Sosial media jurnalistikanı “öldürür”

Elçin Mirzəbəyli: “Jurnalistlərimizin sosial şəbəkələrdə həddindən artıq vaxt keçirməsi ümumilikdə mətbuatın simasına təsir göstərir”
Nəzirməmməd Zöhrablı: “Hamılıqla boynumuza almalıyıq ki, klassik, ənənəvi, elektron media internet qanadlarında doğulmuş sosial mediaya uduzur”

Arif Əliyev: "Mətbuatda sosial şəbəkələrdən əldə olunan məlumatların sayı artdığı yerdə əsl jurnalistika "ölür”



İnformasiya texnologiyalarının sürətli inkişafı kütləvi informasiya vasitələrinə (KİV), o cümlədən elektron mediaya ciddi təsir göstərməkdədir. Təsadüfi deyil ki, internetin, xüsusilə də sosial şəbəkələrin meydana çıxması jurnalistikanın yeni dövrünün başlanması kimi xarakterizə edilir. Bu gün dünyanın aparıcı KİV təmsilçilərini narahat edən ən aktual məsələlərdən biri də sosial şəbəkələrin ciddi mediaya köklü şəkildə təsir göstərməsidir. Hazırda sosial şəbəkələr mediaya nəinki təsir göstərir, hətta operativlik baxımından onu vurub sıradan çıxarmaq səviyyəsinə qədər gəlib çatıb. Sosial şəbəkələrdə heç bir qadağa, redaksiya nəzarəti və ya kənar müdaxilə yoxdur. Tam sərbəstlik media ilə müqayisədə sosial şəbəkəni daha cəlbedici edir və nəticədə oxucu auditoriyasının diqqətini ikincinin xeyrinə dəyişir.

Məlum məsələdir ki, günümüzdə bir çox funksiyanı yerinə yetirən sosial şəbəkələrin göstərdiyi xidmətlərdən biri də informasiyanın geniş kütlələrə çatdırılmasıdır. Artıq media orqanları "Facebook” və "Twitter” kimi sosial şəbəkələrdə yayılan xəbərlərə istinad edərək informasiya yayırlar. Belə ki, bir çox tanınmış siyasətçilər, idmançılar, aktyorlar və s. xəbərlərini öncə bu virtual aləmdə paylaşırlar.

(... əvvəli ötən sayımızda)

"Xalq cəbhəsi” qəzetinin və "Baymedia” internet portalının baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, hər hansı bir şəxsin sosial şəbəkədə paylaşdığı status birbaşa həmin şəxsə aiddirsə, artıq həmin məlumat ictimai fikir hesab olunur:

- Həmin məlumat həm cəmiyyət, həm də media nümayəndələri üçün açıqdır. Təbii ki, bütün bunlarla yanaşı, sosial şəbəkələrdən sui-istifadə hallarına yol vermək olmaz. Bir çox hallarda jurnalistlərimiz günlərini sosial şəbəkələrdə keçirirlər və tanınmış şəxsləri, siyasətçilərin şəxsi səhifələrini izləyib, onların paylaşımlarından öz işlərini asanlaşdırmaq üçün istifadə edirlər. Bu gün dünyada reallıqlar dəyişib. Hətta bir çox dövlət başçıları, məmurlar belə öz mesajlarını sosial şəbəkələr vasitəsilə qarşı tərəfə çatdırırlar. Bu sahədə isə daha etibarlı mənbə "tvitter” hesab olunur. Amma çox təəssüflər olsun ki, Azərbaycanda sosial şəbəkələrə münasibət bir az fərqlidir. Bizdə daha çox qarşılıqlı kommunikasiya üçün nəzərdə tutulan "facebook” şəbəkəsindən informasiya mənbəyi kimi daha çox istifadə olunur. Hesab edirəm ki, jurnalistlərimizin sosial şəbəkələrdə həddindən artıq vaxt keçirməsi ümumilikdə mətbuatın simasına təsir göstərir. Belə olan halda jurnalistlər axtarışlar aparmır və daha asana qaçır. Bu da son nəticədə əksər mətbuat orqanlarının eyniləşməsinə gətirib çıxarır.
Sosial şəbəkələr peşəkar jurnalistika üçün müəyyən mənbə rolunu oynaya bilər. Ancaq kimsə hər hansı məlumatı paylaşırsa, bu, hələ dürüst məlumat deyil. Ona görə məlumatı götürəndən sonra dəqiqləşdirməli, bu barədə müxtəlif mənbələrdən öyrənilərək müqayisələr aparılmalı, ondan sonra mətbuatda yayımlanmalıdır. Bizdə isə əksinədir.

Bir çox hallarda sosial şəbəkələr ona görə rezonans doğurur ki, peşəkar mətbuat maraqlı mövzular seçə bilmir. Onların mövzu məhdudiyyəti, peşəkarlıq problemi var. Hər hansı tələbənin sosial şəbəkədə yazdığı bir fikir bəzən qəzetdə dərc edilən məqalədən çox təsirli və tutarlı olur. Bu mənada, mətbuatda azadlıq məsələsi də rol oynayır. Yəni sosial şəbəkələrdə daha çox sərbəstlik var. Bu kimi nüanslara, ayrı-ayrı qığılcımlara görə sosial şəbəkələr özünə auditoriya toplamağa başlayır. İnsanlarda belə təsəvvür yaranır ki, sosial şəbəkələrdə tənqid varsa, qəzetdən və ya saytdan fərqli və faydalıdır. Burada xaosa yol vermək olmaz.

Təbii ki, sosial şəbəkələrin özünün müəyyən üstün cəhətləri var, geniş miqyasda ünsiyyət sistemi yarada bilir, auditoriyanın marağını önə çıxardır, təşkilatlanma üçün çox çevikdir. Geniş müzakirələr apara, bir mövzu ətrafında diskussiyalar yarada bilir. Bütün bu cəhətləri ilə yanaşı, hələ jurnalistika sayılmır. Çünki o, vahid sistem deyil və qaydaları yoxdur. Məsələn, biri deyəndə ki, başım ağrıyır, ona 10 dənə dərman məsləhət görürlər. Ancaq məsləhət verənlərin heç biri həkim olmur. Hesab edin ki, jurnalistika peşəkar həkimdir, sosial şəbəkələr isə xəstəliyi sağaltmaq haqqında təsəvvürü olan sıravi bir insan. Bunların arasında bərabərlik işarəsi qoymaq doğru deyil. Ancaq dana bilmərik ki, sosial şəbəkələr jurnalistikanı bir növ üstələyir. İnsanlar sosial şəbəkələrdə fikirlərini, geyimlərini sərbəst şəkildə nümayiş etdirə bilirlər və bu gün sərhədlər bir-birinə qovuşduğuna görə ağla qaranı, gerçəklə yalanı bir-birindən seçmək olmur. Ona görə də jurnalistika yeni medianın içərisində əriyir. Bu da cəmiyyətin biliksiz olmağından irəli gəlir.

Sosial şəbəkələrin "jurnalistikanın bir qolu” adlandırılmasını tamamilə yanlış hesab edən baş redaktor hesab edir ki, bu artıq dünyada qəbul olunan standartlara uyğun gəlmir: "Dediyim kimi, sosial şəbəkə kommunikasiya vasitəsidir, informasiya vasitəsi deyil. KİV-lərin sosial şəbəkələrlə eyniləşdirilməsi heç cür məntiqə uyğun deyil. Sosial şəbəkələrdə gedən yazışmalar, məişət söhbətinin bir qədər geniş miqyasda davamıdır. Sosial şəbəkələrə yanaşma bu cür olmalıdır. Ünsiyyət vasitəsi kimi sosial şəbəkədən müxtəlif peşə sahibləri istifadə edir. Amma o, heç bir halda jurnalistika deyil. Ona görə ki, jurnalistika bir sistemdir, onun qaydaları var, qanunla tənzimlənir. Etik qaydalar toplusu, normaları var. Ancaq sosial şəbəkədə bunların heç biri yoxdur. Ona görə heç bir halda sosial şəbəkələri jurnalistika hesab etmək olmaz. Sosial şəbəkələr hər kəs üçün açıqdır və hamının çıxışı var. Masa arxasında psixi cəhətdən çatışmazlıqları olan insanlar da otura bilər. Əgər biz sosial şəbəkələri KİV kimi qəbul etsək, onda həmin anormal insanların paylaşımlarını da informasiya kimi təqdim etməliyik? Bu isə artıq qeyri-mümkündür”.

Söz Azadlığını Müdafiə Fondunun layihələr üzrə koordinatoru Nəzirməmməd Zöhrablı isə bir çox hallarda ənənəvi medianın sosial şəbəkələrə uduzduğunu deyib: "Sosial şəbəkələrdə paylaşılan statusların xəbərə çevrilməsini bəzi məqamlarda normal qarşılamaq olar. Çünki sosial şəbəkələrdə aktiv kəsim daha çox media mənsublarıdır. Ancaq bu kimi şəbəkələrdən başqa kəsimlər də istifadə edir və təbii ki, sosial şəbəkəyə nəzarət etmək mümkün deyil. Əslində, bu nəzarətin tətbiqi düzgün də deyil. Bu mənada sosial şəbəkələrdə xəbər "istehsal edib paylaşmalar”ı bir növ müharibə getdiyi məqamlarda hərbi və ya dövlət sirrinin yayılması halı ilə müqayisə etmək olar. Bu zaman xüsusilə demokratik cəmiyyətlərin mediasında problem onu yayanın daxili senzurasının ümidinə qalır. Daxili senzura isə bir az təfəkkürdəndir, bir az məfkurədəndir, bir az intellektual potensialdan, səviyyədəndir, bir az peşəkarlıqdandır, bir az vicdandandır və sairə. Bu amilləri nəzərə ala bilənlərin paylaşdığı sosial media xəbərlərindən, təbii ki, heç kim ziyan çəkməyəcək.

Məsələnin ikinci tərəfinə gəldikdə isə, hamılıqla boynumuza almalıyıq ki, klassik, ənənəvi, elektron media internet qanadlarında doğulmuş sosial mediaya uduzur. Bu, bir gerçəklikdir, ancaq acı gerçəklik deyil. Elə belə də olmalı idi. Biz bunu gözləmişik. Amma bir çoxları hələ də texniki yenilikləri qəbul etsə də, şüurda, idarəçilikdə, intibahları, yenilikləri həzm edə bilmir. Baxmayaraq ki, bizim üçrəngli bayrağımızın üzərindəki qırmızı rəng daim yeniləşməni nəzərdə tutur”.

"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə hesab edir ki, iki aspektdən sosial şəbəkələrdə yayılan informasiyanın etibarlılığı sual doğurur:

"Əvvəla, sosial şəbəkələrdəki paylaşımlarda şəxsi mövqe həddindən artıq çoxdur. Jurnalist faktında isə şəxsi mövqe yolverilməzdir. İkincisi isə söhbət faktlardan gedirsə, jurnalistikanın bir prinsipi var ki, informasiya ən azı 3 mənbədən dəqiqləşdirilməlidir. Sosial şəbəkələrdə isə bu imkanlar məhduddur”.

Ekspertin sözlərinə görə, mətbuatda sosial şəbəkələrdən əldə olunan məlumatların sayı artdığı yerdə əsl jurnalistika "ölür”: "Başa düşürəm ki, hazırkı situasiyada jurnalistlər sosial şəbəkələrsiz keçinə bilməz. Bir sıra hallarda rəylərin toplanması üçün çox ciddi mənbədir. Amma faktların toplanması üçün sosial şəbəkələrin ciddiliyinə ehtiyatla yanaşmağın tərəfdarıyam. Bunun üçün də başlıca şərt professional vicdan və professional qaydalardır. Bu elə bir problemdir ki, tənzimlənməsi üçün ayrıca qanun da qəbul oluna bilməz. Yeganə həll yolu professional prinsiplərdir”.

Şəymən