Silsilə tədbirlər nəzərdə tutulur
Partiyalar gücləri çatan səviyyədə Cümhuriyyətin 100 illiyinə töhfələrini verəcək
Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyi ilə bağlı hazırlıqlar, "Cümhuriyyət İli”nə həsr olunmuş tədbirlər davam etməkdədir. Artıq bu istiqamətdə müəyyən işlər görülüb, bir neçə önəmli tədbirlər, elmi-konfranslar keçirilib. Lakin daha mühüm işlərin qarşıda olduğu bildirilir. Tarixçi-alimlərin yeni araşdırmaları, dövrlə bağlı maraqlı əsərləri çap olunacağı söylənilir.
Şübhəsiz ki, Cümhuriyyətin yubileyinə sadəcə tarixçilər hazırlaşmır. AMEA başda olmaqla digər müvafiq qurumlar, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları da AXC ilinin yaddaşlara həkk olması üçün qalıcı işlər görməyə çalışırlar. Bu istiqamətdə fəaliyyət göstərənlər arasında ölkəmizdəki siyasi partiyalar da var. Məhz bugünkü mövzumuzda sırf siyasi qurumların Cümhuriyyət ilinə necə hazırlaşdıqları, ümumi işə hansı töhfəni verəcəklərini öyrənməyə çalışdıq.
Məsələ ilə bağlı "Şərq”ə danışan Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu xatırlatdı ki, KXCP xeyli vaxt öncədən 2018-ci ilin "Cümhuriyyət ili” elan olunması ilə bağlı qərar verib. Onun sözlərinə görə, bu ilin sonuna qədər partiya tərəfindən hazırlanan tədbirlər planı çərçivəsində mühüm işlər görüləcək:
"Bilirsiz ki, Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyi ilə yanaşı, bu il həm də Meydan Hərəkatının 30 illiyi qeyd olunacaq. Eyni zamanda Bakının işğaldan azad edilməsinin və azərbaycanlılara qarşı həyata keçirilən soyqırımın yüz illiyi keçiriləcək. Bunların hamısını kompleksləşdirib ümumi tədbirlər planının icrasına başlayacağıq. Şübhəsiz ki, əsas missiyamız və fəaliyyətimiz AXC-nin yubileyi olacaq.
Mart ayında M.Ə.Rəsulzadənin vəfatı və 28 may tarixində Cümhuriyyətin elan olunması ilə əlaqədar xüsusi tədbirlər keçirəcəyik. Həmçinin, Türkiyədəki nümayəndələrimiz Rəsulzadənin məzarı başında, Tbilisidəki təmsilçilərimiz isə Cümhuriyyətin elan olunduğu Canişinlik binasında, o tarixi məkanda anım mərasimləri təşkil edəcəklər”. X.Teyyublu partiyanın rayon şöbələrinə də təlimat verildiyini deyib: "Rayon şöbələrimiz il boyu bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirəcəklər. Yəni gücümüz çatan səviyyədə əlimizdən gələni edəcəyik. Hesab edirik ki, təkcə Azərbaycanda deyil, Avropa ölkələrində, ABŞ-da, Rusiyada Cümhuriyyətin yüzilliyi təntənəli şəkildə mütləq qeyd olunmalıdır. Çünki AXC indiki Azərbaycan Respublikasının dünyaya çıxması üçün bir vizit kartıdır”.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev də bildirib ki, partiyanın Siyasi Şurasının sonuncu yığıncağı bu məsələlərin müzakirəsinə həsr edilib. Toplantıda 2018-ci ilin həm ölkəmiz, həm də partiyamız üçün çox əhəmiyyətli il olması qeyd olunub: "Prezident İlham Əliyevin 2018-ci ilin "Cümhuriyyət İli” elan edilməsi ilə bağlı imzaladığı Sərəncam ölkə rəhbərinin bu məsələyə yanaşmasının nə qədər ciddi olduğunu göstərdi. Sovet nomenklatur qalıqlarının Cümhuriyyətimizə bəslədiyi qısqanc hisslər bu Sərəncamla söndürüldü. Şərqdə ilk demokratik Cümhuriyyət quran xaqlımız bu nailiyyəti qorumağa borcludur.
Məlumdur ki, Vəhdət Partiyası parlament partiyası statusunu aldıqdan sonra fəaliyyətində daha da canlanma baş verib. Partiya üzvlərinin fəaliyyətində də keyfiyyət dəyişikliyi hiss olunur. Siyasi Şuranın aktiv toplantısında Cümhuriyyət ilində partiya olaraq üzərimizə düşən bir çox öhdəliklər barədə müzakirələr aparıldı. İl ərzində tədbirlər planının hazırlanması üçün Vəhdət sədrinin rəhbərliyi ilə təşkilat komitəsi yaradıldı. Partiyanın müavinlərinə və rayon təşkilatları sədrlərinə tövsiyyə edildi ki, AXC-nin tarixi və milli dövlətçiliyimizin yaradılmasında önəmi barədə geniş təbliğat işləri aparılsın. Mətbuat xidmətinə tapşırıldı ki, il ərzində təbliğat və təşviqat işlərinin aparılması üçün xüsusi bukletlərin hazırlanmasını təşkil etsin.
Bu il həm də prezident seçkisinin keçirilməsi nəzərdə tutulur. Vəhdət Partiyası son qurultayında İlham Əliyevin namizədliyini və onun siyasi kursunu dəstəklədiyini bildirib. Partiyanın bu məsələdə mövqeyi prinsipial olaraq dəyişməz qalır”.
Ağ Partiyanın başqanı Tural Abbaslı isə bildirib ki, hazırda partiyanın əsas işi seçkilərdə iştirakı təmin etməklə bağlıdır. Onun sözlərinə görə, apreldən sonra AXC-nin 100 illik yubileyinə daha çox vaxt ayrılacaq:
"Seçkidən sonrakı ilk işimiz təkliflər kampaniyasını davam etdirmək olacaq. Bununla bağlı fəaliyyət planımız da mövcuddur. Bizim hökumətə təklifimiz də olub. Ağ Partiya adından hökumətə cümhuriyyət banilərinin məzarlarının Azərbaycana gətirilməsi və "İstiqlal məzarlığı”nın salınması təklifini vermişik. Bu təklif müxtəlif mətbuat orqanlarında yayılıb. Hətta millət vəkillərindən biri mediaya açıqlamasında təklifi dəstəklədiyini və bunu parlamentin gündəliyinə salmağa çalışacağını bildirib”.
Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli də bildirib ki, Cümhuriyyətin yüzilliyi ilə bağlı ötən ildən etibarən Vətəndaş Həmrəyliyi Partiyasında müzakirələr aparılır:
"Keçən il AXC-nin 99 illiyi ilə bağlı partiyamızın keçirdiyi tədbirdə irəli sürülən bir sıra təkliflər qurumun Siyasi Şurasında müzakirə olunub. Həmin təkliflər builki iş planına salınıb. Nəzərdə tutmuşuq ki, ən böyük tədbirimiz mart ayında olsun. Həmçinin, Rəsulzadənin və Cümhuriyyətin digər xadimlərinin xatirələrinin yad edilməsi ilə bağlı müxtəlif tədbirlərin keçirilməsini planlaşdırmışıq. 28 may "Respublika günü”ndə isə digər müxalifət partiyaları kimi Novxanıda M.Ə.Rəsulzadənin heykəlinin önündə anım mərasimi keçirəcəyik. Ondan sonra il boyu bu qəbildən olan silsilə tədbirlərimiz olacaq”.
AMİP-in Siyasi Şurasının üzvü Əli Orucov bəyan edib ki, AXC-nin yüz illiyinin dövlət səviyyəsində qeyd olunması və 2018-ci ilin "Cümhuriyyət ili” elan edilməsi təqdirəlayiqdir:
"Amma ilk növbədə Cümhuriyyətin irsinə və ənənələrinə sahib çıxılmalıdır. Bunlar yaşadılmalı, inkişaf etdirilməli və gənc nəsillərə ötürülməlidir. Düşünürəm ki, "Cümhuriyyət ili”ndə xeyli işlər görüləcək. AMİP-də AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər nəzərdə tutulub. Qəbul olunmuş qrafikə və iş planına uyğun olaraq həmin tədbirlər keçiriləcək”.
İsmayıl