"Seçki göstərdi ki, ermənilərin öz ölkələrinin gələcəyinə ümidləri yoxdur"





"Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın "qalib” gələcəyi gözlənilən idi. Amma, siyasi proseslərdə baş verən dəyişiliklərə rəğmən ölkə vətəndaşları seçkidə yüksək fəallıq göstərmədilər”.

Bunu "Sherg.az”a açıqlamasında "Sülh və Münaqişələrin Həlli Mərkəzi”nin rəhbəri Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, seçici fəallığının olmamasını Paşinyan özü də sosial şəbəkədə etiraf edib: 

"Hesab edirəm ki, ölkədə baş tutan tələmtələsik seçkilər Paşinyanın siyasi şousu idi. Gələn ilə planlaşdırılan seçkilərin qabağa çəkilməsi yeni hakimiyyətin səs itirməməsinə və dəstəyinə hesablanmışdı. Ancaq göründüyü kimi seçicilərin böyük əksəriyyəti, əsasən, region əhalisinin seçkilərdə iştirakı çox zəif olub. Ümumiyyətlə, Ermənistanda seçki institutunu "Qarabağ klanı” 20 il ərzində məhv edib. İnsanlarda seçki prosesinə, verdikləri səsin əhəmiyyətli olduğuna heç bir inam, etibar qalmayıb. Ona görə də indiki seçki Ermənistanda demokratiyanın və siyasi proseslərin inkişafına təkan verməyəcək. Sadəcə Paşinyan bu kimi şoulardan istifadə edərək hakikiyyəti əlində saxlayacaq. Seçki göstərdi ki, ermənilərin öz ölkələrinin gələcəyinə ümidləri yoxdur. Paşinyan inqilabla hakimiyyəti ələ aldığı üçün bu seçki onun legitimliyinə lazım idi”.

Qeyd edək ki, Ermənistanda aylardır gözlənilən parlament seçkisi saxtakarlıq və qanun pozuntuları ilə baş tutub. Budəfəki seçki Ermənistanın müstəqillik tarixində seçicilərin ən az iştirak etdiyi seçki kimi tarixə düşüb. Seçici aktivliyi 48,63 faiz olub və Paşinyanın bloku 70 faizdən çox səs toplayıb. Seçki barajını isə "Mənim Addımım Bloku”ndan başqa Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyaları aşa bilib. Sarkisyanın Respublikaçılar Partiyası da daxil olmaqla, seçkidə iştirak edən 8 siyasi güc parlamentdən kənarda qalıb.

İsmayıl