“Şəxsiyyət vəsiqəsi”nə ziyalılar vəsiqə verdi

Seyran Səxavət: “Başdansovdu iş görmək olmaz”
Nizami Cəfərov: “Tarixi şəxsiyyətlər də təhlil olunmalıdır”



Aqşin Yenisey: "Verilişin yeganə qüsuru Həmid bəyin bəzən aparıcı olduğunu unutmasıdır”

Hər həftənin bazar ertəsi ANS TV-nin efirində tanınmış teleaparıcı, konspiroloq Həmid Herisçinin aparıcılığı ilə yayımlanan "Şəxsiyyət vəsiqəsi” verilişi virtual və gerçək ictimaiyyətin ciddi müzakirə mövzusuna çevrilib. Şübhəsiz ki, telelayihə barədə hər iki aləmdə fərqli yanaşmalar ortaya qoyulur.

Kimi tarixi şəxsiyyətlərin ekranlaşdırılmasını ictimai və milli şüur üçün məqsədəuyğun sayıb, cəmiyyətdə maarifləndirici rol oynadığını vurğulayır, kimi isə verilişin fikir ayrılıqlarına səbəb olduğunu söyləyib, onu lazımsız iş adlandırır. Hətta müəyyən iddialar yer alıb ki, tarixi, ictimai-siyasi və ədəbi şəxsiyyətlərimizin fəaliyyətini müzakirəyə çıxarmaqla öz tariximizə kölgə salıb, düşmən dəyirmanına su tökürük. Layihə barədə formalaşmış rəyləri nəzərə alıb, ölkə ziyalılarının da fikirlərini öyrəndik.

Məlumat üçün bildirək ki, sözügedən proqramda Azərbaycan xalqının görkəmli şəxsiyyətləri müzakirəyə çıxarılır. Bugünədək Şah İsmayıl Xətai, Çingiz Xan, Mirmövsüm ağa, Əliağa Vahid, Səməd Vurğun, Nəriman Nərimanov, Mircəfər Bağırov və sair tarixi şəxsiyyətlərin ictimai-siyasi fəaliyyəti haqda fikir mübadiləsi aparılıb. Debatlarda tanınmış ictimai xadimlər iştirak ediblər.

Qocaman yazıçı Seyran Səxavət düşünür ki, hər bir xalqın və televiziyanın ixtiyarı var ki, şəxsiyyətləri gündəmə gətirib, onlara bu günün gözü ilə baxsınlar: "Yanaşmalarda həmin dövrün ziddiyyətləri və atkeçməz işləri nəzərə alınırsa, əslində belə verilişlər pis deyil. Dünyanın bütün xalqları bu cür teleproqrama hazır deyillər. Bəzən müzakirələri doğru başa düşmürlər. Yüksək mənada götürəndə çox lazımlı verilişdi. Amma görək televiziya qarşısında oturub, baxanlar müzakirə olunan şəxsiyyət haqqında dürüst nəticələr çıxara bilirlərmi? Hazırkı izləyici kimin, nəyi, hansı şəraitdə və niyə etdiyini doğru başa düşəcəkmi? Bax, bu çox təhlükəli məqamdır. Belə layihələr hazırlanarkən hər şey nəzərə alınmalıdır. Məsələn, ətrafında fikir mübadiləsi aparılan şəxsiyyət o dövrün bütün ziddiyyətləri fonunda müzakirəyə çıxarılmalıdır. Başdansovdu iş görmək olmaz. Bu verilişə ehtiyac duyulur. Buna rəğmən zənn edirəm ki, ekran qarşısında əyləşən tamaşaçının səviyyəsi, milli şüuru və hazırlığına inam varsa, bunu etmək olar. Əks halda, gözləmək lazımdır”.

Azərbaycan Atatürk Mərkəzinin müdiri, millət vəkili, filologiya elmləri doktoru, professor Nizami Cəfərov qeyd edib ki, bu, arzuolunan təşəbbüsdür: "Əslində sözügedən layihə ANS-in "Dahilərin Divanı” verilişinin davamıdır. Təbii ki, fərqli cəhətlər də mövcuddur. Aparıcılar fərqlidir. Onların da dünya görüşləri, təhsil metodları müxtəlifdir. Bu verilişlərin hər ikisinə də münasibətim müsbətdir. Burada açıq fikir və ya mülahizələr var. Mütəxəssislər dəvət olunur. Bütün verilişlərə layiqli tədqiqatçılar çağırılır”.

Professorun qənaətincə, belə formatlı verilişlərə böyük ehtiyac duyulur: "Bununla yanaşı, məni qane etməyən tərəflər də mövcuddur. Məni narahat edən hansısa tarixi şəxsiyyətin təhqir edilməsidir. Doğrudur, istənilən tarixi şəxsiyyəti təhlil etməyə ehtiyac var. Amma heç bir tarixi şəxsiyyəti təhqir etmək olmaz. Təhlil və ya tənqid etmək mümkündür. Yəni hansısa tarixi şəxsiyyətin mövqeyindəki müəyyən hadisəni tənqid etmək olar. Məsələn, deyə bilərlər ki, tarixi gerçəklik başqa formada mövqe nümayiş etdirməyə imkan verirdi. Amma burda başqa mövqe sərgilənib. Və yaxud tarixi proses, tarixi mühit onu məcbur edib ki, öz iddialarından dönsün. Bu cür mülahizələr ola bilər. Heç kimi ideallaşdırmaq olmaz. Tarixi şəxsiyyətlər də təhlil olunmalıdır”.

Bununla yanaşı, N.Cəfərov söyləyib ki, tarixi şəxsiyyətləri müzakirə edənlər peşəkarlar olmalıdır: "Məsələn, H.Herisçi məlumatlı və səviyyəli aparıcıdır. Müəyyən məsələləri kifayət qədər dərindən bilən adamdır. Amma hər şeyi dərindən bilə bilməz. Bu səbəbdən yaxşı olar ki, o, tədqiqatçılara daha çox ictimai fikri çatdırsın. Bəhs olunacaq məsələ barədə fon yaratsın. Təhlil isə mütəxəssislərin ixtiyarına verilsin. Tədqiqatçıların fikrini müasir şüur qəbul etmirsə, həmin məsələ yenidən müzakirəyə çıxarılsın. Bu, yaxşı bir haldır. İnanıram ki, fikir mübadilələri getdikcə dərinləşəcək. Mütəxəssislərin obyektivliyi yüksələcək. Söz yox ki, tam obyektiv mövqenin şahidi olmaq mümkün deyil. Mütəxəssisin də subyektivliyi ola bilər. Çünki zamanın da konyukturası mövcuddur. Bir sözlə, bu cür verilişlərin hazırlanmasını vacib hesab edirəm”. Telelayihənin əhəmiyyətindən söz açan millət vəkili vurğulayıb ki, həmin veriliş ictimai şüuru qıcıqlandırıb, həqiqətin meydana çıxmasına təkan verəcək: "Cəmiyyətimiz sovetlər dövründən gəlib. Sovet dövründə təqdim olunan tarixi şəxsiyyətlər bir qayda olaraq ya mübahisəsiz idilər, ya da inkar olunurdular. Biz ordan çıxıb gəldik. Müəyyən işlər örtülü qalıb. Bu gün arxivlər açılır. Xalqın ümumi tarixi idealları məlumdur. Müstəqil bir dövlət quruculuğunun möhkəmləndirilməsi mərhələsindəyik. Bu həm də ideoloji prosesdir. Tarixdə nə varsa, onu mənimsəməliyik. Öyrənməliyik ki, bugünümüzün düşüncəsini yaradaq. Bunu da tarixsiz formalaşdırmaq mümkün deyil. Görsək ki, ya ANS, ya da H.Herisçi ictimai fikrə konyuktur və yaxud provakator mövqeyi nümayiş etdirir, onda etiraz etmək olar. Amma tarixi şəxsiyyətlər haqda informasiyalar mütəxəssislərin vasitəsilə ötürülürsə, bunun ziyanı yoxdur. Adıçəkilən veriliş, ən azından ictimai şüurun zənginləşməsinə kömək göstərəcək. Hətta müəyyən qədər qüsurlu nəticələr çıxacaqsa, onun müsbət təsiri olacaq. Çünki indiki ictimai şüur və ya təfəkkür kifayət qədər həssasdır. Obyektivdir. Yəni informasiyanı yenidən təhlil etməyi bacarır. Onu ötürüldüyü kimi qəbul etmir”.

Tanınmış yazar, publisist Aqşin Yenisey bəyan edib ki, "Şəxsiyyət vəsiqəsi” tipli və daha kəskin xarakterli verilişlər dünya telekanallarında çoxdan mövcuddur. Onun qənaətincə, hətta satışda tarixi şəxsiyyətlər, hadisələr haqqında, onların qaranlıq, gizlədilmiş məqamları haqqında BBC telekanalının hazırladığı silsilə sənədli filmlər var: "Sadəcə, bizdə beyinlərin mühafizəkarlığı bütün məsələlərdə olduğu kimi, tarixin saf-çürük olunmasına da qarşı çıxır. Bu da gələcək nəsil üçün miras olaraq bizim müəmmalarla dolu bir tarix qoyub gedəcəyimizə yol açır. Belə bir məşhur deyim var ki, keçmişi Tanrı belə dəyişdirə bilməz, amma tarixçilər bunu çox asanlıqla edirlər. Sovet imperiyasının dağılmasından cəmi 25 il keçib, amma görün nə qədər tarixi saxtakarlığın üstü açılıb. Ona görə də bu cür müzakirələrdən əlavə, həm də sənədli obyektiv mövqeli tarixi filmlər də çəkilməlidir ki, kitab oxumağa ərinən xalqımız, heç olmasa, öz tarixini televizordan tanıya bilsin. Verilişin yeganə qüsuru Həmid bəyin bəzən aparıcı olduğunu unutmasıdır. O, bəzən nəinki tarixi şəxsiyyətin özünün, hətta onun indi şadlıq sarayı işlədən nəvəsinin tərəfini saxlayır”.

Ayyət Əhməd