Sərhədlərin açılması real görünmür

Ərdoğanın açıqlamasından sonra ermənilərin son ümidi də puça çıxdı



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bir daha Ermənistan-Türkiyə sərhədləri məsələsinə toxunub. Məlumata görə, təyyarədə jurnalistin "sərhədlərin açılması müzakirə edilirmi” sualını cavablandıran prezident deyib ki, "Dağlıq Qarabağ probleminin həllində irəliləyiş olmayınca sərhədlər açıla bilməz:

"Obama, Putin və Ollandla biz bu məsələni müzakirə eləmişik. Onlar deyiblər ki, irəliləyişin marağında olublar və olacaqlar. Ancaq hələ ki, nəticə yoxdur”. Yada salaq ki, sərhədlərin açılmasını nəzərdə tutan Sürix protokolları məhz rəsmi Ankaranın Qarabağ şərtinə görə reallaşmayıb.

Türkiyə liderinin bəyanatını şərh edən siyasi şərhçi Arzu Nağıyev "Şərq”ə açıqlamasında qeyd edib ki, Ərdoğanın cavabı gözlənilən idi. Ekspertin qənaətincə, Çanaqqala savaşının zəfər günü kimi geyd ediləcəyi günü, məhz 24 aprel tarixi təyin edildikdən sonra, sərhədlərin açılmasına dair ermənilərin son ümidi də puça çıxdı: "Məhz bundan sonra 2009-cu ildə Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması haqqında imzalanmış protokolun ermənilər tərəfindən "geri çağırması”münasibətlərin bir az da gərginləşməsinə səbəb oldu. Yəni Türkiyə bir daha əmin oldu ki, ermənilər "Ərköyün uşaq” rolunu oynamaqda davam edirlər”.

Politoloqun sözlərinə görə, sərhədlərin açılmasını nəzərdə tutan Sürix protokolları məhz rəsmi Ankaranın ermənilərin Qarabağla bağlı işğalçılıq siyasətindən əl çəkmədiklərinə görə reallaşmayıb: "Bununla belə, cənab Ərdoğanın müraciət etdiyi hər üç prezident ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ üzrə həmsədrlərinin təmsil olunduğu dövlətlərin başçılarıdırlar. Bu gün həmin qrupun da gördüyü iş qənaətbəxş deyil və sülhməramlı bəyanatlardan o yana keçməyən bir missiyadır. Bu baxımdan da Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində işlərdə irəliləyiş yoxdursa, təbii ki, sərhədlərin açılması məsələsindən də söhbət gedə bilməz. Cənab Ərdoğan öz cavabında məhz bunu nəzərdə tuturdu”.

Ayyət Əhməd