“Separatçı ölkədə baş verənlər terror hadisəsidir”

“Həmin hadisələr Sarkisyanın müəyyən mənada əlini gücləndirir”



Xəbər verdiyimiz kimi, bu günlərdə Ermənistanda da hərbi çevrilişə cəhd olub. Bir qrup silahlı şəxs paytaxt İrəvanda yerləşən Daxili Qoşunların və polis binasını ələ keçirib. Silahlı şəxslər mövcud hakimiyyətin istefasını, "Yeni Ermənistan” İctimai Xilas Fondunun lideri Jirayr Sefilyanın azad edilməsini tələb ediblər.

Daxili Qoşunların və polis binasını ələ keçirilməsi zamanı bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Polisin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib ki, yaxın vaxtlarda polis rəsmi bəyanatla çıxış edəcək. Hazırda polis Erebuni rayonuna gedən bütün yolları bağlayıb. Binanın azad edilməsi məqsədilə hadisə yerinə əlavə qoşun göndərilib. "Təsis parlamenti” təşkilatının sədr müavini Varujan Avetisyan "silahlı üsyanın başlanması”nı elan edib. Silahlılar Serj Sarkisyanın istefasını tələb edirlər.

Ermənistandakı vəziyyəti dəyərləndirən politoloq Natiq Miri qeyd edib ki, bu cür hadisələr Ermənistanın əsl mahiyyətini ortaya qoyur: "Separatçı ölkədə baş verənlər terror hadisəsidir. Hər hansı bir dövlət obyektini işğal etmək, yüksək çinli zabiti öldürmək terror hadisəsidir. Nəzərə almaq lazımdır ki, bu hadisələr Dağlıq Qarabağ münaqişəsinin həllinə dair gedən intensiv danışıqlara tormozladıcı təsirini göstərəcək. Ona görə ki, həmin hadisələr Sarkisyanın müəyyən mənada əlini gücləndirir. Və onun dilinə bəhanə verir ki, indiki şəraitdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı güzəştə getmək mümkün deyil. Təbii ki, bu da Azərbaycanın maraqlarına uyğun deyil. Təcavüzkar ölkədəki mövcud vəziyyət orada dağıdıcı proseslərin gedəcəyinə bir işarədir. Ermənistanda artıq hərbi yöndə dağıdıcı proseslər mövcuddur”.

Ayyət Əhməd