hansısa işə düzəlib, yüksək maaş alacaq"
"Mixail Saakaşvili Gürcüstana qayıda bilmir, Ukraynaya qayıtması da artıq müşkül məsələdir”.
Bunu "Sherg.az”a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu söyləyib. 
O qeyd edib ki, ötən dəfə Saakaşvili Ukraynaya daxil ola bildi, amma bu dəfə sərhəd ciddi nəzarətə götürüləcək:
"Saakaşvili qərarı özü verməlidir. Ya sakit həyata davam etməli, universitetdə dərs deməli, ya da mübarizəsini davam etdirməlidir. Birinci dəfə mübarizə variantını seçdi. Bu dəfə də Saakaşvili kimi mübariz bir insanın tezliklə təslim olacağını düşünmürəm.
Saakaşvilinin Gürcüstana qayıtmasının bir şərti var. Partiyası seçkilərdə qələbə çalıb, hökumət formalaşdırmalıdır ki, o rahat ölkəsinə dönə bilsin. İndiki halda Saakaşvili hava limanına ayaq basan kimi həbs ediləcək. Buna görə, Ukrayna prezidenti Pyotr Poraşenko onu Gürcüstana deyil, Avropaya readmissiya etdi.
Saakaşvili bir neçə ölkəyə turneyə çıxacağını, konfrans və seminarlarda çıxış edəcəyini deyib. Ondan sonra yenidən Ukraynaya qayıda biləcəkmi ? Bax, bu, dəqiq deyil. Saakaşvili qərb ölkələrində qalıb, rahat həyatı seçsə, tədrisinə davam etsə, siyasətçi kimi karyerası sönəcək.
Saakaşvili mübarizənin davamını seçsə də, bu, reallığa uyğun deyil. Çünki sərhədi keçə bilməyəcək. Ona görə, böyük ehtimalla qərb ölkələrində qalmağı seçəcək. Hansısa işə düzəlib, yüksək maaş alacaq”.
Qeyd edək ki, Mixail Saakaşvili Varşavada keçirdiyi mətbuat konfransında Ukraynaya qayıtmaq, orada mühakimə olunmaq istədiyini deyib.
Aysel Aslan