“Sevil massivi”nin payçıları fəryad edir

Vətəndaşlar MTK-da batan pullarını istəyirlər


"Sevil massivi” Mənzil-Tikinti Kooperativinin payçıları dünən Beynəlxalq Mətbuat Mərkəzində şikayətlərini dilə gətirdilər. Payçılar bildirdilər ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsi vətəndaşların vəsaitlərinin qaytarılmasını Abşeron rayon inzibati ərazi nümayəndəliyinə həvalə etsə də, 2013-cü ilin iyul ayından bu günə kimi pulları qaytarılmayıb. Payçılar qeyd etdi ki, "Sevil massivi” MTK aşkar fəaliyyət göstərib.

150 hektar ərazidə nəhəng tikintilər aparılıb. O zaman vergi orqanlarının bundan xəbəri olmayıb? Niyə onları vergiyə cəlb etməyiblər ki, indi də vətəndaşlar bunun yükünü çəkir? Telekanallarda, metropoliten vaqonlarında "Sevil massivi” ilə bağlı reklamlar, elanlar verilib. Vətəndaşlar da məhz bu elanlar vasitəsilə belə bir yaşayış massivinin tikintisinə başlandığını, torpaq sahələrinin qiyməti, kredit şərtləri ilə tanış olublar. Minlərlə insan yaşayış şəraitini normallaşdırmaq məqsədilə həmin massivdən torpaq sahəsi alıb. Həm də nağd ödəniş vasitəsilə. İndi isə Abşeron rayon inzibati ərazi nümayəndəliyi deyir ki, vəsait yoxdur. Bəs, vətəndaşların MTK-ya ödədikləri vəsait hardadır? Həmin ərazidə elə evlər var ki, tikintisi artıq başa çatmışdı. Hətta mənzilinə mebel yığdıranlar da vardı. Amma Korrupsiyaya qarşı Mübarizə İdarəsi MTK-nın fəaliyyətində nöqsanlar aşkarladıqdan və MTK-nın rəhbərləri vergidən yayınma və qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarına görə cinayət məsuliyyətinə cəlb edildikdən sonra, massivdə torpaq, ev almış vətəndaşları əraziyə yaxın belə buraxmırlar. İnsanlar mebellərini, ev əşyalarını da çıxara bilmir. Elə adam var, evini satıb "Sevil massivi”ndən torpaq alıb ev tikdirmişdi. Hazırda həmin adam kirayədə yaşamağa məhkum olub. Payçılardan biri dedi ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsi şikayətçilərin hamısını idarəyə dəvət edib, zərərçəkənlərin ifadəsini alıb. Amma vəsait hələ də qaytarılmır. Ərazi nümayəndəliyi insanları 1 ildən artıqdır ki, get-gələ salır. Gah onları Xırdalan bələdiyyəsinə, gah Hökməliyə, gah da notariat kontoruna göndərirlər. İnsanlar aylardır ki, saatlarla idarə qapılarında sürünür. Məmurlar isə bürokratik iş prinsipini dəyişmək fikrində deyillər. Az miqdarda vəsait ödəyənlərdən bəzisinin pulu qaytarılıb. Ortada bununla bağlı rəsmi bir sənəd olmasa da, belə məlumatlar dolaşır. Payçılar kimin vəsaitinin qaytarıldığını dəqiq bilmirlər. 40-50 min manat vəsait ödəyənlər var ki, pulları hələ də qaytarılmır. Və nə zaman qaytarılacağı da onlara deyilmir.

Payçılardan Akif adlı şəxs bildirdi ki, onları narahat edən də dəqiq vaxtın deyilməməsidir:

- Hər dəfə bir vaxt qoyurlar. Dəfələrlə bizi idarəyə çağırıb saatlarla qəbul otağında gözlətdirir, sonra da "pul yoxdur” deyirlər. Heç olmasa dəqiq bir vaxt desələr, biz də bilərik ki, pulumuz nə zaman qaytarılacaq. Elə insanlar var, bankdan kredit götürüb torpaq sahəsi alıb. Bir ara dedilər ki, kim istəyir ona başqa ərazidə torpaq sahəsi verək. Biz niyə başqa hardasa torpaq sahəsi almalıyıq? Pulumuzu ödəyib torpaq almışıq. Ya pulumuzu qaytarsınlar, ya da sənədlə, müqavilə əsasında aldığımız torpaqda yaşamağa icazə versinlər. Belə hiss edirik ki, pulumuzu batırmaq istəyirlər. Çalışırlar ki, insanlar get-gəldən bezsin və müddət uzansın və insanlar pullarından imtina etmək məcburiyyətində qalsınlar. Amma biz sonadək mübarizə aparacağıq. Ölkə başçısına müraciət edəcəyik ki, bizi bu korrupsioner məmurların əlindən xilas etsin. Öz hüquqlarımızı məhkəmədə də müdafiə edəcəyik.

Payçılar bildirdilər ki, qısa zamanda pulları qaytarılmasa, məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəklər. Sonunda Avropa Məhkəməsinə də gedib çıxacaqlar.

Məlahət Rzayeva