Saakaşvili özünü müdafiəyə çalışır

Belə getsə, onun ölkədən uzaqlaşdırılması planları reallaşacaq




Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixail Saakaşvili fevralın 18-dək Kiyevdə keçiriləcək növbəti aksiyada Ukrayna alternativ hökumətini və prezidentliyə 10 potensial namizədi elan edəcək.

Saakaşvili bunu Kiyevdə keçirilən mitinqdə bəyan edib. Eks qubernator bildirib ki, indiki hakimiyyətdən fərqli olaraq Ukraynada ölkəni idarə etməyə layiqli insanlar çoxdur. Bəzi ekspertlərə görə, sabiq prezident Saakaşvilinin bu addımı Poroşenko hökumətinin sərt reaksiyasına, Saakaşviliyə qarşı daha kəskin mövqe sərgiləməsinə səbəb ola bilər. Hətta bəzi analitiklər bunu "ölkəni parçalamağa cəhd” kimi dəyərləndirirlər.

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Zaur İbrahimli deyib ki, Saakaşvilinin son mitinqi daha çox özünümüdafiə xarakteri daşıyırdı. Onun sözlərinə görə, Saakaşvili Ukraynada ona qaçqın statusu verilməməsi ilə apelyasiya şikayəti verib. Amma məhkəmənin gedişi göstərir ki, vəziyyətin Saakaşvilinin xeyrinə dəyişməsi ehtimalı çox azdır:

"Ukrayna ekspertləri qeyd edirlər ki, Poroşenko hakimiyyəti Saakaşvili ilə sövdələşməsinə əməl etmir. Saakaşvilinin məhkəmə zalında verdiyi açıqlamalar göstərir ki, onun növbəti dəfə Ukraynadan deportasiya edilməsi ehtimalı yüksəkdir. Bu baxımdan Saakaşvili Poroşenko komandasına kütləvi aksiyalar vasitəsilə təzyiq göstərməyə çalışır. Amma hələ ki, bu aksiyalar kütləviliyi ilə seçilmir. Görünən odur ki, Poroşenkonun rəqibləri Saakaşviliyə açıq dəstək nümayiş etdirməkdən çəkinirlər. ABŞ və Avropa İttifaqı da indiki mərhələdə müşahidəçi mövqeyindən çıxış edir.

 Poroşenko komandası isə məhkəmələr vasitəsilə Saakaşviliyə təzyiqi gücləndirir. Bu bir növ Saakaşvilinin potensial imkanlarını ortaya çıxarmağa hesablanıb. Əgər yenə ABŞ və Avropa İttifaqı Saakaşvili ətrafında baş verənlərə seyirçi qalacaqsa, onda onun ölkədən uzaqlaşdırılması planları reallaşacaq. Yox əgər Saakaşvili kütləviliyi ilə seçilən aksiyalar təşkil edəcəksə və Qərbdən onu açıq müdafiə edəcəklərsə, rəsmi Kiyev məhkəmə müstəvisində çəkişmələri uzatmağa çalışacaq”.

İsmayıl