Bu gün "Şərq" qəzetinin kollektivi ölkə başçısı cənab İlham Əliyevin 2018-ci ili "Cümhuriyyət ili" elan etməsini əsas tutaraq "Cümhuriyyətçi jurnalistlər" layihəsinə start verib. Layihə barədə məlumat verən "Şərq” qəzetinin baş redaktoru A. Aşırlı bildirib ki, məqsəd Cümhuriyyət dövründə öz qələmi ilə tarix yazan jurnalistlərin anılmasıdır:
"Layihə çərçivəsində "Şərq” qəzetində cümhuriyyətçi jurnalistlər, onların fəaliyyəti, Cümhuriyyət tarixinə verdiyi tövhələrdən bəhs edən araşdırma yazılar hazırlanıb, dərc ediləcək. Məqsədimiz həmin şəxsiyyətlərin irsinin daha əhatəli şəkildə öyrənilməsidir. İşıq üzü görəcək məqalələrin may ayının 28-nə - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə qədər kitab halında dərc edilməsinə çalışacağıq. Bundan başqa, "Cümhuriyyət ili” çərçivəsində "Şərq” kollektivi vaxtaşırı AXC dövründəki fəaliyyəti ilə seçilən şəxsiyyətlərin məzarlarını ziyarət edəcək".

Layihənin mahiyyətinə müvafiq olaraq redaksiya heyəti Azərbaycan Fəxri Xiyabanında dəfn olunan Cümhuriyyət nümayəndələrinin məzarlarını ziyarət edib. Sözləri ilə Şərqdə ilk demokratik Respublika formalaşdıran cümhuriyyətçi jurnalistlərin məzarı önünə qərənfillər düzülüb. Prezident İ.Əliyevin bu ilin "Cümhuriyyət ili" elan olunması ilə bağlı verdiyi sərəncamı müsbət qiymətləndirən A.Aşırlı hər bir mərhum dühamızın həyat və yaradıcılığı, keçdiyi tarixi, siyasi yollar barədə ətraflı məlumat verib.
Fəxri Xiyabana ziyarət çərçivəsində ilk olaraq, Azərbaycan mətbuatının banisi Həsən Bəy Zərdabinin məzarına baş çəkilib. A.Aşırlı "Əkinçi” qəzetinin və H.Zərdabi irsinin Azərbaycan mətbuat tarixi üçün önəmini vurğulayıb. Həmçinin, Cümhuriyyət dövründə fəalliyyət göstərən və Cümhuriyyət quruculuğunda iştirak edən Üzeyir bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Zülfüqar bəy Hacıbəyli Cəfər Cabbarlı, Əzim Əzimzadənin, Əli Nəzmi, Abdulla Şaiq və digər şəxsiyyətlərin məzarları ziyarət edilib.

Bundan sonra Azərbaycan milli istiqlalının öncüllərindən olan, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ideyasının müəllifi, böyük ideoloq Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndindəki doğulub boya- başa çatdığı evə (red- hazırda uşaq bağçası kimi fəaliyyət göstərir) baş çəkildi. Ardınca, M.Ə. Rəsulzadənin həmin evdən elədə uzaqda yerləşməyən Abidəsi ziyarət olundu. Onun abidəsi önünə gül dəstələri qoyulduqdan sonra A.Aşırlı çıxış edərək M.Ə.Rəsulzadənin Azərbaycanın ictimai-siyasi fikir tarixində daim yaşayacağını söyləyib. Baş yazar qeyd edib ki, onun XX əsrin əvvəllərində Azərbaycan mətbuatının müstəqilliyi ilə bağlı verdiyi ideyalar bu gün də aktuallığını itirməyib.
Qeyd edək ki, ziyarətlə bağlı bu günlərdə "Sherg.az" saytında və eyni zamanda "Şərq" qəzetində geniş yazı dərc olunacaq.
Aysel, Ayyət