“Şərq”ə DƏSTƏK: "Bu qəzet ölkə üçün mühüm mətbu orqandır” - Fotolar

"Şərq”i oxu” adlı abunə kampaniya çərçivəsində tanınmış ictimaiyyət nümayəndələrinin, iş adamlarının, o cümlədən sıravi oxucuların qəzetimizə dəstəyi davam edir. Artıq bir neçə gündür "Şərq”ə dəyər verən insanlar redaksiyamıza gələrək abunə marafonuna qoşulurlar.
"Şərq”in bugünkü qonaqları çap mətbuatına yüksək qiymət verən biznesmenlər olublar. Redaksiyamıza təşrif buyuran iş adamlarını məmnunluqla qarşılayan baş redaktorumuz Akif Aşırlı "Şərq”in başlatdığı abunə kampaniyası və mövcud vəziyyətlə bağlı qonaqlarımıza məlumat verib. Baş redaktor "Şərq”ə göstərilən diqqətə görə, razılığını ifadə edib və yeni başladılan abunə kampaniyasına qoşulanlara öz minnətdarlığını bildirib.
"Pakı Group” MMC-nin sahibi Əhməd Abdulkərimov "Şərq”in baş redaktoru Akif Aşırlını tələbə vaxtından tanıdığını deyib:
"Akif müəllim hamımızın hörmət etdiyi dəyərli şəxslərdən biri olub. Əminik ki, Akif müəllim başda olmaqla qəzetin bütün kollektivi bir yumruq kimi birləşəcək və bütün problemlərin öhdəsindən gələcək. Abunə kampaniyasına qoşulmaqda məqsədimiz "Şərq”ə dəstək verməkdir.
Çünki "Şərq” təkcə bizim üçün deyil, ölkə üçün mühüm mətbu orqandır”. Ə.Abdulkərimov "Şərq”ə abunə olmaq istəyən xeyli insanların olduğunu və onların da qarşıdakı günlərdə redaksiyaya gələcəklərini bildirib.
"Şərq”in keçmiş əməkdaşı Mətləb Abdulkərimov 1999-2001-ci illərdə qəzetin yayım direktoru, daha sonra isə baş redaktorun köməkçisi kimi fəaliyyət göstərdiyini deyib:
"Akif müəllim hər zaman çox çətin dönəmləri məharətlə keçməyi bacarıb. İnşallah, indiki problemlərin də öhdəsindən gələcək. "Şərq” hər zaman nüfuzlu qəzet olub və milli-mənəvi dəyərləri qoruyub. Ona görə də "Şərq”ə dəstək vermək hamımızın borcudur”.
"Şərq”ə dəstək üçün gələn qonaqlar arasında türkiyəli oxucumuz  Murat Yılmaz da olub. O, "Şərq”ə mənəvi dəstək olmaq üçün redaksiyamıza gəldiyini söyləyib.
İsmayıl