"Şahbaz Quliyevin həyat yoldaşı işlə təmin olunub" - Özəl şirkətdə




"Anamız Şahbazın girovluqda olduğunu bilmir. Şahbazın qızına, ailəsinə hərdən baş çəkirik".

Bu barədə Sherg.az Kəlbəcərdə erməni separatçıları tərəfindən girov götürülən soydaşımız Şahbaz Quliyevin bacısı İradə Quliyeva bildirib. 

O qeyd edib ki, dövlət girovun ailəsinə sahib çıxıb: 

"Şahbazın həyat yoldaşını təxmini 1 ildir ki, işlə təmin ediblər. Özəl şirkətlərin birində mühasib köməkçisidir. Dolanmalarını müəyyən qədər təmin edirlər. Biz də hərdənbir köməklik göstəririk. Digər qardaşım da Şahbazın ailəsinə, övladının təminatına bacardığı qədər yardım edir. Pis-yaxşı dolanırlar. Onun qızı uşaqdır.  O, atasının gəlməsini hər şeydən çox istəyir. Maddi çətinliklərə dözmək olar. Əsas odur ki, Şahbaz ailəsinin başında olsun”.
 
Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-ci ilin iyulun 11-də doğma torpaqları olan Kəlbəcərdə əzizlərinin məzarlarını ziyarət edərkən girov düşüblər. Onlarla birgə Kəlbəcərə getmiş Həsən Həsənov erməni silahlıları tərəfindən qətlə yetirilib. Ermənistan hökuməti hər 3 azərbaycanlını diversant kimi təqdim ediblər. Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” 2014-cü ilin dekabrın 19-da Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə "hökm” çıxarıb.

Ayyət Əhməd