Sənətçilər mətbuatımızdan razıdırlar

“Qələminiz həmişə qüvvətli olsun”



İyulun 22-də Milli Mətbuat Günü qeyd edilir. Təməli Həsən Bəy Zərdabi tərəfindən qurulan 141 illik milli mətbuatımız əzəmətli və çətin yol fəth edə bilib. Bu gün mətbuat 4-cü hakimiyyət olaraq qəbul olunur. Jurnalist olmaq hər bir qələm sahibindən bu peşəyə böyük sevgi və məsuliyyət tələb edir. Jurnalist maksimum dərəcədə operativ, çevik, qərəzsiz, peşəsinə sadiq, ədalətli olmağı bacarmalıdır. Çünki mətbuat cəmiyyətin güzgüsü hesab edilir. Onu olduğu kimi təqdim etmək isə məhz, jurnalistlərin üzərinə düşən ən böyük missiyadır. Bu şərəfli peşə sahibləri isə bəzən gecələrini gündüzlərinə qatıb millətinə, dövlətinə xidmət etməyi bacarırlar.


Milli Mətbuat Günü ərəfəsində tanınmışların da mətbuata olan münasibətini öyrənməyə çalışdıq. Tanınmışlarla mətbuat arasında münasibət necə qurulmalıdır? Jurnalistin dostluğuna güvənən tanınmışlar varmı? Mətbuatla dost olmaq lazımdırmı?

Milli mətbuatın 141 illik bayramı ərəfəsində bir çox tanınmışlar "Şərq”ə açıqlama verdilər.

Xalq artisti, mətbuatın dostu sayılan Faiq Ağayev Milli Mətbuat Günü münasibətilə jurnalistlərə, qələm əhlinə arzuları ilə yanaşı, mesajlarını ünvanlamış oldu: "İlk növbədə onu vurğulamaq lazımdı ki, jurnalistlər özləri üçün çalışmırlar. Mətbuat, jurnalistlər cəmiyyət üçün faydalı bir işlə məşğul olurlar. Cəmiyyətə, ictimaiyyətə məlumat verirlər. Ən böyük arzum Həsən Bəy Zərdabinin yaratdığı milli mətbuatımızın içi alaq otlarından təmizlənməsidi. Peşəkarların bu sahədə çalışmasına imkan yaratmaqdı. Mətbuatla tanınmışlar arasında münasibətə gəlincə isə, baxmayaraq həmin tanınmışlar hansı sahədə çalışırlar - musiqiçi, siyasətçi, idmançı, müğənni mətbuata inanmalıdır. Tanınmışlarla mətbuat arasında inam olmalıdır. Biri-birinə sayğı olmalıdı. Həm mətbuatın tanınmışlara sayğısı olmalıdı, həm də əksinə. Milli mətbuatımızın nə yaxşı ki, keyfiyyətli, peşəkar, savadlı nümayəndələri var. Onlara bu çətin sahədə böyük uğurlar arzulayıram. Maraqlı yazılar, düzgün, qərəzsiz analiz arzu edirəm. Milli mətbuata ən böyük arzum tamaşaçı, oxucu sevgisinin çox olmasıdır”.

Faiq Ağayev "jurnalistlərlə dost olmaq mümkündürmü, deyirlər jurnalistlərin dostluğuna güvənmək olmaz” sualına da maraqlı cavab verdi: "Yox, qətiyyən bu fikirlə razı deyiləm. İllərlə dostluq etdiyim, qələminə etibar edib güvəndiyim, ədalətlə, qərəzsiz analiz etmək bacarığı olan bir sıra jurnalistlər var ki, onlar mənim üçün əzizdi, dəyərlidi, doğmadı. Sözün həqiqi mənasında qələminə güvəndiyim jurnalist dostlarım var. Onlardan biri də elə sən özünsən, Tahirə! Mən peşəkar jurnalistləri sevirəm. Jurnalistlərə bayram ərəfəsində ancaq və ancaq uğurlar diləyirəm. Qələminiz hər zaman ədalətli olsun! Həqiqətən çox çətin peşənin sahiblərisiz. Milli Azərbaycan mətbuatının çox peşəkar, ədalətli, özünə və şəxsiyyətinə hörmət etməyi bacaran mətbuat nümayəndələri var. Cəmiyyətimizin axsaq, qüsurlu tərəflərini işıqlandıran, hakimiyyətimizin nəzərinə çatdıran peşəkar mətbuatımız var. Bu çətin sahədə onlara güclü, ədalətli, obyektiv olmağı arzulayıram. Milli Mətbuat Günü münasibətilə də peşəkar mətbuat nümayəndələrimizi təbrik edirəm!”.

Müğənni Nura Suri də Milli Mətbuat Günü münasibətilə mətbuat nümayəndələrini təbrik etdi: "Sovet dönəmini yaşayanların yadına düşərsə, bilirlər ki, o zaman jurnalistikaya böyük bir hörmət var idi. O vaxtlar jurnalistika fakültəsinə daxil olmaq böyük bir fəxr demək idi. Kim jurnalistika fakültəsinə daxil olurdusa, o adama xoşbəxt insan kimi baxırdılar. Jurnalist sözü hər adama yaraşmır. Hər əlinə mikrofon, ya diktofon alan insana da jurnalist demək olmaz. Belə qeyri-peşəkarlar jurnalist adına, sizin peşəkar jurnalist nüfuzunuza xələl gətirmiş olur. Amma bu gün də mənim fikrimcə, ən hörmətli sənət sahiblərindən biridi jurnalistlər. Mənim ətrafımda da peşəkar, savadlı, ədalətli jurnalist dostlarım var. Mənim üçün də fəxrdi ki, ətrafımda savadlı jurnalist dostlarım var. Deməli, mən dostluq etməyi bacarıram. Çünki fikrimcə, jurnalist hadisələrə obyektiv yanaşmağı bacaran insandı. Sənin kiminləsə münasibətin pis ola bilər, amma peşəkar olduğun üçün obyektiv yanaşmağı bacarırsan, bu sənin qələmində özünü göstərmiş olur. Mənim üçün peşəkarlıq budu. Jurnalist şəxsi maraqlarını unudaraq, yazdığı insana obyektiv, ədalətli yanaşmağı bacarsın. Mənim jurnalist dostlarım mənə fikirlərini, iradlarını rahatlıqla bildirə bilir, məni yola vermirlər. Bu önəmlidir. İnsana dost məsləhət verirsə, bu onun marağına xidmət edir. Deməli, jurnalist həm də bir insan kimi səninlə dostdur və elə buna görə də sənə həqiqəti deməyə cəsarət tapır. Sənin qüsurunu gizlətmir. Mənim jurnalistlər arasında dost deyə bildiyim peşəkar insanlar var. Peşəkar mətbuat nümayəndələrinə də hər zaman böyük hörmətlə yanaşıram. Hətta bir-bir Azərbaycan mətbuatında qələmi ilə seçilən jurnalistlərin adını çəkə bilərəm. Amma bunu ona görə etmirəm ki, başqaları inciyə bilər. Kimlərinsə qəlbinə dəyməmək üçün ad sadalamayacam. Mənə elə gəlir ki, jurnalist xalqın yanında olan insandı. Cəmiyytədə yaxşı, pis nə varsa, onu olduğu kimi işıqlandırmağı bacaran insanlardı. Hər bir vətəndaş, eləcə də biz sənətçilər sizə borcluyuq. Çünki bizim üstümüzdə, yəni tanınmışların üzərində siz jurnalistlərin əməyi az deyil. Milli Mətbuat Günü münasibətilə Azərbaycan mətbuatında şərəflə çalışan bütün peşəkar jurnalistləri də təbrik edirəm. Prezidentimizə də təşəkkürümü bildirirəm ki, dövlət səviyyəsində mətbuata qayğı və diqqət var. Milli Mətbuat Günündə jurnalistlərə ev hədiyyə edilir, mükafatlar təqdim olunur. Ölkə başçısı da mətbuata diqqəti hər zaman sərgiləmiş olur. Gənclər arasında da jurnalist olmağa həvəs göstərənlərə də məsləhətim odur ki, bu sahəyə gəlmək istəyənlər bu sahədə vicdanla çalışsınlar, savadlı olsunlar. Çünki bizim savadlı mətbuata hər zaman ehtiyacımız var. Bizdə bəzən savadlı həkim qıtlığı hiss olunur. Amma sevinirəm ki, Azərbaycanda peşəkar jürnalistika qıtlığı, peşəkar jurnalist qıtlığı yoxdu. Bizdə güclü qələmi olan peşəkar jurnalistlər var. Milli Mətbuat Günü münasibətilə sizləri təbrik edirəm!”

Xalq artisti Mənsum İbrahimov da Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik etdi: "Jurnalist olmaq həm şərəfli, həm də çətin peşədir. Bu, insandan təkcə istedad tələb etmir. Jurnalist ədalətli, vicdanlı olmağı bacarmalıdır. Mənə elə gəlir ki, jurnalist həm də cəsarətli olmaqdan çəkinməməlidir. Mənim Azərbaycan mətbuatında qələminə dəyər verdiyim jurnalist dostlarım var. Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri, mətbuat nümayəndələrini təbrik edirəm”.


Tahirə Məmmədqızı