Sakinlər öz binalarının idarə edilməsində iştirak etməlidirlər

Həqiqətən binalar tikilib qurtardıqdan sonra MTK-lar ləğv olunmalıdır



İqtisadiyyat və Sənaye Nazirliyinin mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov hesab edir ki, bina tikilib, təhvil veriləndən altı ay sonra Mənzil-Tikinti Kooperativləri (MTK) ləğv olunmalıdır. Onun sözlərinə görə, qanunvericiliyə əsasən, bütün xidmət haqlarının formalaşmasında sakinlər, o cümlədən MTK-ların sakinləri birbaşa iştirak etməlidirlər.

Şöbə müdiri qeyd edib ki, əsassız yığımların qarşısını almaq və binalara nəzarət məqsədi ilə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) yaradılmalıdır. Sakinlər də idarəetməni (İdarə Heyəti və struktur təsdiqlənməli), göstəriləcək xidmətləri, xidmətlər üzrə haqları və digər məsələləri formalaşdırmalıdırlar. Onun sözlərinə görə, binalarda göstərilən xidmətlərə görə yığılan haqlara sakinlər nəzarət etməlidir və "hər şey onların iradəsindən asılıdır, çünki qanun onlara geniş imkanlar verib. Heç kəs üçün sirr deyil ki, binalarda sakinlərin narazılığına çevrilən əsas məsələ "ev pulu” ilə bağlıdır. Mənzilin kvadratmetrinə görə hesablanan bu məbləğ hər yaşayış binasında fərqlidir. 30 qəpikdən başlanan pul bəzi binalarda kvadratmetrə görə hətta bir manata çatır. Məbləğin reallığı əks etdirməməsindən şikayət edən əksər sakinlər özlərini sanki yaşadıqları evdə kirayənişin kimi hiss edirlər. Ekspertlər də hesab edir ki, bu sahəyə ciddi nəzarət olmalıdır.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti Vüqar Tofiqli də artıq MTK-ların fəaliyyətinə ehtiyac olmadığını düşünür: "Bildiyim qədəri ilə artıq bir neçə yerdə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeydiyyatdan keçib. Əvvəllər fəaliyyət göstərən Mənzil kommunal xidmət sahələrinin funksiyasını indi bu Cəmiyyət yerinə yetirir. Çünki hazırda MKXS-nin fəaliyyəti "de-yure” və "de-fakto” dayandırılıb. Amma MMMC-lərin fəaliyyəti bütün ərazilərdə qeydə alınmadığı üçün hüquqi cəhətdən ləğv olunmaqlarına rəğmən əksər yerlərlə MKXS-ləri fəaliyyət göstərir”. Ekspert hesab edir ki, artıq ölkədə MMMC-lər tam şəkildə məsuliyyəti öz üzərinə götürməli və sakinlər öz binallarının idarə edilməsində iştirak etməlidirlər: "Nizami Qasımovun fikirləri ilə razıyam ki, bina tikilib başa çatandan sonra MTK-ların fəaliyyətinə son verilməlidir. Kooperativlər də MMC olduğundan onların ləğvi ilə bağlı əlavə qərara ehtiyac yoxdur”. V.Tofiqli hesab edir ki, MMMC-lər məsuliyyəti öz üzərinə götürərsə, binalarda sakinlərin narazılığına çevrilən bütün məsələlər öz həllini tapar. Bütün yükün öz üzərlərinə düşdüyünü dərk edən sakinlər nə binanı çirkləndirər, nə də əlavə problemlər, narahatlıqlar yaradarlar.

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Rəcəb İmanov isə bildirib ki, hazırda mənzil-tikinti kooperativləri evlərin saxlanılmasında müqavilə şərtləri əsasında müxtəlif xidmətlərə görə ödənişlər alırlar: "Bu ödənişlər də müxtəlif qiymətlərdə olur. Həmin qiymətlərin bütün binalarda standart olması mümkün deyil. Çünki binanın yerləşməsindən, göstərilən xidmətlərdən asılı olaraq, qiymətlər fərqli ola bilər. Hazırda hər bir MTK özünün qiymətini formalaşdırıb. Vətəndaşlar da bunu ödəməyə məcburdurlar. Problem ondadır ki, bəzən MTK-lar xidmətin keyfiyyətində vətəndaşların rəylərini nəzərə almır. Xarici təcrübədə belədir ki, binanın saxlanılması üçün bina əhalisinin birgə iştirakı ilə şuralar təşkil edilir. Şuraların təşkil etdiyi yığıncaqlarda hər bir binanın idarə edilməsi üçün sədr seçilir. Qərarlar qəbul olunur. Qərarlarda xidmətlərin keyfiyyəti, qiyməti müəyyənləşdirilir. Hətta xidmətləri göstərən insanların nə dərəcədə yaxşı işləyib-işləmədiyi də həmin şuranın yığıncaqlarında müzakirə edilir. Hansısa əskikliklər varsa, aradan qaldırılması ilə bağlı tədbirlər görülür. Yəni, qiymətlərin fərqli olması xidmətlərin keyfiyyətindən və növündən asılıdır. Ancaq idarəetmədə həmin binanın vətəndaşlarının iştirakı mütləq lazımdır. Bizdə də MMMC-lər məhz bu praktika əsasında formalaşdırılıb. Amma hələ ki, bu sistem aktiv fəaliyyətə başlamadığından MTK-lar öz fəaliyyətini davam etdirir. Müştərək Cəmiyyətlər yaradılandan sonra MTK-lar öz-özlüyündən ləğv olunacaq”.

Şəymən