...Baxın, dərd başqadır, bunu Aqşin Yenisey yaxşı ifadə edir
Dərd orasındadır ki, dünya bədii-kriminal hadisələrin səbəblərindən fərqli olaraq, bizim şair və yazıçılar hansısa ədəbi, vicdani, ictimai dəyər üzərində deyil, masada özünə tuşlanmış çaynik lülüyünün üstündə bir-birlərini al qana qərq edirlər
Srağagün Bakıda bıçaqlanma hadisəsi baş verib. Hadisə metronun "Qara Qarayev” stansiyası yaxınlığında qeydə alınıb. Şair Mübariz Məsimoğlu və yaxın qohumu şadlıq evlərindən birinin qarşısında bıçaqlanıb.
Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, beş bıçaq yarası alan Mübariz Məsimoğlu əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə ilə bağlı jurnalistlərə açıqlama verən şair Məsimoğlu bildirib ki, qarın boşluğu, bud və əl nahiyəsindən yaralar alıb. Onu vuran şəxs isə şair həmkarı, AYB üzvü Hürriyyət Məmmədzadədir: "Konkret heç bir səbəb yoxdur. Sadəcə, onu bəzi yaramaz hərəkətlərinə görə öz stoluma buraxmırdım. Bu da öz aləmində qisas almaq istəyib. Törətdiyi əməli əvvəldən planlaşdırıb. Qəfil məni vurdu, müqavimət göstərib bıçağı əlindən aldım və buraxdım, ikinci dəfə ikinci bıçaqla hücum etdi. Amma bu yaralar elə də dərin deyil. Birinci vurduğu bıçaq qarın boşluğuma işləyib, ancaq heç bir orqana zərər dəyməyib. İndi palatadayam, özümü yaxşı hiss edirəm.”
Qeyd edək ki, şairlə birlikdə bıçaqlanan şəxs 55 yaşlı Cavanşir Əkbər oğlu Kazımovdur.
İlk baxışdan hadisə adi bir bıçaqlanma kimi dəyərləndirilsə də, tərəflərin hər ikisinin şair, cəmiyyətin ziyalı təbəqəsinin nümayəndəsi sayılması istənilən halda hadisəyə diqqət çəkir. Adətən ölkədəki kriminogen vəziyyətlə bağlı dəyərləndirmə aparan zaman ekspertlər məsələnin əsas yükünü ölkənin ziyalı təbəqəsinin üzərinə atır. Yəni onların sayəsində cəmiyyətdə maarifləndirmə işləri aparılsın, insanlar aqressiyadan uzaq tutulsun. İki şair arasındakı adi bir mübahisənin bıçaqlanma ilə bitməsi isə göstərir ki, problemin həlli heç də maarifləndirmədə deyil.
Həmkarları arasındakı bıçaqlanma hadisəsinə münasibət bildirən gənc şair Aqşin Yenisey isə hesab edir ki, iki şair arasındakı bıçaqlanmadan vahimə yaratmağa ehtiyac yoxdur: "Qafqazda xəncərgəzdirmə qədim adətlərdən biridir ki, bu da regionun etnik qarmaqarışıqlığı ilə bağlıdır. Sovet imperiyası dağılandan sonra bütün Qafqaz xalqları ilə yanaşı, biz azərbaycanlılar da sivil qayda-qanunlardan, dünyəvi mədəniyyətdən imtina edib öz dədə-babadan qalma tayfa ənənələrinə qayıtdıq. İndi Bakıda hansısa iki şairin, özü də AYB üzvünün bir-birini bıçaqlaması da vahimə axtarmaq lazım deyil. Şair də, məmur da, həkim də bu cəmiyyətin tərkib hissəsidir. Ümumiyyətlə, şairlərin adı kriminal situasiyalarda az hallanmayıb; Puşkindən tutmuş Orxan Fikrətoğluna qədər bir çox şair və yazıçının başına belə hadisələr gəlib. Amma dərd orasındadır ki, dünya bədii-kriminal hadisələrin səbəblərindən fərqli olaraq, bizim şair və yazıçılar hansısa ədəbi, vicdani, ictimai dəyər üzərində deyil, masada özünə tuşlanmış çaynik lülüyünün üstündə bir-birlərini al qana qərq edirlər. Faciə kriminal hadisələrin baş verməsində deyil, o hadisələrin baş verməsinə səbəb olan bəhanələrin cır-cındırlığındadır. Bu da bizim insanın nə qədər düşük, sarsaq duyğularla, dəyərlərlə yaşadığını göstərir. Kriminal hadisələrin qarşısını almağa nə var ki? Parlament qərar qəbul etsə ki, üstündə soyuq silah gəzdirdiyinə görə vətəndaş beş il həbs cəzası, yaxud beş min manat cərimə ödəməklə cəzalandırılacaq, səhəri günü siz evlərdə soğan soymağa belə bıçaq tapmayacaqsınız. Amma biz bu cılız duyğuları, cırtqoz eqoları necə əhilləşdirəcəyik? Bax burda Çernişevskinin "Nə etməli” sualı cavabsız qalır”.
Şəymən