Sərnişinlərin, sürücülərin həyatı risk altındadır

Xəttə buraxılan avtobuslar hər gün texniki baxışdan keçməlidir, amma belə deyil


Paytaxtda sərnişin avtobusunda baş vermiş yanğın hadisəsi ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına riayət edilmədiyini göstərir. Yanğına məruz qalan "Transqeyt” MMC-yə məxsus "DAEİOO” markalı sərnişin avtobusu olub. Həmin avtobus Binəqədi rayonu ərazisində marşrut xəttindəymiş. Bu rayon da paytaxtın ən sıx məskunlaşma olan inzibati ərazilərindəndir. Xoşbəxtlikdən yanğın baş verən zaman avtobusda sərnişinlər olmayıb.

Yanğın avtobusun arxasında - mühərrik hissədə başlayıb və salondakı arxa oturacaqlardan 5-i də yanıb. Təsəvvür etmək belə dəhşətlidir ki, avtobusda sərnişinlər olduğu vaxt yanğın baş versəydi, hansı ağır nəticələrə gətirib çıxarardı. Təəssüf ki, ictimai nəqliyyatda qəza halları son illər hədsiz intensivləşib. İstər ictimai nəqliyyatın iştirakı ilə törədilən yol-nəqliyyat qəzaları, istər piyadaların vurulması, istərsə də, texniki nasazlıq üzündən baş verən qəzalar, sərnişinlərin can güvənliyinin olmadığının göstəricisidir.

Nəqliyyat Nazirliyi hansı üsula əl atsa da, ictimai nəqliyyatdakı nöqsanları aradan qaldıra bilmir. Paytaxta vaxtaşırı yeni avtobuslar gətirdilir, nəqliyyatın intellektual idarəetmə sistemi işə salınır, dayanacaqlarda monitorlar quraşdırılır, hətta vahid kart sistemi də tətbiq edilir, amma köhnə problemlər yenə də qalır. Dayanacaqlarda və ondan kənarda avtobuslar yenə də uzun "quyruq” yaradıb tıxaca səbəb olur, bəzi avtobusların salonu uçuq-sökük, tərk edilmiş daxmaları xatırladır, oturacaqlar məqsədli şəkildə götürülür, sürücülər yenə də "qonşik” rolundadır, hərəkət zolağında ötüşməyə çıxırlar, daha işıqforun qırmızı işığına da məhəl qoymurlar. Qarşıdakı dayanacağa tez çatmaq üçün hətta qırmızı işıqda belə dayanmırlar. Sərnişinlərin narazılığı daim eşidilir. O cümlədən, avtobuslardakı qızdırıcı cihazlarla bağlı. Dəfələrlə müşahidə etmişəm ki, sərnişinlər "a bala, bu peçi söndür, "yandıq” deyə şikayət ediblər. "Yanğın” demişkən, Binəqədi rayonu ərazisində avtobusun yanmasına məhz yüksək temperaturun səbəb olduğu bildirilib.

Məsələ ilə bağlı "Şərq”ə danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov normal vəziyyətdə avtobuslarda qızdırıcı sobanın yanğın törətmək qabiliyyətində olmadığını dedi:

- Əgər avtobus normal vəziyyətdədirsə, soba yanğın törədə bilməz. Çünki sobanın istilik dərəcəsi hesablanaraq avtobusa yerləşdirilir. Sobadan çıxan isinmiş havadır. O, yanğın törətmək iqtidarında deyil. Avtobusda yanğının baş verməsinin iki səbəbi ola bilər; ya burada yanacaq materialları açığa çıxıb, mühərrikin üzərinə tökülüb və nəticədə yanğın baş verib. Ya da elektrik sistemində nasazlıq varmış və hardasa naqillərdə qısaqapanma olub. Bilirsiz, istehsalçılar avtobusdakı konstruksiya materiallarının istiyə davamlılığını da nəzərə alırlar. Deyək ki, alt hissədə soba varsa, oturacağın alışıb yanması qeyri-mümkündür. Müasir avtobuslarda mühərriklərin üzəri bağlı vəziyyətdədir. Köhnə avtomobillərdə, məsələn, sovet istehsalı avtomobillərdə mühərrik açıq vəziyyətdədir. Amma müasir avtomobillər fərqlidir. Mühərrikin üzəri qapalıdır və yanacağın, digər sürtkü materialları da qapalı yerdədir. Yanacaq mühərrikə xüsusi şlanqlar vasitəsilə - ən təhlükəsiz hissələrlə axır. Həmin şlanqlar saz vəziyyətdə olsalar, yanacaq heç vaxt açığa çıxmamalıdır. Görünür, həmin avtobusda texniki nasazlıq olub ki, mühərrik hissədə yanğın baş verib. Bəlkə də elektrik sistemində nasazlıq olub. Çünki avtobuslarda xeyli sayda elektrik naqilləri var. Avtobusun işıqları, qapıların açılıb-bağlanması, hazırkı avtobusların çoxunda olan elektrik tablosu, bunlar hamısı elektriklə işləyir. Bəzən naqillər sıradan çıxdıqda onları çox nazik, tez sıradan çıxan naqillərlə əvəzləyirlər. Bu da naqillərdə qısaqapanmaların tez-tez baş verməsinə səbəb olur.

Ə.Hüseynov bildirdi ki, ictimai nəqliyyatda təhlükəsizlik məsələlərinə ciddi diqqət edilməlidir:

- Burada həm sərnişinlərin həyatı risk altındadır, həm də sürücülərin. Sürücülər özləri marağında olmalıdır ki, xəttə çıxan avtobus texniki baxışdan keçmiş olsun. Xəttə buraxılan hər bir avtobus gündəlik texniki baxışdan keçməlidir. Avtobus parkına daxil olan avtomobilə mühəndislər tərəfindən baxış keçirilməli, hansı hissədə nasazlıq varsa, təmir edilməlidir ki, səhər xəttə çıxacaq avtobus saz vəziyyətdə olsun. Amma təəssüf ki, biz çox vaxt bunun əksini müşahidə edirik. Avtobus xətt üzrə hərəkət etdiyi yerdə gah təkəri boşalır, gah qapı bağlanmır, gah mühərrik hissədə səs əmələ gəlir. Bunlar hamısı ona görədir ki, avtobuslar lazımi qaydada texniki baxışdan keçirilmir. Ziyanını isə sərnişinlər və sürücülərin özləri çəkir.

Məlahət Rzayeva