Rusiyanın hazırkı Prezidenti favoritdir
Çünki o, imperiya təfəkkürlü siyasi xadimdir və rus “mujik”inin gözündə bir qəhrəmandır
Gələn ilin martın 18-də Rusiyada prezident seçkisi keçiriləcək. Hazırkı Prezident Vladimir Putindən sonra teleaparıcı və aktrisa Kseniya Sobçakın da namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən rəsmən qəbul edilib. Rusiyanın keçmiş iqtisadiyyat naziri Andrey Neçayevin Vətəndaş Təşəbbüsləri Partiyasından namizədliyini irəli sürən Sobçak Putinə qarşı hələlik ən ciddi rəqib sayılır. Teleaparıcı və aktrisa Kseniya Sobçak 1981-ci ildə anadan olub.
O, Sankt-Peterburq meri Anatoli Sobçakın və Federasiya Şurasının keçmiş üzvü Lüdmila Narusovanın qızıdır. 1998-ci ildə Sankt-Peterburq Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olan Sobçak daha sonra Moskva Dövlət Universitetinə köçürmə alıb. "Forbes” jurnalının araşdırmasına görə, onun təkcə 2008-2009-cu illər ərzində gəliri 1.2 milyon dollar olub. Gənc xanımın şəxsi həyatı da hər zaman qalmaqalla gündəmə gəlib. Sobçak heç zaman rəsmi nikahda olmayıb. Həyatında daim yaraşıqlı, xüsusən də maddi imkanlı insanlar olub. Son olaraq 2012-ci ilin iyununda onun biznesmen İlya Yaşinlə yaxın münasibətlərinin yaranması barədə xəbər yayılıb. Rusiyanın "Paris Hiltonu” adlandırılan Sobçakın karyerası da uğursuz sayılmaz. Əvvəlcə, "SNS” jurnalının redaktoru işləyən Sobçak 2004-2012-ci illərdə "Ev 2” telelayihəsinin aparıcısı olub. Kseniyaya diplomatlıq təklif edilsə də, bundan imtina edib. Deyib ki, hansısa ölkədə diplomat, ya da xarici işlər nazirliyində məmur olmaq onun üçün maraqlı deyil. Bundan başqa, o, bir neçə filmdə çəkilib, kitab çıxarıb. 2006-cı ilin mayında isə "Hamı azadlıqdadır” adlı gənclər təşkilatı yaradıb. Kseniyanın insani keyfiyyətləri ilə bağlı birmənalı fikir yoxdur. Bir çoxları onun haqqında eqoist, digərləri isə zəhmətkeş deyirlər. Sobçak bu ilin oktyabrında Putinə rəqib olduğunu açıqlayıb.
Martda keçiriləcək seçkilərdə iştirakını "gözlənilməz namizədliyi” ilə izah edib və namizədliyi qəbul edilməyən müxalifət lideri Aleksey Navalnını dəstəklədiyini söyləyib. Maraqlısı budur ki, namizədliyini irəli sürən Kseniya Sobçak seçkilərdə qələbə qazanmaq şansının az olduğunu etiraf edib. O, bu haqda Britaniyanın "The Guardian” qəzetinə müsahibəsində bildirib: "Heç bir siyasi çəkim yoxdur. Ona görə də hansısa siyasi proqram başlada bilmərəm. Sadəcə, hazırkı rəhbərliyin siyasətindən narazı olanlar məni dəstəkləyə bilər”. Sobçak onun kampaniyasının Kreml tərəfindən dəstəklənməsi fikrini qətiyyətlə rədd edib.
Rusiyadakı prosesləri "Şərq”ə dəyərləndirən Azər Rəşidoğlu deyib ki, Rusiyada seçkilərdə kimin iştirak etməsindən asılı olmayaraq, Putinə diskomfort yarada biləcək rəqib yoxdur:
"Putin yalnız bir halda hakimiyyətdən gedə bilər. Bu da Rusiya xarici siyasətdə ciddi məğlubiyyətə uğrayarsa, baş verər. Bu zaman da onun alternativi porno-ulduz və ya liberal dünyagörüşlü siyasətçi deyil, yalnız hərbi xadim ola bilər.
Kseniya Sobçak qeyri-ciddi fiqurdur və əslində onun seçkidə iştirakı elə Putinin özünə sərf edir. Navalnı özü də ciddi gücə malik deyil. O, bir rus şovinistidir və qafqazlıların, Orta Asiyadan paytaxta gəlmiş insanların Moskvadan qovulmasını tələb edən millətçi bir siyasətçidir. Navalnı nə demokratdır, nə də ki güclü millətçidir. Putin isə demokrat olmağa səy belə göstərmir. O, imperiya təfəkkürlü siyasi xadimdir və rus "mujik”inin gözündə bir qəhrəmandır. Odur ki, nə qədər ki, Rusiya Qərblə qarşıdurmasında məğlubiyyətə uğramayıb, Putin seçkilərin favoriti olacaq”.
İsmayıl