Sifəti buz məmurlar...

Sabir Rüstəmxanlı: “Sanki adam qarşısında bir heykəl dayanıb”



Milli Məclisin dünən keçirilən iclasında "Vətəndaşların müraciəti haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Yeni sənəd barədə parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verib. Onun bildirdiyinə görə, demokratik, hüquqi dövlət quruculuğu prosesində cəmiyyət-dövlət, vətəndaş-məmur münasibətlərinin təkmilləşməsi üçün qarşılıqlı etimadın artması, tərəflər arasında effektiv əks-əlaqə mexanizminin yaranması olduqca vacibdir. Vətəndaşların müraciətləri həm də bir nəzarət mexanizmidir.

Komitə sədri deyib ki, əgər belə müraciətlər olmasa idi, yerli və mərkəzi orqanlar əhalini narahat edən məsələlərdən xəbər tutmazdılar və problemlərin həlli üçün lazımi addımlar atılmazdı: "Bu müraciətlərin əsas funksiyası hər hansı bir çatışmazlıq, hüquq pozuntusu, pozulmuş hüquqlar ilə əlaqədar yerli və mərkəzi orqanları məlumatlandırmaq bu halların aradan qaldırılması üçün tədbirlər görülməsi tələbidir. Bu, vətəndaşların müvafiq icra strukturlarından operativ reaksiya gözləntisidir. Milli Məclisin müzakirəsinə təqdim olunan yeni qanun layihəsinin 6.3-cü maddəsi yazılı müraciətlərə dair tələbləri müəyyən edir. Müraciət bu tələblərə cavab vermədikdə anonim sayılır və bu müraciətlər vəzifəli şəxslər, subyektlər tərəfindən qəbul edilmir və onlara baxılmır. Mətbuatda gedən qanun layihəsinin anonim şikayətlə əlaqədar təhrif olunmuş informasiyaya cavab olaraq bildirirəm ki, Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 204-cü maddəsinin (törədilmiş və hazırlanan cinayət haqqında fiziki şəxslərin məlumatları) 3-cü bəndinin tələbinə gərə törədilmiş və ya hazırlanan cinayət haqqında imzalanmamış və ya saxta imza ilə imzalanmış, yaxud uydurma fiziki şəxs adından yazılmış ərizə və ya digər anonim məlumat cinayət işinin başlanması üçün səbəb ola bilməz”.

Qanun layihəsinin müzakirəsi zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı məmurların ünvanına sərt tənqidlər səsləndirib.

O, məmurların, nazirlərin vətəndaşların müraciətlərinə cavab vermədiyini qeyd edib: "Cavab verəndə də qeyri-etik müraciət edirlər. Kimsə yazır ki, hörmətli filankəs, amma cavabda heç şikayətçinin adı da yazılmır”. Onun sözlərinə görə, bəzi məmurlara zəng edəndə telefonlara katibələri cavab verir: "Onlar öz şəxsi obyektlərində olurlar. Əgər belə olacaqsa, o zaman desinlər, biz də katibələrlə işləyək. Məmurların üzlərində buz ifadəsi olur, sanki adam qarşısında bir heykəl dayanıb. Kiminsə qəbuluna getmək istəyirsən, qabağını polis kəsir. Deyir ki, qəbula yazılmamasınsa, içəri keçə bilməzsən”. S.Rüstəmxanlı onu da vurğulayıb ki, dövlət məmurlara xidməti telefon versə də, onların hərəsinin 5-6 telefonu olur. Sonda qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Anar