“Sevgilim”dən gəlir götürülməyəcək

Oya Ergünün konserti dəvətnamələrlə olacaq
Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində opera ifaçısı Oya Ergün jurnalistlərlə görüşdü. O, "Sevgilim” mahnısına çəkdirdiyi klipini 8 Mart Beynəlxalq Qadınlar Günündə verəcəyi konsertdə təqdim edəcək. Elə mətbuat konfransını keçirməkdə məqsəd də bu barədə Azərbaycan mətbuatına məlumat vermək idi.
Mərasimi giriş sözü ilə açan opera ifaçısı klipi və konserti haqqında danışdı: "Bu konsert 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarına həsr edilib. Onu da qeyd edim ki, sabahkı konsertimiz dəvətnamə ilədir. Qadınlar öz övladları, həyat yoldaşları ilə gələ bilərlər. Sabah axşam səkkizin yarısında Mahnı Teatrına jurnalistlər də dəvətlidir. Konsert proqramında son albomumdan olan musiqilərlə yanaşı, Rəşad İlyasovla 2 bəstə ifa edəcəyik. Bundan başqa, Rəşid Behbudovun "Sevgilim” mahnısı da sabahkı konsertin repertuarına daxildir. Çox güman ki, Fikrət Əmirovun da bəstələrinə sabah müraciət etməli olacağıq. Məni orada Azərbaycandan olan 8 nəfərlik orkestr müşayiət edəcək”.
Rəşid Behbudov mənim üçün çox önəmli sənətçidir. Ona görə də onun repertuarına müraciət edərək "Sevgilim” mahnısına ekran işi verdirdim. Klipi Fərhad Əli çəkib. Konsert haqqında da deyim ki, buradan heç bir gəlir əldə etmək fikrim yoxdur. Konsertə biletlər dəvətnamə ilə olacaq. Mənimlə həmin gün müğənni Rəşad İlyasov iki mahnı səsləndirəcək. Ümid edirəm ki, tamaşaçılarımız bu konsertdən olduqca razı qalacaqlar”.
Qeyd edək ki, Oya Ergün mətbuat konfransında media mənsublarının suallarını da cavablandırdı. Suallara cavab verən müğənni "Mən Azərbaycanı çox sevirəm. Dünyanın bir çox ölkələrində olmuşam. Amma heç bir yerdə özümü burdakı kimi rahat hiss etməmişəm. Eyni dildə danışırıq. Qan bağlarımız var. Azərbaycana sevgim Rəşid Behbudovla başlayıb. On yaşım olarkən Türkiyənin TRT3 radiosunda bu böyük sənətkarın 3 mahnısını dinlədim. Onun səsinə aşiq oldum. Universitetdə oxuyanda belə araşdırdım. Rəşid Behbudovun Avropada o qədər də tanınmadığının şahidi oldum. Amma mənə görə o, Pavarottidən də geri qalan bir ifaçı deyil” bildirdi.
Qeyd edək ki, qadınlar gününə həsr olunmuş opera konsert proqramı bu gün Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq.
Tahirə