“Saz ol” komandası verilib

Nəqliyyat Nazirliyi köhnə avtobusların da gözəl görünməsini istəyir




Nəqliyyat Nazirliyi avtobus sürücülərinə martın 6-dək vaxt verib. NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsi göstərilən müddət başa çatdıqda ictimai nəqliyyatın saz vəziyyətdə olmasına baxış keçirəcək. Avtobuslar texniki cəhətdən də, görünüş baxımından da, üstəlik, sürücülər də "saz” vəziyyətdə - geyimli-keçimli olmalıdırlar. Normalara cavab verməyən avtobuslara xəttə çıxmaq qadağan olunacaq.

Bəllidir ki, Avropa Olimpiya Oyunları ərəfəsində paytaxtda yenilənmə və gözəllik "bumu” yaşanır. Avtobuslara da bu şamil edilib. Paytaxta xeyli sayda yeni avtobuslar gətirilib. Amma Nəqliyyat Nazirliyi bununla kifayətlənmir və köhnə avtobusların da gözəl görünməsini istəyir.

Maraqlı olansa, bu tip tədbirlərin kampaniya xarakteri daşımasıdır. Gərək hansısa beynəlxalq yarış və ya tədbir keçirilsin ki, avtobuslarımız saz vəziyyətdə olsun? Məsələn, srağagün 50 saylı marşrutda hərəkət edən sərnişinlər bəzi oturacaqlarda əyləşə bilməmişdilər, çünki əyləşəndə yıxılırdılar. Yəqin, məlum oldu, söhbətin məğzi. Bir halda ki, beynəlxalq yarış öncəsi ictimai nəqliyyatdakı şirkət rəhbərlərinə "saz ol” komandası verilir, niyə bu komanda adi günlərdə, öz sərnişinlərimiz üçün keçərsizdir? Biz adam deyilik məgər?!

Məsələyə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, bu tip yoxlamalar daimi xarakter daşımalıdır:

- Şübhəsiz ki, ictimai nəqliyyatla bağlı xüsusi tədbirlər planı olmalıdır və bu plana əsasən tədbirlər icra edilməlidir. Statistikaya baxsaq, görərik ki, son illər ərzində ölkəyə xeyli sayda yeni avtobuslar gətirilib. Təqribən hər il ölkəyə 150-200 avtobus gətirilir. Bununla belə hələ də Nəqliyyat Nazirliyinin avtoparkında istismar müddəti ötmüş avtobuslar da var. Doğrudur, istismarda 5 ildən yuxarı olmayan avtobuslar da çoxluq təşkil edir. Hətta istismar müddətinin 5 ildən yuxarı olması da həmin avtobusların köhnəldiyini deməyə əsas verməz. Sadəcə, burada problem avtobusların istismar qaydalarına nə dərəcədə düzgün əməl edilməsindədir. Bəzən sürücülər salona çox sərnişin sıxışsın deyə, oturacaqları, xüsusilə də orta hissədə bilərəkdən çıxarırlar. Avtobuslarda texniki konfiqurasiyaları dəyişirlər. Harda ki, tutacaq olmalıdır, görürsən ki, yoxdur. Oturacaq xarab olubsa, hansısa hissəsi sınıbsa, onu vaxtında təmir etdirmirlər. Avtobusların texniki cəhətdən saz olmasına diqqət etmirlər və s. İctimai nəqliyyatda işığı olmayan, böyrü-başı zədələnmiş, həmçinin çirk içində olan avtobusları azmı görürük?! Yəni, Nəqliyyat Nazirliyi təbii ki, təkcə beynəlxalq tədbirlər zamanı deyil, il ərzində, vaxtaşırı qaydada ictimai nəqliyyata baxış keçirməli, texniki cəhətdən nasaz nəqliyyat növlərinin xəttə buraxılmasına icazə verməməlidir. Çünki, bu, bilavasitə sərnişinlərin təhlükəsizliyi ilə bağlıdır.

A.Allahverənov qeyd etdi ki, bütün rəsmi qurumlar, icra strukturları öhdələrində olan sahələri daim nəzarətdə saxlamalıdırlar:

- İyun ayında Avropa Olimpiya Oyunları keçiriləcək. Bununla işimiz bitmir. Yaxın bir neçə il ərzində Azərbaycan - Bakı bir çox dünya miqyaslı tədbirlərə ev sahibliyi edəcək. Futbol üzrə Çempionlar Liqasının bəzi oyunları, Beynəlxalq Şahmat yarışları, bundan başqa, İslam Ölkələri Olimpiya Oyunları və s. bu kimi mötəbər tədbirlər Bakıda keçiriləcək. Biz yalnız hansısa mötəbər tədbir ərəfəsində qolumuzu çırmalayıb işə girişsək, işlərimiz yarımçıq qala bilər. Gərək daim şəhərin təmizliyinə, gözəlliyinə, ictimai nəqliyyatın durumuna nəzarət olsun. Beynəlxalq tədbirlərin keçirilməsi əlaqədar qurumların üzərinə öhdəlik qoyur ki, nəzarət və yoxlamalar intensiv xarakter alsın. O cümlədən də ictimai nəqliyyatda. Böyrü üstə gedən avtobusları çoxumuz müşahidə etmişik. Bu o deməkdir ki, həmin avtobusda texniki nasazlıq var. Bəs niyə onu xəttə buraxırlar? Bakıda hər gün xarici qonaqlar var, hər gün turistlər gəlir. Bakı artıq dünyada tanınan bir şəhərdir. Azərbaycan regionun lider ölkələrindəndir. Bizə yaraşmaz ki, yollarımızda böyrü üstə hərəkət edən, palçıqlı avtobuslar "şütüsün”.

Məlahət Rzayeva