Sabiq XİN başçısından mətnaltı eyham:"Bəyanatlarda yeni element..."








"Dağlıq Qarabağ münaqişəsi barədə səsləndirilən bəyanatlarda yeni elementlər nəzərə çarpır”.

Bu barədə "Sherg.az”a xarici işlər naziri Elmar Məmmədyarovun "Ermənistan qoşunları Azərbaycanın ərazilərindən çıxarılmalıdır" bəyanatına münasibət bildirərkən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. 

Onun sözlərinə görə, yeni elementlərdən biri odur ki, azərbaycanlıların İrəvana qayıdacağı vurğulanıb:

"Bu isə müxtəlif dairələrdə əks səda doğurub. Zənnimcə, bəyanatın əsas məqsədi odur ki, əzəli Azərbaycan torpaqlarında baş verən etnik təmizləmə, demoqrafik vəziyyətin süni yollarla dəyişdirilməsi tərəfimizdən qəbul olunmayıb. Bu məsələnin həqiqi yönləri beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. 

Tarixin Qərbə və digər dairələrə məlum olmayan səhifələrini açmaq lazımdır. Müharibə hazırlığına gəlincə, danışıqlar olmadığı müddətdə müharibə həmişə aktualdır. Azərbaycan heç vaxt Ermənistanın indiki işğal siyasəti ilə razılaşmayacaq. Ümumilikdə, Azərbaycanın mövqeyinin daha da sistemləşməsini, formalaşmasını sübut edən bəyanatlar səsləndirilib”.

Qeyd edək ki, E. Məmmədyarovun sözlərinə görə, münaqişənin siyasi həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalı və hərbi risk amili aradan qaldırılmalıdır.

Aysel Aslan