Saraylardan sünnət toyları və nişan mərasimləri yığışdırılacaq?
Yas mərasimlərindəki israfçılığın qarşısının alınması cəmiyyətdə böyük ajiotaj yaradıb, böyük əksəriyyət bu təşəbbüsü dəstəkləyir. Məhz bu səbəbdən də növbə toy mərasimlərinə keçib. Belə ki, yas mərasimlərindən sonra "israfçılıq” adı altında həyata keçirilən əməliyyatların növbəti "qurban”ı sünnət və nişan mərasimləridir.
Mətbuatda yayılan məlumatlara görə, şadlıq saraylarına dəbdəbəli nişan və sünnət toylarından imtina etməklə bağlı qeyri-rəsmi göstəriş verilib. İnformasiyada qeyd olunur ki, nişan, xınayaxdı mərasimlərinin də şadlıq saraylarında keçirilməsinə imkan verilməyəcək.
Milli Məclisin deputatı Aqil Abbas isə hesab edir ki, Azərbaycan demokratik dəyərlərlə idarə olunan ölkədir. Burada hər kəsin öz əzizinə hüzn məclisi təşkil etmək, övladına toy çaldırmaq haqqı var.
Sünnət və nişan mərasimləri ilə bağlı şadlıq evlərinə qoyulan qadağaların əsassız informasiya sayan millət vəkili bildirib ki, biz islam dövləti deyilik, avtoritar idarəetmə şəraitində yaşamırıq: "Hər kəsin münasib bildiyi, gücü çatdığı səviyyədə toy keçirmək, məclis təşkil etmək hüququ var. Buna heç kim qadağa qoya bilməz və qoymayacaq da. Sadəcə millət vəkilləri, ziyalılar, ictimaiyyət fəalları tövsiyə verə bilər ki, israfçı hüzn və toy məclisləri keçirməyə lüzum yoxdur. Bu başqa məsələ. O ki qaldı sünnət toylarına, artıq sünnət toyları yığışıb. Ola bilər, kiminsə uşağı olmurmuş, sonradan olub və əhd eləyib ki, oğlum olsa ona sünnət toyu çaldıracam, bu ayrı. Kütləvi şəkildə sünnət toyları keçirilmir və buna ehtiyac da yoxdur”.
Bu gün toylarda, sünnətdə baş verən israfçılıq yas mərasimlərimizdəkindən dəfələrlə çoxdur
Milli Məclisin Sosial siyasət komitəsinin üzvü İlham Məmmədov isə dəbdəbəli yas mərasimlərinə tətbiq olunan ictimai qınağın nişan, sünnət, hətta toy mərasimlərinə də şamil olunmasının tərəfdarıdır: "Bunun üçün mətbuatın xüsusi rolu olmalıdır. Bu gün toylarda, sünnətdə baş verən israfçılıq yas mərasimlərimizdəkindən dəfələrlə çoxdur. İstər imkanlı, istərsə də imkansız adamların stollarının üstünə eyni tərtib olunmuş menyülər düzülür. 6-7 cür salat, 10 cür soyuq qəlyanaltı, vaxtı keçmiş, müxtəlif bakteriyalar mənbəyi olan qidalar və bu qidalardan zəhərlənmə təhlükəsinin çox olması dəhşətli bir səhnəni ortaya qoyur. Bu, sağlamlığa ciddi zərbə vurmaqla, işbazların ciblərinin dolmasına kömək etməklə yanaşı, toydan sonra xoşbəxtlik əvəzinə, həmin ailələrin borca düşməsinə səbəb olur. İctimai qınaq nəticəsində yeni bir forma tapılmalıdır. İnsanlar şüurlu surətdə başa düşməlidirlər ki, bunu edərkən digər birinin qarşısında öz zənginliyini göstərdiyini zənn edirsə, əksinə, cəmiyyətdə daha da pis qarşılanır”.
Deputatın sözlərinə görə, Milli Məclisin payız sessiyasında bu məsələ qaldırıla bilər: "Mənə elə gəlir ki, yas mərasimlərində olduğu kimi, toylardakı israfçılığın da qarşısını almaq üçün çıxış yolu tapılacaq”.
Milli Məclisin mədəniyyət komitəsinin üzvü, millət vəkili Jalə Əliyeva da mərasimlər haqqında qanunun qəbulunu vacib hesab edir: "Burada həm toy, həm də yas mərasimlərinin tənzimlənməsindən söhbət gedir. Sirr deyil ki, bu mərasimlərə gedənlər heç də oradan razı qayıtmır. Bu mərasimlərin ənənələrdən kənara çıxdığını və haralardansa bizə sırıdıldığı dəfələrlə dilə gətirilib. Amma belə əcaib halların ləğvinə dair qanunun indiyə qədər qəbul edilməməsi insan hüquqlarının qorunması ilə bağlıdır. Biz bu qanunun qəbulunu irəli sürəndə qarşımıza əks arqument qoydular: Azərbaycan demokratik ölkədir. Hər bir insanın hüquqları qorunur. Toy da hər bir vətəndaşın fərdi istəyidir. Hər kəs övladına bir cür toy etmək istəyir. Buna görə bu məsələləri qanunla tənzimləmək olmaz. Bu səbəblərdən də insan hüquqlarının məhdudlaşdırılmaması üçün mərasimlər haqqında qanun qəbul edilmir. Amma düşünürəm ki, bir daha bu mövzuya qayıtmağa ehtiyac var. Rəngləri çox qaraltmadan bu məsələni tənzimləmək olar. Hesab edirəm ki, toylarda lazımsız israfçılığa düzən verməyin vaxtı çoxdan çatıb”.
Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov da deyib ki, şadlıq saraylarına dəbdəbəli və sünnət toylarından imtina etməklə bağlı qeyri-rəsmi göstəriş verilməsi yanlış məlumatdır: "Ümumiyyətlə, belə bir qərarın verilməsinin özü absurd məsələdir: "Toylarda
təkcə yemək yox, insan da israf olunur. Bizdə toy etmirlər, adama toy tuturlar. Amma bu o demək deyil ki, dəbdəbəli toy edənlərin hüquqlarını pozmalıyıq. Adam var pulu çoxdu, hara xərcləyəcəyini bilmir. Hər kəsin öz seçimi var. Nəyin yanlış olduğunu hamı bilir. İnzibati metodların tətbiq olunmasına əsas yoxdur. Məsələn, nəyə əsasən deyə bilərik ki, sən filan-filan prinsiplərə görə toyunda filan yeməkləri verə bilməzsən. Adamın pulu var, verir. Tahir Əmiraslanov kimi min bir əziyyətlə qazanmayıb ki, israfçılığa yol verməsin. Oğurluqla, korrupsiya ilə ciblərini doldurub, indi də xərcləməyə yer axtarır. Zorla heç kimə sən mütləq toyda bunları verməlisən deyilmir. Hər kəs öz arşınına görə ölçür. Bunu tənzimləmək olmaz da... Bu bilirsən nəyə oxşayır? Elə adam var pulu çoxdu "Lombarcini” alıb sürür, mənim də gücüm "KİA”ya çatır. Digərinin də pulu da, imkanı da var, amma "VAZ 07” həvəskarıdır. Deməyim odur ki, hər kəsin öz seçimi var. Biri oğluna aləmə səs salan, dəbdəbəli toy etmək istəyir. Eləsi də var sadə nikahla kifayətlənir. Bunu kim, necə tənzimləyə bilər? Biznesmendir, milyonları, milyardları var, lap gedib nişanını, övladının sünnətini Los-Ancelesdə edir, buna sən nə deyə bilərsən? Elə adam var imkanlıdır, amma nəzərə alır ki, yaxşı şey deyil. Digəri isə nəzərə almır, təmtəraqlı toy edir. Buna görə də, hüquqi məsuliyyət daşımır. Təbii ki, cəmiyyət hər şeyi görür, qiymətini verir ki, halal olsun, bu adamın imkanı var, amma israfçılıq etmir, başqası isə julikdir, dələduzdur, təmtəraqlı toy çaldırır. Qanunla heç kimə belə qadağa qoymaq olmaz. Bütün bu söz-söhbətlər restoranlarda qiymətlərin aşağı salınmasına hesablanıb. Amma şadlıq evlərində menyular vətəndaşların seçimi əsasında müəyyən edilir. Kim ziyana düşmək istəmir, "ayağını yorğanına görə uzatsın”. Toyxanaların, restoranların idarə olunması barədə qanunlarda heç bir boşluq yoxdur, qanunlar kifayət qədərdir, yeni qanuna ehtiyac yoxdur. Adətən hər il toylarla bağlı məsələ aktuallaşanda toyxanalarda qiymətlər artır. Toy standartları da tətbiq olundu, nə dəyişdi? Nəzarət edən qurumlar artdıqca, qiymətlər də artır...”.
Şəymən