Sərdar Cəlaloğlu Əli Kərimlini təkbətək “döyüşə” çağırdı

“Partiyadakı cavan uşaqların hərəsinə 50-60 manat verib internetdə onu-bunu söydürməsin”


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun AXCP sədri Əli Kərimlini müxalifətin "primadonnası” adlandırması cəbhəçilərin ADP rəhbərinə qarşı hücuma keçməsinə səbəb olub. AXCP funksionerləri və sıravi üzvlər mediada və sosial şəbəkələrdə S.Cəlaloğlunun ünvanına təhqiramiz ifadələr işlədiblər. Ə.Kərimlinin müavini Nurəddin Məmmədli S.Cəlaloğlunu Hafiz Hacıyevlə müqayisə edərək onu Hacıyevin savadlı variantı adlandırıb. N.Məmmədli deyib ki, əvvəllər hər yerdə hörmətli insan kimi qəbul edilən ADP sədri indi hamının qınaq obyektinə çevrilib:

"Onda ciddi komplekslər formalaşıb. Hamıya düşmən kimi yanaşır. "Qurani-Kərim”də səhv axtarır, Füzulini, Babəki, Səməd Vurğunu düşmən elan edir”. Sədr müavini S.Cəlaloğlunu satqınlığı təbliğ etməkdə də suçlayıb: "O, tərk etdiyi camiədə ləyaqət hissini qoruyub saxlayan, getdiyi yola sadiq olanlara qənim kəsilib. Vaxtı ilə hakim partiyanın rəhbərlərini tənqid edən bu adam, indi YAP-ın süpürgəçisi ilə əməkdaşlıq edir. Bir sözlə, Sərdar Cəlaloğlu Azərbaycan xalqı üçün itirilmiş adamdır. Onun dedikləri vicdanlı insanların ürəyini bulandırır”. Barəsindəki ittiham və təhqirlərlə bağlı "Şərq”ə danışan Sərdar Cəlaloğlu cəbhəçilərin cavabını verib və Əli Kərimlini təkbətək "döyüşə” çağırıb...

- AXCP ilə aranızdakı gərginlik nədən qaynaqlanır? Cəbhəçilər sizi niyə təhqir edirlər?

- Cəbhəçilər mədəniyyətsizlik sindromuna düşüblər. Onlar istəsələr də, öz köhnə vərdişlərindən, yəni kimlərisə ittiham etmək, təhqir etmək xəstəliyindən vaz keçə bilmirlər. Əslində bu gərginlik yeni deyil. Bu gün mənimlə davam etdirilən mübarizə uzun illər Müsavatın keçmiş başqanı İsa Qəmbərlə aparılıb. Müsavatın qurultayından əvvəl İ.Qəmbər siyasi partiya lideri kimi Əli Kərimliyə alternativ görünürdü. Ona görə də İ.Qəmbəri yatırtmaq, nüfuzunu aşağı salmaq, ləkələmək məqsədi ilə AXCP-də bütün günü planlı iş aparılır, aşağılayıcı kampaniya hazırlanırdı. Hətta cəbhəçilər Müsavatla müttəfiq olduqları vaxtda belə gecə-gündüz İ.Qəmbəri gözdən salmağa çalışırdılar. Artıq eks-başqan rəhbərlikdən gedib, görünür, indi növbədə mənəm. Yəni cəbhəçilər məni özlərinə siyasi rəqib gördükləri üçün sıradan çıxarmağa çalışırlar. Onların əsas niyyəti budur.

- İstənilən halda iki nüfuzlu partiyanın qarşıdurması müxalif düşərgənin nüfuzuna xələl gətirir. ADP-çilərin cəbhəçilərə eyni dillə cavab verməsini düzgün hesab edirsinizmi?

- Şəxsən mənim AXCP lideri və üzvləri ilə şəxsi problemim yoxdur. Mən ilkin olaraq cəbhəçilər barəsində fikir bildirməmişəm. Onlar məni öz qurultaylarına çağırdı, sonra da danışmağa imkan vermədilər. Çıxış edən zaman fitə basdılar, tənqid etdilər, mən də oranı tərk etdim. Onlar ADP-nin Demokratik Mərkəzə getməyini deputat mandatı ilə əlaqələndirdilər. Bizim piket keçirmək qərarımızı hökumətin sifarişi kimi qələmə verdilər. Hesab edirəm ki, onlara yerində cavab vermək vacibdir. Düzdür, bu mübarizə və qarşılıqlı söz atışması müxalifətə ziyan vurur. Amma sakit qalıb cavab verməyəndə ictimai rəydə haqqımızda yanlış təsəvvürlər, fikirlər formalaşır. Yəni susqunluğumuz qarşı tərəfin haqlı olduğu qənaətini yaradır. Sırf bu səbəbdən AXCP-yə cavab verməyə məcbur qalırıq. Ancaq cavabımı çoxdan vermişəm və dediklərimin də arxasında dururam. Onlar haqqında açıqladıqlarımın hamısı tam reallıqdır.

- Amma cəbhəçilər iddia edirlər ki, siz onları haqsız yerə ittiham edirsiz...

- Əgər AXCP lideri özünə tam arxayındırsa və həqiqətən mənim onun barəsində dediklərimi şər, böhtan hesab edirsə, onda buyursun, təklifimi qəbul etsin. Onu dəvət edirəm, razılaşaq, çıxaq Azərbaycan televiziyalarının birinə və bütün aramızdakı məsələləri xalqın gözü qarşısında müzakirə edək. Hər kəs öz mövqeyini müdafiə eləsin. Bax, elə sizin qəzet vasitəsi ilə Əli Kərimliyə müraciət edirəm. Gəlsin efirə, birlikdə Azərbaycanda çağdaş siyasətdən, strategiyadan və praktikadan tutmuş partiyalararası münasibətlərə, hər birimizin ölkə siyasətindəki roluna qədər hər şeyi diskussiya edək. Partiyadakı cavan uşaqların hərəsinə 50-60 manat verib internetdə onu-bunu söydürməsin. Ayıbdır, belə siyasət olmaz. Bundan nə müxalifət, nə cəbhə, nə də ADP xeyir görür. Qıraqdan da yaxşı görsənmir. Cəbhəçilər elə bilirlər ki, onlar mütləq kiminləsə intriqaya girməlidirlər.

- AXCP sədrinin müavini sizi Hafiz Hacıyevlə, bir neçə gün əvvəl isə başqa bir cəbhəçi sizi müğənni Rəqsanəylə müqayisə etdi. Belə bənzətmələrdən narahat olursuzmu?

- Yox, bunlar məni narahat etmir. Cəbhəçilər məni istədikləri adamla müqayisə edə bilərlər. Əsas odur ki, Əli Kərimli ilə müqayisə etməsinlər. Çünki Əli Kərimli əxlaqına, intellektinə və xalq qarşısındakı xidmətlərinə görə mənimlə müqayisə olunmayacaq dərəcədə aşağı səviyyəli bir adamdır. O öz ətrafındakı adamlara düzgün yol göstərməlidir. Onlara başa salmalıdır ki, dövlətinə, xalqına bu qədər xidmət göstərmiş müxalifət lideri haqqında ağıza gələni danışmaq olmaz. Cəbhəçilər özləri əlli cür oyundan çıxırlar, sonra başqalarını ittiham edirlər.

- Cəbhəçilər sizi nədə ittiham edirlər?

- Onların ittihamı budur ki, guya mənim AXCP və Əli Kərimli haqqında söylədiklərimin məqsədi 2015-ci ildə parlamentdə deputat mandatı almaq üçündür. Adama deyərlər, ay balam, əgər Milli Məclisdə deputat mandatı almaq üçün bu şeyləri etmək lazımdırsa, onda xatırladım ki, Əli Kərimli iki dəfə parlamentdə oturub. Üçüncü dəfə isə çox istəməsinə rəğmən ona mandat verməyiblər. Deməli, AXCP sədri məclisə üzv olmaq üçün düz üç dəfə mənə şamil etdiyi hoqqaları çıxarıb. İndi xoş görmədiyi şeyləri o özü dəfələrlə edib. Müxalifətin birliyinin pozulmasına xidmət edərək deputat mandatı qazanıb. Mən isə müxalifətin birliyindən başqa heç nə istəməmişəm.

- Sizə qarşı başqa ittiham da irəli sürürlər. Deyirlər ki, "artıq Sərdar Cəlaloğlunun kitabı bağlanıb, ona görə də yenidən gündəmə gəlmək üçün belə məsələləri ortaya atır”. Siyasi arenada kifayət qədər tanınan ADP sədrinin gündəmə gəlmək kimi bir dərdi varmı?

- Əlbəttə, yoxdur. Mən gündəmdən heç vaxt çıxmamışam ki, yenidən gəlmək üçün əlləşim. Sadəcə cəbhəçilərə elə gəlir ki, guya mən gündəmdə yoxam. Bax, ona görə Əli Kərimliyə "primadonna” adı qoymuşam. Axı sən kimsən ki, insanların kimliyini, aqibətini təyin edirsən. Siyasətdə kiminsə vaxtının bitdiyini və ya qaldığını yalnız Azərbaycan xalqı müəyyən edə bilər. Demokratik bir seçki keçirilsin, onda görərik kimin kitabı bağlanıb. Əslində insanlar siyasətə 50-60 yaşında gəlməyə başlayırlar. Çünki bu yaşda insan oturuşmuş olur, təcrübəsi, biliyi yetkinləşir. Mən indiyədək xalq qarşısında gördüyüm işlərlə gündəmdə olmuşam. İndi də bu işlərlə gündəmdəyəm. Əgər onların dediyi kimi gündəmdən düşmüşəmsə, onda niyə AXCP məni tədbirlərinə çağırır, mənimlə mübarizə aparır?

Əli Kərimli ilə tərəf-müqabili olmaq insanı gündəmə gətirməz. Şəxsən mən onu özümə layiq bilmirəm. Amma məcbur edirlər ki, onlarla intriqaya girək.

İsmayıl