Soros Putini də yıxmaq istəyib

Rusiyada mərkəzi hakimiyyəti zəiflətmək və nüfuzdan salmaq üçün 3 əsas istiqamət müəyyən edilib



"DC Leaks” şəbəkəsi tərəfindən ictimaiyyətə sızdırılan yeni sənədlər dünyada ən məşhur siyasi maliyyə donoru olan Corc Sorosun Rusiya ilə bağlı planlarını üzə çıxarıb. Sorosun planı Rusiyada Putinin idarəetmə sistemini zəiflətmək və ölkəni idarəedilməz hala gətirmək məqsədini daşıyıb.

Sənədlərdən məlum olur ki, Soros Rusiyada yeni müxalifətçi düşüncənin güclənməsinə xüsusi diqqət ayırıb. Bildirilir ki, Rusiyada hazırda baş nazir postunu tutan Dmitri Medvedyevin prezidentliyi dövründə xarici qeyri-hökumət təşkilatlarının aktiv fəaliyyəti üçün müəyyən meydanlar açılsa da, Putinin hakimiyyəti yenidən tam ələ alması ilə bu imkanlar daralıb.

Rusiyada mərkəzi hakimiyyəti zəiflətmək və nüfuzdan salmaq üçün 3 əsas istiqamət müəyyən edilib. Bunlar Rusiyaya çoxlu xarici mühacir göndərmək, medianı tədricən ələ keçirmək və 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarını gözdən salmaqdan ibarət olub. İddialarla bağlı "Şərq”ə açıqlama verən politoloq Natiq Miri deyib ki, "soyuq müharibə”dən sonra dünya münasibətlər sistemi məhz Vladimir Putinin dönəmində darmadağın olub: "2008-ci ildə Rusiya Gürcüstana hərbi müdaxilə etdi. Daha sonra Ukraynaya soxularaq Krımı tutdu, ən nəhayət, Suriyada qəddar rejimi dəstəklədi. Bütün bunlar dünyada qarşıdurma yaratdı. Təbii ki, burada Putinin aqressiv siyasəti də mühüm rol oynayır. İndiki şəraitdə bir sıra nüfuzlu maliyyə qurumları müəyyən vəsait xərcləməklə Rusiyanın ictimai rəyində Putin idarəetməsinə qarşı mənfi fikir formalaşdırmaq istəyirlər. Bununla idarə olunan və ya "demokratik” Rusiya quruluşunu yaratmağa səy göstərirlər. Lakin hədəfdə demokratiya olsa belə bu cür planlar Rusiyanın parçalanmasına gətirib çıxara bilər. Qarışıq Rusiya indikindən daha böyük təhdidlərə və təhlükələrə səbəb olar. Rusiya məkan baxımından ən böyük və qüdrətli ölkələrdən biridir. Nüvə silahına malik olan bir dövlətin nəzarətsiz qalması bir çox radikal qüvvələrin ayaq açmasına və nüvə silahı əldə etməsinə gətirib çıxarar. Bu isə dünyanın yeni fəlakəti deməkdir”. Politoloqun fikrincə, demokratik hədəflərlə yanaşı, vəziyyətin gərginləşməsinin tərəfdarı olan maliyyə təşkilatları da mövcuddur: "Nə qədər çox savaş olarsa, həmin maliyyə qurumları bir o qədər böyük vəsaitlər əldə edərlər. "Əl-Qaidə”, "Taliban”, İŞİD kimi terrorçu qruplaşmaların arxasında duranlar da məhz Soros kimi maliyyə qurumlarıdır”.

İsmayıl