Səhnədə çətin günlərim az olmayıb

Fərda Xudaverdiyev: “Mən bütün tənqidlərə dözməyə özümdə iradə tapdım. Gənc aktyor üçün bu qədər tənqidləri qəbul etmək ilkin mərhələdə ağır idi”
“Əslində rejissor kimi Kənan böyük risk edib mənim kimi yumor ustasını bu rola çəkdi. Sənəti uzaqdan görən, riski sevən rejissorlardan da ciddi obrazları oynamaq üçün təklif gözləyirəm”



Güldürmək nə qədər asan görünsə də, əslində düşündürərək güldürmək üçün xüsusi istedad tələb olunur. Komediya janrında tamaşaçı qarşısına çıxmaq da hər aktyorun bacarığı deyil. Bu baxımdan son illər monoloq şəklində, səhnədə təkbaşına tamaşaçı ilə qarşı-qarşıya dayanıb, stend-ap janrında fəaliyyət göstərməyi də az sayda aktyorlar bacarıb. Tamaşada bir neçə aktyorun komik səhnə təqdim etməsi ilə bir aktyorun təkbaşına səhnədə tamaşaçı ilə saatlarla ünsiyyəti arasında da fərq böyükdü.

Bu gün dünyanın bir çox ölkələrində yayılan stend-ap janrı son illər Azərbaycanda da inkişaf etməyə başlayıb. Təkbaşına aktyorun səhnəyə çıxması əslində aktyordan maksimum istedad tələb edir.
Tanınmış şoumen, aparıcı, aktyor, "stend-ap” ustası Fərda Xudaverdiyevin məhz o gənc aktyorlar sırasında adı çəkilir ki, tamaşaçını düşündürərək güldürmək bacarığına sahibdir. Sənətə gəlişindən bu günə qədər tənqidlərə duruş gətirən, mətbuat səhifələrində ayrı-ayrı yaşlı sənət adamlarının iradlarını dinləyib bu səhnədən küskün düşməmək də onun güclü xarakterindən xəbər verir. Əslində bu gün onun Azərbaycanda stend-apçı olaraq populyarlığının da əsas səbəblərindən biri səhnəyə olan sevgisinin göstəricisi sayıla bilər.
Bu gün "Şərq”ə maraqlı açıqlamalar verən Fərda Xudaverdiyev elə səmimiliyi ilə də yadımızda qaldı.
- Artıq uzun illərdi yumor ustası kimi səhnədə fəaliyyət göstərirsən. Səni yetərincə tənqid edən ciddi sənət adamları da oldu, vaxtilə səni tənqid edənlər sonradan səninlə eyni filmlərdə çəkilməyə də razılıq verdilər. Bugünkü mövqeyindən Fərda razıdırmı?
- Şükür bu günümə. Mən həyatımdan çox razıyam. Səhnədə çətin günlərim az olmayıb. Bəli, məni vaxtilə tənqid edənlər də az olmadı. Amma mən bütün tənqidlərə dözməyə özümdə iradə tapdım. Gənc aktyor üçün bu qədər tənqidləri qəbul etmək ilkin mərhələdə ağır idi. Psixoloji bir təzyiq hiss edirdim. Amma mən bu sənəti sevdiyimə əmin idim. Bir də illər sonra özümü sübut edə bildimsə, bu mənim üçün yetərli sayılır.
- Azərbaycanda "stend-ap” janrında da səhnəyə çıxan ilk aktyorlardan sayılırsan. Türkiyədə, digər ölkələrdə bu janr kifayət qədər yayılıb. Amma bizdə bu janra az müraciət edilir. Çətin deyil?
- Çətindi. Həqiqətən bu gün "stend-ap” janrında səhnəyə çıxmaq çox çətindi. Mənim 2006-cı ildən bu günə qədər buna illərim gedib. Həqiqətən digər ölkələrdə bu janr çox yayılsa da, Azərbaycanda bu janra demək olar müraciət edən ilk aktyor mən olmuşam. Çox söz deyə bilərlər. Amma mən əlimi vicdanıma qoyub rahatlıqla deyə bilərəm ki, tamaşaçının qarşısına çıxmaq üçün hər cümləmin üstündə günlərlə oturub çalışmışam ki, söz yığnağı olmasın. Bu günün tamaşaçısı çox tələbkardı. Onu bir saat özünə bağlamaq, diqqətini səhnəyə yönəltmək çox çətindi. Bunun üçün aktyordan, daha dəqiq desəm, stend-ap ustasından böyük məsuliyyət, istedad tələb edir. Sən o qədər yaxşı psixoloq olmalısan ki, tamaşaçı ilə ünsiyyət səni qorxutmasın, tamaşaçı bu ünsiyyətdən yorulmasın.
- "Selfinaz” adlı proqramla tamaşaçı qarşısına çıxdın. Əslində maraqla qarşılandı.
- "Selfinaz” adlı konsert proqramına o qədər maraq olacağını, düzünü desəm, özüm də gözləmirdim. Konsertin biletinə qiyməti mən təyin etməmişdim. Amma 100 manata da biletləri alanların sayı çox oldu. Bu məndə bir daha özümə inam yaratdı. Demək ki, illərlə olan zəhmətimin bəhrəsini görürdüm. Yerimdə hər kim olsa, yəqin o insanda da bu, xoş təəssürat yaradardı. Bu, əməyimin bəhrəsi idi. Düzdü, elə insanlar oldu ki, mənim o konsert proqramımda iştirak etməyə imkanları çatmadı. Yəni bilet almağa maddi durumları imkan vermədi. Amma o tamaşaçılarıma üzümü elə sizin qəzet vasitəsilə tutub deyirəm ki, "Selfinaz”ı izləmək istəyənlər qətiyyən üzülməsin. Oktyabrda kinoteatrlarda "Selfinaz” təqdim olunacaq. O konsertə gələ bilməyən tamaşaçılar oktyabrda həmin konsert proqramını izləmək imkanı əldə edə bilərlər.
- Yəni tamaşaçının Fərda Xudaverdiyev sənətinə marağı hiss olunurmu?
- Bəlkə bunun desəm bir az özündən razılıq kimi görünər. Amma inanın ki, məni ruhlandıran da elə sənətimə olan bu maraqdı. Mən konsert zamanı gördüm ki, tamaşaçı nə qədər bu konsertdə iştirak etmək üçün maraqlıdır. Elə bu marağı nəzərə alaraq düşünürəm ki, bu ilin sonuna qədər yeni bir konsert proqramı ilə tamaşaçılarımı sevindirim. 14 fevralda Sevgililər Günündə konsert proqramı ilə tamaşaçılarla görüşməyi düşünürəm. Hətta belə konsert proqramının ənənəvi hal alacağını nəzərdə tutmuşam. Belə konsert proqramları ilə tez-tez tamaşaçı qarşısına çıxmaq lazımdı.
- Sən yumor ustası olaraq tanınıb sevilsən də, Kənan M.M-in "Gecə qonağı” filmində Fərda Xudaverdiyevi tamaşaçı tamamilə fərqli obrazda gördü. Daha ciddi obrazda səni görmək tamaşaçı üçün maraqlı gəldi. Yumor ustası kimi tanınan aktyorun birdən-birə belə ciddi obrazı oynaması da aktyordan cəsarət tələb edirdi...
- Düzünü desəm, belə bir ciddi obrazı yaratmaq ən böyük arzum idi. Bu arzum da gerçəkləşdi. Buna görə Kənan M.M-ə təşəkkür edirəm ki, məni belə çətin və ciddi obrazda görə bildi. Əslində rejissor kimi Kənan böyük risk edib mənim kimi yumor ustasını bu rola çəkdi. Yəni məni ciddi rolda sınadı. Rejissor kimi Kənan məni bu rolda görə bildi. Əgər məni başqa rejissorlar da ciddi rollarda görmək istəsələr, ya da təklif gəlsə, inanın ki, "Gecə qonağı”ndan iki dəfə artıq ciddi obraz oynamağa canımı qoyaram. Mənə elə gəlir ki, əslində aktyor üçün ciddi və ya satirik obraz yaratmaq kompleksi olmamalıdır. Aktyor hər iki janrda oynamağı bacarmalıdır. Yumor mənim canımda, qanımda var. Amma akytorsansa, hər iki janrda oynamaq onun üçün çətin olmamalıdır.
- Tamaşaçı reaksiyası necə, maraqlı gəldimi? Tamaşaçı adətən səni yumorlu aktyor kimi qəbul etmişdi.
- Səmimi deyəcəm, tamaşaçı reaksiyası mənim üçün çox maraqlı idi. Mənim üçün bu həm bir şans idi, həm də bir sınaq. Maraqlı idi tamaşaçı necə reaksiya verəcək. Bəyənən də oldu, bəyənməyən də. Yəni 50-50-yə. Elə tamaşaçılar oldu ki, çox bəyəndilər, eləsi də oldu ki, bəyənmədi. Əslində tamaşaçı bəzən nəyəsə öyrəşir, o ampluadan kənara çıxa bilmir. Yəni məni ciddi rolda görə bilməyən tamaşaçı oldu. Amma mənə elə gəlir ki, o qədər pis alınmamışdı. Çünki bu filmi izləyən elə tamaşaçılar oldu ki, kinoteatrı göz yaşı ilə tərk etdi. Əgər bunu bacara bildiksə, demək ki, bir az da olsa nəyisə əldə edə bildik "Gecə qonağı”nda. Bu film məndə bir daha aktyor olaraq özünə güvən yaratmış oldu. Mən bundan sonra da ciddi obrazlarda oynamaq istərdim. Sənəti uzaqdan görən, riski sevən rejissorlardan da ciddi obrazları oynamaq üçün təklif gözləyirəm.
Tahirə Məmmədqızı